PDF Oxu

Siyasət

  • 922

Diaspora gəncləri Xankəndidə

image

Bu gün ölkəmizdə keçirilən istənilən tədbir hər bir azərbaycanlını qürurlandırır. Zəfər qazanmış Azərbaycanda keçirilən tədbirlərdə dünyanın müxtəlif ölkələrindən gələn dini və irqi fərqli insanlar nailiyyətlərimizin, Qələbəmizin şahidinə çevrilirlər. 44 günlük Vətən müharibəsində milli birliyimiz, xalq-iqtidar birliyi bizi qələbəyə apardığı kimi, yaxın gələcəkdə Azərbaycanın daha da gücünü artıracaqdır.

Müharibədən sonra yaranmış yeni reallıqların, tarixi Zəfərin reallıqlarının, həqiqətlərin dünya ictimaiyyətinə çatdırılmasında xaricdə yaşayan azərbaycanlıların, diaspor təşkilatlarının da üzərinə böyük məsuliyyət düşür. Əlbəttə ki, Azərbaycan mədəniyyətinin incisi olan Şuşada keçirilmiş Zəfər Qurultayı soydaşlarımızın yaşadıqları ölkələrdə fəaliyyətlərini daha əzmlə davam etdirmələrinə təkandır. Prezident İlham Əliyevin təşəbbüsü ilə Dünya Azərbaycanlılarının V Qurultayının məhz Şuşa şəhərində təşkil olunması Azərbaycan diaspor tarixində əlamətdar hadisələrindən birinə çevrildi.

Qurultay iştirakçıları qısa müddət ərzində Zəfər yolunun çəkildiyini, Füzuli Beynəlxalq Hava Limanının inşasını, energetika sisteminin qurulduğunu, yeni evlərin tikildiyini, qədim tarixi mədəni-dini abidələrimizin bərpa olunduğunu gözləri ilə gördülər. Əlbəttə ki, bu Zəfər bütün dünya ölkələrində yaşayan azərbaycanlıların Zəfəridir.

AZƏBAYCANLI GƏNCLƏR VAHİD PLATFORMADA

Bildiyimiz kimi, Azərbaycanın mədəniyyət paytaxtı Şuşaya diasporumuzun gəncləri toplaşmışdı. Diaspor Gənclərinin III Yay Düşərgəsi keçirildi. Qarabağın incisi olan bu torpaqda bir-birinin ardınca əlamətdar hadisələrin təşkili Şuşanın tarixi yaddaşına həkk edilir. Dünyanın əlli ölkəsindən 115 gəncin qatıldığı Diaspor Gənclərinin III Yay Düşərgəsi dünyanın müxtəlif qitələrinə səpələnmiş gənclərin qədim torpağımızda bir araya gələrək Şuşa ilə tanışlığında böyük əhəmiyyət kəsb etmiş oldu. Qeyd edək ki, Diaspor Gənclərinin III Yay Düşərgəsi Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı, Gənclər və İdman Nazirliyi, Gənclər Fondu, Dövlət Turizm Agentliyi və Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin tərəfdaşlığı ilə keçirildi. Prezident İlham Əliyevin "Azərbaycan Respublikasında 2022-ci ilin "Şuşa İli" elan edilməsi haqqında" 2022-ci il 5 yanvar tarixli Sərəncamı çərçivəsində həyata keçirilən layihə dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlı gəncləri vahid platforma ətrafında bir araya gətirmək və Azərbaycanla daha yaxından tanış etmək məqsədinə xidmət edirdi.

Burada iştirakçı olan gənclər qayıtdıqdan sonra yaşadıqları ölkələrin parlamentlərinə, hökumətlərinə, eləcə də beynəlxalq təşkilatlara Tarixi Şuşa haqqında mövqelərini ifadə etmiş oldular. Xatırladaq ki, Diaspor Gənclərinin Yay düşərgələrinin artıq ənənə halı almasının və diaspor hərəkatı tarixində ilk dəfə olaraq Qarabağ torpağında keçirilməsi böyük əhəmiyyətə daşıyır. Xatırladaq ki, Diaspor Gənclərinin I Yay Düşərgəsi "Cümhuriyyətin 100 illiyi" şüarı altında Şəkidə, "Nəsimi-650" II Yay Düşərgəsi isə 2019-cu ildə Şamaxıda keçirilib.

