"Fransa Milli Assambleyasında təqdim olunan qətnamənin əsas məqsədi təkcə Ermənistanla ikitərəfli münasibətlərin inkişaf etdirilməsi deyil, eyni zamanda Cənubi Qafqazda Fransanın siyasi və strateji mövqeyinin möhkəmləndirilməsidir. Bu qətnamə Ermənistanla “strateji tərəfdaşlıq” qurulmasını təşviq edir, müxtəlif sahələrdə, xüsusilə də müdafiə, təhlükəsizlik və humanitar əməkdaşlıq sahələrində birgə fəaliyyətin gücləndirilməsini hədəfləyir. Fransa bu addımı ilə həm də regionda mövcud geosiyasi balanslara təsir göstərmək niyyətindədir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Elşad Həsənov deyib.Onun sözlərinə görə, bu qətnamə birtərəfli yanaşmanın bariz nümunəsidir. Fransa son illərdə Ermənistanla münasibətlərində açıq-aşkar tərəf saxlayan bir mövqe sərgiləyir və bu, onu Cənubi Qafqazda neytral vasitəçi statusundan uzaqlaşdırır. Azərbaycan-Ermənistan münasibətlərinin həssas bir mərhələdə olduğu bir vaxtda Fransa tərəfindən belə bir qətnamənin irəli sürülməsi, sülh prosesinə xələl gətirə, etimad mühitini zəiflədə və tərəflər arasında yaranmış müsbət dinamikanı ləngidə bilər: "Ermənistanı dəstəkləyən bu cür sənədlər və çağırışlar, Azərbaycanın maraqlarını nəzərə almadan hazırlandığı üçün balanssız yanaşma formalaşdırır.Rəsmi Bakının Fransa ilə münasibətlərdə son illər ehtiyatlı davranmasının səbəblərindən biri də məhz bu birtərəfli və qeyri-obyektiv yanaşmadır. Belə sənədlər təkcə siyasi deyil, eyni zamanda informasiya müstəvisində də Azərbaycana qarşı mənfi rəy formalaşdırmaq məqsədi güdür. Fransanın bu qətnamə ilə irəli sürdüyü çağırışlar, həmçinin regionda Rusiya, Türkiyə, İran və Avropa İttifaqı arasında mövcud olan geosiyasi balanslara da təsir göstərə bilər. Bu isə Cənubi Qafqazda yeni bir geosiyasi rəqabət dalğası yarada bilər. Əgər bu rəqabət diplomatik əməkdaşlıq və balans üzərində deyil, birtərəfli tərəf saxlama siyasəti üzərində qurularsa, o zaman bölgədə gərginliyin artması qaçılmaz olacaq. Fransa Milli Assambleyasında qəbul edilən və ya təqdim olunan bu qətnamə formal olaraq Ermənistan-Fransa münasibətlərini inkişaf etdirmək məqsədi daşısa da, əslində Azərbaycan-Ermənistan münasibətlərindəki həssas tarazlığı poza və regionda sülh prosesini çətinləşdirə bilər. Bu səbəbdən, beynəlxalq aktorların bu kimi sənədləri qəbul edərkən daha balanslı, obyektiv və ədalətli mövqe tutmaları vacibdir. Əks halda, bölgədə sülh və sabitlik deyil, daha da dərinləşən siyasi və diplomatik uçurum ortaya çıxacaq".
Müəllif: Ziya Hikmətoğlu