PDF Oxu

Siyasət

  • 736

Yasamal rayonunda “Dilimiz milli kimliyimizdir” adlı tədbir keçirilib

image

YAP Yasamal rayon təşkilatı və Yasamal Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə “Konstitusiya və Suverenlik İli” çərçivəsində 1 Avqust- Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ilə əlaqədar “Dilimiz milli kimliyimizdir” adlı tədbir keçirilib.

YAP Yasamal rayon təşkilatında baş tutuan tədbirdə YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev, Yasamal Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nazilə Rəhimova, “H.Cavid pr.31” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, AMEA Dilçilik İnstitutunun Terminalogiya şöbəsinin müdiri Sayalı Sadıqova, “H.Cavid pr.25” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Azərbaycan Texniki Universitetinin Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev, YAP Yasamal rayon təşkilatının əməkdaşları, ərazi partiya təşkilatlarının sədr, sədr müavinləri, partiya üzvləri iştirak edib.

Tədbirin rəsmi hissəsindən öncə YAP Yasamal rayon təşkilatının inzibati binasında yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri düzülüb, xatirəsi dərin ehtiramla yad edilib.

Tədbirdə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. Ulu Öndər Heydər Əliyevin və torpaqlarımızın azadlığı və suverenliyi uğrunda canlarını qurban vermiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edən YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev bildirib ki, Azərbaycan dili minilliklərə söykənən tarixi ilə türk dilləri ailəsinin ən qədim və zəngin qollarından biridir. Bu dil əsrlər boyu xalqımızın mədəniyyətini, düşüncə tərzini və milli kimliyini yaşadan güclü mənəvi daşıyıcı olmuşdur. 1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyəti elan olunduqdan sonra 27 iyun tarixində o zaman türk dili adlanan Azərbaycan dili rəsmi dövlət dili elan olunub. Bu, ana dilimizin hüquqi status alması baxımından tarixdə ilk və mühüm addım idi. Lakin 1920-ci ildə sovet hakimiyyəti qurulduqdan sonra Azərbaycan dili formal olaraq dövlət dili sayılsa da, ruslaşdırma siyasəti tədricən gücləndirildi. 1929-cu ildə ərəb qrafikasından latın əlifbasına keçid edildi, bu da müəyyən müasirləşmə niyyətləri daşıyırdı. 1940-cı ildə isə sovet imperiyasının qərarı ilə Azərbaycan dili üçün kiril qrafikası tətbiq olundu. Azərbaycan dilinin qorunması və inkişafında Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri danılmazdır. 1977-ci ildə Azərbaycan SSR Konstitusiyasına dövlət dili haqqında müddəanın salınmamasına qarşı çıxan Ulu Öndər, 1978-ci ilin aprelində Azərbaycan SSR Konstitusiyasına Azərbaycan dilinin dövlət dili kimi daxil edilməsinə nail oldu. Bu addım milli mənəvi kimliyimizin və dilimizin hüquqi təminatı baxımından dönüş nöqtəsi idi. Bildirilib ki, müstəqillik illərində də Ulu Öndərin dil siyasəti onun ümumi dövlət quruculuğu strategiyasının ayrılmaz hissəsi olub. O, 2001-ci ilin 18 iyun tarixində “Dövlət dilinin tətbiqi işinin təkmilləşdirilməsi haqqında” və həmin ilin avqustun 9-da imzaladığı “Azərbaycan Əlifbası və Azərbaycan Dili Gününün təsis edilməsi haqqında” fərmanlarla ana dilimizin qorunmasına mühüm töhfələr verib. Onun siyasi xətti bu gün Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Prezident İlham Əliyevin 2004-cü ildə latın qrafikalı kütləvi nəşrlərlə, Azərbaycan Milli Ensiklopediyasının nəşri ilə, eləcə də dünya ədəbiyyatı nümunələrinin Azərbaycan dilində çapı ilə bağlı sərəncamları, ana dilimizin geniş tətbiqini təmin edib. 2013-cü ildə qəbul edilən Dövlət Proqramı, Azərbaycan dilinin qloballaşma şəraitində qorunmasını və dilçilik sahəsində elmi tədqiqatların dəstəklənməsini hədəfləyib. 2018-ci ildə imzalanmış sərəncamlar isə dilimizin elektron məkanda istifadəsinin genişləndirilməsi və dil saflığının qorunması istiqamətində yeni mərhələ açıb. Bütün bu qərarlar və ardıcıl siyasət Azərbaycan dilinin yalnız ünsiyyət vasitəsi deyil, həm də milli-mənəvi dəyər kimi yaşadılmasına xidmət edir. Ana dilimizə dövlət səviyyəsində göstərilən bu diqqət və qayğı onun gələcək nəsillərə saf və zəngin şəkildə ötürülməsini təmin edir. Çıxışın sonunda Bəxtiyar Nəbiyev əlamətdar gün münasibəti ilə tədbir iştirakçılarını təbrik edib.

