Dövlət başçısı "Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasının təşkili ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb
Azərbaycan 44 günlük Vətən müharibəsində uğurlu döyüş əməliyyatı apardı və tarixi ədalət bərpa olundu. Təcavüzkar ermənilərin çirkin siyasətləri iflasa uğradı. Dünyanı təəccübləndirən, hərb tarixində yeni səhifə olan müharibədə Azərbaycan QALİB oldu. 30 illik bir həsrətə son qoyuldu və tarixi torpaqlarımız işğaldan azad olundu. 44 günlük müharibə dövründə erməni vandallığının, terrorunun acılarını da yaşadıq. Vətən müharibəsi dövründə dinc insanlara, mülki əhaliyə qarşı etdikləri əməllər, işğaldan azad olan torpaqlarımızı tərk edərkən törətdikləri yanğınlar erməninin faşist ideologiyasının təzahürüdür. Ermənistanın ötən əsrin 90-cı illərində olduğu kimi, Vətən müharibəsində də törətdikləri terrorçuluq dünyanın nüfuzlu nəşrlərində və sosial şəbəkələrdə yer aldı. Ermənistanın beynəlxalq konvensiyalara zidd topladığı silahlarla Gəncə, Tərtər, Mingəçevir kimi yerlərdə də mülki əhalinin kompakt yaşadığı ərazilərdə raket zərbələri endirməsi, Ermənistan hökumətinin təcavüzkar, terrorçu simasını bir daha ortaya qoymuş oldu. Döyüş meydanında sarsıdıcı məğlubiyyətə uğrayan Ermənistanın cəbhə xəttindən uzaqda yerləşən yaşayış məntəqələrini və mülki obyektləri hədəfə aldı.
Bu gün terrordan əziyyət çəkən Gəncə şəhərində Memorial Kompleks yaradılır. Azərbaycan Prezidenti İlham Əliyev "Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasının təşkili ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, 2020-ci ildə 44 günlük Vətən müharibəsi zamanı Gəncə şəhərində və digər yaşayış məntəqələrində həlak olan sakinlərin xatirəsinin əbədiləşdirilməsi və müharibə reallıqlarının əks etdirilməsi məqsədilə Gəncə şəhərində inşa olunan Gəncə Memorial Kompleksində tikinti-quraşdırma işlərinin tamamlanması və muzey ekspozisiyasının təşkilinə Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Azərbaycan Respublikasının Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə 10,5 milyon (on milyon beş yüz min) manat vəsait ayrılıb. Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
TÖRƏDİLMİŞ FACİƏNİ İŞIQLANDIRACAQ ABİDƏ
44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində həlak olan dinc sakinlərin xatirəsinə inşa edilən Gəncə Memorial Kompleksi Ermənistanın hərbi cinayətləri nəticəsində həyatını itirmiş Gəncə sakinlərinin xatirəsinin əbədiləşdirilməsi istiqamətində dövlət başçısı tərəfindən verilən tapşırıqlara əsasən, ərazidə ziyan çəkmiş binaların konservasiyası nəzərə alınmaqla layihələndirilib. Təməli 30 yanvar 2022-ci il tarixində Prezident İlham Əliyev tərəfindən qoyulan Gəncə Memorial Kompleksinin konsepsiyası Böyük Britaniyanın nüfuzlu "Chapman Taylor" şirkəti, tikinti layihəsi isə "Azərmemarlayihə" Dövlət Baş Layihə İnstitutu tərəfindən hazırlanıb.
Gəncə Memorial Kompleksi unikal memarlıq üslubunu özündə əks etdirən muzey binasından, estetik cəhətdən gözəl və funksional landşaft həllərindən ibarətdir. Memorial abidə 12 metr dərinliyə qədər enməsi nəzərdə tutulmuş spiralvari formada, hadisənin dəhşətlərini əks etdirən bədii obrazda və minimalizm üslubunda layihələndirilib. Muzey kompleksinin spiralvari formasının müşahidəsi üçün xüsusi sahələr planlaşdırılıb. Kompleks ərazisində yerləşən muzey binası gələn qonaqların ətraflı məlumatlandırılmasına xidmət göstərəcək, törədilmiş faciənin işıqlandırılmasında xüsusi rol oynayacaq.
Raket zərbələri nəticəsində dağıdılmış yaşayış binalarının qalıqlarının və izlərinin saxlanılacağı hissə isə açıq hava altında kompleksin davamı kimi nəzərdə tutulub. Burada şəhərin zərər dəymiş hissəsinin abadlaşdırılması və əhalinin istirahəti üçün geniş parkın yaradılması da planlaşdırılır.
Ərazidə həmçinin, 3 ədəd giriş tagları, 1 ədəd fəvvarə, mühəndis qurğuları olan 1 ədəd qazanxana, 1 ədəd transformator yarımstansiyası, 1 ədəd yeraltı nasosxana, 2 ədəd yeraltı içməli və yanğın əleyhinə su çənlərinin inşası nəzərdə tutulub.
Kompleksin ərazisində yeni layihələndirilən bina və qurğuların tikinti sahəsi 3 140.2 m², bütün yerüstü mərtəbələrinin sahəsi 3 542.2 m², konservasiya olunan binaların sahəsi isə 2 965.9 m² təşkil edir. Ərazidə yerləşən mövcud abidə 18.2 m² tikinti sahəsini əhatə edir.
Xatırladaq ki, 44 günlük Vətən müharibəsi zamanı Ermənistan silahlı qüvvələri tərəfindən Gəncə şəhərinə 5 dəfə ayrı-ayrı zamanlarda, daha dəqiq 4, 5, 8, 11 və 17 oktyabr tarixlərində raket zərbələri endirilib. Onlardan ən dəhşətliləri 11 və 17 oktyabr tarixlərində baş verib. Əhalinin sıx yaşadığı ərazilərə "Toçka-U", "Smerç", "Skad" və digər raketlərlə gecə saatlarında hücumun həyata keçirilməsi çoxlu sayda dinc insanın qətlə yetirilməsi məqsədi daşıyıb.
Gəncə şəhərinə atılmış raket zərbələri nəticəsində 6-sı uşaq və yeniyetmə olmaqla, ümumilikdə 26 nəfər həlak olub, 29-u uşaq olmaqla, ümumilikdə 142 insan isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
HUMANİTAR ATƏŞKƏSİN KOBUD ŞƏKİLDƏ POZULMASI
Yaşadığımız yüzillik bəşər sivilizasiyasının yüksək nöqtəsi olaraq qəbul edilir və ağılın, idrakın sivil nöqtəyə yüksəldiyi zamanda insana sui-qəsdin edilməsi, düşünülmüş terrorun törədilməsi əlbəttə ki, qəbuledilən deyil. Terrorizm siyasi, dini, ideoloji və iqtisadi məqsədlərə çatmaq üçün qeyri-qanuni əməllərin, zorakılığın, gücün, hədənin tətbiq olunmasıdır. Müasir dünyanın toqquşduğu əsas və təhlükəli problemlərdən olan terrorizm daha çox siyasi, etnik, dini və s. zəminində yaranır. Əlbəttə ki, bu siyasi, iqtisadi və mənəvi ziyanla nəticələnir və hər bir dövlət, hər bir insan bunun qurbanına çevrilə bilər.
Təbii ki, real həyatda terror aktlarından daha çox günahsız insanlar, dövlət adamları ziyan çəkir və siyasi, etnik, dini və s. zəmində yaranan terrorların şahidi oluruq. Azərbaycan xalqı ermənilər tərəfindən tarixi dövrlərdə soyqırıma, terrorlara məruz qalmışdır. Ermənilərin Azərbaycan torpaqlarında törətdiklər terrorçuluq, işğalçılıq, soyqırımı bunu təsdiqləyir. Tarixə diqqət etsək görərik ki, iki yüz ilə yaxın bir dövrdə təcavüzkar erməni millətçiləri tərəfindən xalqımıza qarşı yeridilən soyqırımı siyasətinin acı nəticələrini yaşamışıq.
Beynəlxalq hüququn norma və prinsipləri, o cümlədən beynəlxalq humanitar hüquq, eləcə də 2020-ci ilin oktyabrın 10-da Moskvada qəbul olunmuş humanitar atəşkəsi Ermənistan kobud şəkildə pozaraq mülki insanların məqsədli şəkildə öldürülməsi müharibə cinayəti və insanlıq əleyhinə cinayətdir. Rusiyanın vasitəçiliyi ilə oktyabrın 10-da humanitar atəşkəs razılaşmasını da kobudcasına pozan Ermənistan silahlı qüvvələri Azərbaycanın ikinci böyük şəhəri olan Gəncəni bir neçə dəfə "Elbrus" ballistik raketlərlə bombaladılar. Oktyabrın 17-də gecə saatlarında Gəncəyə edilən növbəti qəddar hücum nəticəsində 13 mülki şəxs, o cümlədən 2 uşaq həyatını itirdi, 45-dən çox insan ağır yaralandı. Dinc əhaliyə qarşı törədilən bu amansızlıqlar müharibə cinayətidir.
SARSILMAZ DÖZÜM, MƏRDLİK VƏ İGİDLİK RƏMZİ
"Bu gecə erməni təcavüzkarları Gəncəyə xaincəsinə hücum ediblər. Niyyət sadə və eyni zamanda, dəhşətlidir – mümkün qədər çoxsaylı dinc sakinləri məhv etmək, panika yaratmaq, Azərbaycan xalqını qorxutmaq. Lakin təcavüzkar heç vaxt öz çirkin məqsədlərinə nail olmayacaq. Bu şanlı şəhərin sakinləri ruhən çox güclüdürlər! Gəncə - Nizamidir, Məhsətidir, Vazehdir! Lakin Gəncə təkcə Azərbaycanın mədəni irsi deyil. Gəncə - qədim dövlətçiliyimizin beşiyidir. Bu, sarsılmaz dözüm, mərdlik və igidlik rəmzidir! Gəncə Cavadxanın yurdudur. Bu şəhər Şərqdə ilk demokratik cümhuriyyətin müstəqilliyi uğrunda sona qədər vuruşmuş şəhərdir. Gəncə Azərbaycanın döyünən ürəyidir və heç kəs heç vaxt onun sakinlərinin məğrur ruhunu sındıra bilməz!" Bu fikirlər 17 oktyabr 2020-ci ildə Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın Ermənistanın Gəncədə törətdiyi terror aktı ilə bağlı rəsmi "Instagram" səhifəsində yer almışdır.
Gecə radələrində düşmənin törətdiyi bu vandal aktının cavabı isə dərhal verildi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev oktyabrın 17-də səhər saatlarında xalqa müraciət etdi. Dövlətimizin başçısı müraciətində düşmənə döyüş meydanında layiqli cavab verdiyimizi vurğuladı və Füzuli şəhərinin, rayonun bir sıra kəndlərinin işğaldan azad olunduğunu elan etdi. Bu, Ermənistana, onun rəhbərliyinin törətdiyi cinayətlərə ən tutarlı cavab oldu. Ardınca isə Azərbaycan Respublikası Müdafiə Nazirliyi döyüş meydanında düşmənin çoxlu sayda canlı qüvvəsinin və hərbi texnikalarının məhv edilməsi anlarını əks etdirən videogörüntüləri yaydı. Bu görüntülər də Gəncə terroru qurbanlarının qanının yerdə qalmadığını bir daha əyani şəkildə göstərmiş oldu. Gəncədə törədilən terror günü Füzulinin işğaldan azad edilməsi xəbərini xalqımız aldı.