GÖZ YADDAŞINDA MÜQƏDDƏS MƏKANLAR

Xaricdə yaşayan gənclərimizin və Azərbaycana dost ölkələrin nümayəndələrinin "Şuşa İli"ndə qədim şəhərdə bir araya gəlməsi müsbət hadisədir. Şuşaya toplaşan soydaşlarımız Azərbaycanımızın tarixi barədə hər şeyi ətraflı öyrənmiş oldular. Bu gün xalqımızın bir qism nümayəndələri – azərbaycanlılar dünyanın müxtəlif nöqtələrində yaşayır və öz fəaliyyətlərini məhz yaşadıqları ölkələrdə davam etdirirlər. Planetimizin qitələrinə səpələnmiş azərbaycanlılar digər xalqların nümayəndələrinin öz vətəninin inkişafı yolunda həyata keçirdikləri genişmiqyaslı layihələrin, tədbirlərin icrasında yaxından iştirak etməklə yanaşı, vətənimizin inkişafı, taleyüklü məsələlərdə yaxından iştirak edərək öz töhfələrini verirlər. Gənclər tarixi Zəfərimizin Şuşa təntənəsinin şahidi olmaqla yanaşı, Azərbaycanla bağlarını daha da möhkəmləndirmək, ölkəmizi uğurla təmsil etmək, şəbəkələşmək, yeni dostlar qazanmaq imkanı əldə edirlər. Diaspor gəncləri Şuşanın işğal dövründə dağıdılmış abidələri ilə tanış olaraq, müqəddəs məkanları ziyarət etmələri göz yaddaşına əbədi çökdü.

Əlbəttə ki, bu gün dünyada yaşayan azərbaycanlıların bir araya gəlməsində Ulu Öndər Heydər Əliyev rolu müstəsnadır. "Bütün dünyaya səpələnmiş azərbaycanlıların birliyi, həmrəyliyi indi həm bizim üçün, müstəqil Azərbaycan dövləti üçün, həm də dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlılar üçün xüsusi əhəmiyyət kəsb edir", - deyə, Ulu Öndər Heydər Əliyev bildirirdi.

BÖYÜK PROSESİN BAŞLANĞICI

Əlbəttə ki, Azərbaycan müstəqillik əldə etdikdən sonra dövlətin qarşısında duran əsas vəzifələrdən biri olan xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, onların ölkəmizin ümumi maraqlarının müdafiəsi işinə cəlb edilməsi işi sürətləndi. 1993-cü ildə Ümummilli Lider Heydər Əliyevin hakimiyyətə qayıdışı digər sahələrdə olduğu kimi, diaspor quruculuğu işində də əsaslı dönüş yaratdı. Hələ XX əsrin 70-ci illərinin əvvəllərindən başlayan milli dirçəliş, iqtisadiyyat, mədəniyyət, elm, təhsilin inkişafı, mənəvi mühitin sağlamlaşdırılması bütövlükdə milli özünüdərkə təkan verdi. Ötən əsrin 70-80-ci illərdə Ulu Öndər Heydər Əliyev böyük qətiyyət, əzm və cəsarətlə xalqın tarixi yaddaşının qorunmasına, mədəniyyətimizin tərəqqisinə, Azərbaycanın bütün dünyada tanınmasına çalışırdı. Həmin dövrün mövcud siyasi reallıqları diaspor problemi ilə milli ideoloji zəmində açıq və sistemli şəkildə məşğul olmağa imkan verməsə də, mədəniyyət, incəsənət, elm sahəsində ciddi iş aparılır, respublikamızın nailiyyətləri təbliğ edilir, dünya azərbaycanlılarının Vətənlə əlaqəsinə xidmət edəcək hər bir imkandan istifadə edilirdi.

Müstəqillik qazanmış dövlətdə dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın və həmvətənlərimizin müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, onlar arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələlərin birgə müzakirəsi zərurətini nəzərə alaraq Dünya Azərbaycanlılarının I Qurultayının keçirilməsi haqqında Ümummilli Lider Heydər Əliyevin məlum Sərəncamı bu möhtəşəm ideologiyanın gerçəkləşməsinə istiqamətləndi. Həmin ilin noyabr ayının 9-u və 10-da Bakıda keçirilən Dünya Azərbaycanlılarının I Qurultayı Azərbaycan tarixinə böyük bir prosesin başlanğıcı kimi daxil oldu.

XARİCDƏKİ AZƏRBAYCANLILARIN YOL XƏRİTƏSİ

Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində keçirilən Dünya Azərbaycanlılarının V Qurultayı ölkəmizin ictimai-siyasi həyatında mühüm hadisə olmaqla yanaşı, dünya azərbaycanlılarının fəaliyyət dövründə yeni mərhələnin başlanğıcı kimi tarixiləşdi. Zəfər Qurultayı kimi tarixə düşən bu tədbir xaricdəki azərbaycanlıların növbəti beş ildə fəaliyyəti üçün yol xəritəsini müəyyənləşdirdi. Azərbaycan diasporu qarşısında yeni vəzifələr də qoymuş oldu. Qələbə qazanmış Azərbaycan xalqının Zəfər Qurultayı 2020-ci il Vətən müharibəsində Azərbaycan xalqının böyük Qələbəsindən sonra keçirilən ilk qurultay idi. Azərbaycanın diaspor fəaliyyəti qısa müddətdə uzun və əlamətdar yol keçərək müasir dövrümüzdə mütəşəkkil şəkildə formalaşıb.