Çıxış edən Yasamal Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər şöbəsinin müdir müavini Nazilə Rəhimova vurğulayıb ki, 1 Avqust – Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü, milli varlığımızın qorunması və gələcəyə daşıması baxımından strateji əhəmiyyət daşıyan bir gündür. Bu tarix Azərbaycan xalqının ana dilinə verdiyi dəyərin, dil uğrunda göstərilən fədakarlığın rəmzidir. Ümummilli Lider Heydər Əliyevin 2001-ci ildə imzaladığı fərmanla 1 Avqust tarixi dövlət səviyyəsində rəsmiləşdirildi. Latın qrafikasına keçid sadəcə texniki dəyişiklik deyil, milli özümüzə dönüş idi. Azərbaycan dili əsrlər boyu xalqımızın milli şüurunun, mənəviyyatının daşıyıcısı olub. Ulu Öndər Heydər Əliyevin sovet dönəmində belə, dilimizin hüquqi müdafiəsini təmin etməsi əsl siyasi cəsarət nümunəsi idi. Onun təşəbbüsü ilə Konstitusiyada “Azərbaycan dili dövlət dilidir” müddəasının yer alması milli qürur mənbəyidir. Ana dilimiz bu gün də dövlət siyasətinin əsas istiqamətlərindən biri olaraq diqqət mərkəzindədir. Prezident İlham Əliyev dilin inkişafı, qorunması və müasir texnoloji platformalarda tətbiqi üçün ardıcıl qərarlar qəbul edib. 2013-cü və 2018-ci illərdə təsdiqlənmiş proqram və sərəncamlar Azərbaycan dilini həm məzmun, həm də funksiya baxımından gücləndirib. Ana dilində çap olunan kitablar, ensiklopediya nəşrləri və tərcümə proqramları milli-mədəni zənginliyimizin qorunmasına xidmət edir. Bu gün Azərbaycan dili həm elm, həm diplomatiya, həm də beynəlxalq platformalarda uğurla təmsil olunur. Dilimizə sahib çıxmaq keçmişə hörmət, gələcəyə vəfa deməkdir. 1 Avqust tarixi həm də, xalqımızın milli şüuruna işıq tutan, dilinə, kimliyinə sahib çıxma günüdür.

“H.Cavid pr.31” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, AMEA Dilçilik İnstitutunun Terminalogiya şöbəsinin müdiri Sayalı Sadıqova çıxış edərək bildirib ki, 1 Avqust Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü ölkəmizin milli mənəvi dəyərlərinin təntənəsi kimi qeyd olunur. Bu mühüm tarix Ümummilli Lider Heydər Əliyevin 2001-ci il 9 avqust tarixli Fərmanı ilə təsbit olunub. Latın qrafikalı əlifbaya keçid Azərbaycanın müstəqillik yolunda atdığı mühüm addımlardan biri oldu. Ulu Öndərin təşəbbüsü ilə milli dilimizin inkişafı, hüquqi müdafiəsi və ictimai həyatın bütün sahələrində tətbiqi təmin edildi. Hələ 1978-ci ildə Azərbaycan SSR Konstitusiyasına dövlət dili haqqında müddəanın daxil edilməsi Ulu Öndərin dilə və millətə sədaqətinin göstəricisi idi. O, dilin milli kimliyin daşıyıcısı olduğunu daim vurğulayırdı. Ümummilli Lider Heydər Əliyev üçün dil yalnız ünsiyyət vasitəsi deyil, xalqın varlığı və şərəf məsələsi idi. Məhz bu yanaşma nəticəsində Azərbaycan dili müstəqil dövlətin başlıca atributlarından birinə çevrildi. Onun müəyyənləşdirdiyi dil siyasəti bu gün də Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Ana dilimizin elektron məkanda, təhsil, mədəniyyət və informasiya mühitində geniş tətbiqi istiqamətində mühüm qərarlar verilib. Latın qrafikalı əlifbanın tətbiqi milli kimliyimizin qorunması və qloballaşma qarşısında dirəniş simvoludur. Bu gün Azərbaycan dili həm ölkə daxilində, həm də beynəlxalq səviyyədə yüksək nüfuza malikdir. Ana dilini sevən, ona sahib çıxan xalq heç vaxt məğlub olmaz. Bu gün hər bir vətəndaşın borcu Ulu Öndərin miras qoyduğu dəyərlərə sadiq qalmaq və ana dilini qoruyub gələcək nəsillərə ötürməkdir.

“H.Cavid pr.25” ünvanı üzrə ərazi partiya təşkilatının sədri, Azərbaycan Texniki Universitetinin Humanitar fənlər kafedrasının müdiri Həbib Mirzəyev çıxış edərək qeyd edib ki, Azərbaycan dilinin və əlifbasının müstəqil dövlət quruculuğundakı rolu danılmazdır. 1 Avqust tarixinin Azərbaycan Əlifbası və Azərbaycan Dili Günü kimi qeyd olunması xalqımızın milli kimliyinə, mənəvi dəyərlərinə dərin hörmətin nümunəsidir. Bu mühüm qərar Ümummilli Lider Heydər Əliyevin uzaqgörən siyasətinin nəticəsidir. Latın qrafikalı əlifbanın bərqərar olunması ilə Azərbaycan öz milli və müasir inkişaf yolunu müəyyənləşdirdi. Dilimizin dövlət dili kimi qorunması uğrunda Ulu Öndərin apardığı mübarizə milli iradənin təzahürü idi. Onun 1978-ci ildə Konstitusiyada Azərbaycan dilinin dövlət dili kimi qeyd olunmasına nail olması tarixi uğurdur. Bu, milli kimliyimizi, mənəvi varlığımızı qorumaq baxımından əvəzsiz addım idi. Ulu Öndər Heydər Əliyev dilə olan sevgi və ehtiramı xalqın gələcəyinə verilən dəyər kimi qiymətləndirirdi. Ana dilimiz müstəqillik rəmzidir, dövlət suverenliyinin simvoludur. Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə bu sahədə qəbul edilən proqram və sərəncamlar dilimizin inkişafına yeni mərhələ gətirib. Elektron məkanda, təhsildə, elmdə və mədəniyyətdə Azərbaycan dilinin mövqeyi günü-gündən möhkəmlənir. Hər il çap olunan latın qrafikalı nəşrlər, dilin saflığının qorunmasına yönəlmiş tədbirlər bu siyasətin davamlılığını göstərir. Azərbaycan dili bizim milli sərvətimizdir və onun qorunması dövlət siyasətinin prioritetidir. 1 Avqust bizə bu milli sərvətin dəyərini bir daha xatırladır.

Sonda Yeni Azərbaycan Partiyası Himni səsləndirilib və xatirə şəkli çəkdirilib.

Digər xəbərlər