FAŞİST İDEOLOGİYASI VƏ TÖRƏDİLƏN CİNAYƏTLƏR
Ermənistan dövlətinin və erməni diasporasının maliyyə və təşkilatı yardımı ilə dünyanın müxtəlif ölkələrində fəaliyyət göstərən erməni terrorçu təşkilatlarının Azərbaycana qarşı apardıqları terrorçuluğun törətdiyi əməllərin qanlı izləri bizlərə yaxşı tanışdır. Ermənistanın insan tələfatına nail olmaq məqsədi həyata keçirdiyi terror aktları nəticəsində minlərlə günahsız insan həlak olmuşdur. Tarix boyu özgə torpaqlarına göz dikən və terrorçu əməlləri ilə qınağa çevrilən ermənilər günahsız insanların ölümünə səbəb olublar. Mülki əhalinin, xüsusilə qadınların və uşaqların, ahılların Ermənistan hərbi qüvvələrinin hədəfinə çevrilməsi onların faşist simasının təzahürüdür, Ermənistanın Azərbaycana hərbi təcavüzü nəticəsində, insan hüquqları kobudcasına pozulub, etnik təmizləmə siyasəti və terror aktları günahsız azərbaycanlının həyatına son qoyulub.
Terrorları törədən Ermənistanın son illərdə və 44 günlük Vətən müharibəsi dövründə törətdikləri vəhşi əməlləri faşist ideologiyasının sahibi olmalarının təsdiqidir. İnsan hüquqları sahəsində mövcud beynəlxalq sənədlərə məhəl qoymayan Ermənistan müharibə zamanı mülki əhalinin qorunması haqqında 1949-cu il 12 avqust tarixli Cenevrə Konvensiyasının, BMT-nin Uşaq Hüquqları haqqında Konvensiyasının və digər sənədlərin müddəalarını kobud şəkildə pozmaqda davam edib.
Ermənilərin azərbaycanlılara qarşı törətdikləri soyqırımı nəticəsində xalqımız misli görünməmiş faciələlər yaşamışdır. 1918-ci ildə Bakıda və Azərbaycanın digər bölgələrində ermənilərin törətdikləri qırğın Ermənistanın işğalçılıq siyasəti nəticəsində Azərbaycan xalqının dinc həyatına ağır zərbələr vurmuşdur. Belə ki, ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri aramsız soyqırım və deportasiya siyasəti Azərbaycan xalqının yer üzündən tam silmək kimi iyrənc niyyətlərini gösətərmiş olur. Mart hadisələri - Şamaxıda, Qubada, Muğanda, Zəngəzur qəzasında, Qarabağda, İrəvan quberniyasında və ölkənin digər ərazilərində azərbaycanlıların amansızlıqla qətlə yetirildiyini, şəhər və kəndlərı talan edilərək dağıdıldığını sübut edir. 1992-ci ilin Xocalı soyqırımı ilə ermənilər Xocalının yer üzündən silinməsini və məhv olmasını reallaşdırdılar. Erməni terrorçularından yayınıb meşələrə və dağlara qaçan insanların çoxu soyuqdan və şaxtadan məhv oldular. Xocalı şəhəri isə yer üzündən silindi. 1992-ci ilin aprel ayının 8-də baş verən Ağdaban soyqırımı tarixdə bəşəriyyətə qarşı törədilmiş ən böyük cinayətlərdən biri kimi yazıldı. Tariximizdə belə hadisələr kifayət qədərdir.
Ermənistanın 30 ilə yaxın Azərbaycana qarşı işğalçılıq siyasətini davam etdirməsinə baxmayaraq, Ali Baş Komandanın siyasi iradəsi, dövlətimizin gücü, rəşadətli ordumuzun dönməzliyi həsrətlə yolumuzu gözləyən tarixi torpaqlarımıza yol açdı.
Nəzakət ƏLƏDDİNQIZI