Zəfər Qurultayının Şuşa şəhərində keçirilməsi, heç şübhəsiz ki, dünya ölkələrində yaşayan azərbaycanlıların, diasporumuzun fəaliyyət dövrünün yeni mərhələsidir. Ölkəmizdə həyata keçirilən kompleks islahatlar, geniş quruculuq işləri və yaradılan güclü iqtisadiyyat dövlətimizin əsas inkişaf göstəriciləridir. Prezident İlham Əliyevin rəhbərlik dövrü müasir-müstəqil Azərbaycanın tarixində sürətli iqtisadi inkişaf, dövlətin təşəkkül tapması, qüdrətinin artması, beynəlxalq nüfuzunun yüksəlməsi uğurlar və böyük qələbələr dövrü kimi xarakterizə olunur. Dünya ölkələrində yaşayan gənclərin tarixi torpağımızda bir araya gəlməsi Azərbaycan həqiətəqlərini dünyanın müxtəlif olkələrində təbliği baxımından əhəmiyyətlidir. Bu onu bir daha təsdiqləyir ki, xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması istiqamətində görülən işlər öz nəticəsini verib. Birlik və həmrəylik bir ideya ətrafında sıx birləşməyə söykənir. Demək, dünyada yaşayan soydaşlarımız məqam yetişəndə tarixi torpağımızda birləşə, bir hədəfə vurmağı bacarırlar.

"KONSTİTUSİYA VƏ SUVERENLİK İLİ"NDƏ DİASPOR GƏNCLƏRİ BİR ARADA

Bu gün diaspor gəncləri yenidən bir araya gəli. Bu dəfə Şuşaya yox, Xankəndi şəhərinə. "Konstitusiya və Suverenlik İli"nə həsr olunan Diaspor Gənclərinin VI Yay Düşərgəsi təşkil olunub. budəfəki, yay düşərgəsinin Xankəndidə keçirilməsinin xüsusi əhəmiyyəti var. Xankəndi sülh, əməkdaşlıq və inkişaf simvoluna çevrilib. Avqustun 9-dək davam edəcək Diaspor Gənclərinin VI Yay Düşərgəsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə gerçəkləşdirilib. Diaspor Gənclərinin VI Yay Düşərgəsində dünyanın 61 ölkəsindən 128 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan və Laçın şəhərlərində baş tutub, düşərgələrə hər il 60-dan çox ölkədən ümumilikdə 700-dən artıq gənc qatılıb.

Müasir dövrümüzdə dünyanın bir çox ölkələrində - Avropada, Şimali Amerikada artıq böyük Azərbaycan icmaları yaranıb. Son illər bu icmalar daha da möhkəm təşkilatlanır, genişlənir və azərbaycanlıların yaşadıqları ölkələrdə onların birliyini, həmrəyliyini təmin edir. Ulu Öndər Heydər Əliyevin dünya azərbaycanlılarını vahid məqsəd ətrafında birləşdirmək siyasəti bu gün Prezident İlham Əliyevin fəaliyyətində davam etdirilir. Bu isə həmvətənlərimizin təşkilatlanması, onlar arasında ideya-mənəvi birliyin daha da möhkəmləndirilməsi,diaspor quruculuğu işinin müvəffəqiyyətlə həyata keçirilməsi baxımından çox böyük əhəmiyyətə malikdir. Xarici ölkələrdə yaşayan azərbaycanlıların təşkilatlanması, cəmiyyətə inteqrasiyası, soydaşlarımızın ictimai-siyasi həyatda iştirak səviyyəsinin artırılması, habelə diaspor təşkilatları arasında səmimi əməkdaşlıq münasibətlərinin yaradılması istiqamətində bir sıra tədbirlər həyata keçirilib. Azərbaycan dövlətinin davamlı dəstəyi sayəsində diasporumuz yeni inkişaf mərhələsinə qədəm qoyub. Son dövrlər xaricdə yaşayan azərbaycanlıların ictimai-siyasi fəallıq səviyyəsi də xeyli yüksəlib. Bu gün azərbaycanlı icmaları yaşadıqları ölkələrdə baş verən mühüm hadisələrə dair öz mövqeyini bildirir, seçkilərdə fəal iştirak edir, siyasi partiyalarda və qeyri-hökumət təşkilatlarında təmsil olunur, bir sıra ölkələrdə isə parlament üzvlüyünə seçilirlər. Bütün bu uğurların əsasında doğma Vətənə sevgi, Azərbaycana layiqincə xidmət arzusu dayanır.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər