Ulu Öndər Heydər Əliyev tərəfindən müəyyənləşdirilmiş inkişaf konsepsiyasının ardıcıl şəkildə həyata keçirilməsi ölkəmizin hər yerində olduğu kimi, Naxçıvan Muxtar Respublikasında da davamlı olaraq reallaşıb. Naxçıvan Muxtar Respublikasının inkişafı, əhalinin sosial-iqtisadi vəziyyətinin yaxşılaşdırılması, infrastrukturun qurulması məsələləri Ulu Öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyevin diqqət mərkəzində olub və bu gün də belədir. Azərbaycan Prezidenti İlham Əliyevin dövlət başçısı olduğu dövrdə muxtar respublikaya dəfələrlə səfəri Naxçıvanın inkişafına böyük təkan olub. Dövlətimizin başçısı bu səfərlər çərçivəsində 100-ə yaxın təhsil, səhiyyə, idman və mədəniyyət müəssisəsinin, istehsal sahəsinin və hərbi təyinatlı obyektin açılışlarında iştirak edib. Naxçıvanda aparılan abadlıq-quruculuq işləri, müasir infrastrukturun yaradılması, nəqliyyat-kommunikasiya xətlərinin çəkilişi işləri bilavasitə Prezident İlham Əliyevin diqqət və qayğısı ilə həyata keçirilib. Bununla əlaqədar olaraq Azərbaycan Prezidenti tərəfindən Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının sürətləndirilməsi məqsədilə müxtəlif illərdə sərəncamlar imzalanıb. Azərbaycan Prezidentinin "Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulması və bərpası ilə bağlı əlavə tədbirlər haqqında" Sərəncamı
Naxçıvan Muxtar Respublikasında paylayıcı elektrik şəbəkəsinin dayanıqlılığının təmin edilməsi, bu sahədə infrastrukturun daha da yaxşılaşdırılması, istehlakçıların enerji təchizatının səmərəliliyinin və keyfiyyətinin artırılması məqsədi daşıyır. Sərəncama əsasən, "Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulmasına və bərpasına dair 2026–2030-cu illər üçün Tədbirlər Planı" təsdiq edilib. Elektrik enerjisi sisteminin, o cümlədən paylayıcı elektrik şəbəkəsinin müasirləşdirilməsi və innovativ texnologiyaların tətbiqi əsasında təkmilləşdirilməsi ölkəmizin dayanıqlı sosial-iqtisadi inkişafı üçün xüsusi əhəmiyyət kəsb edir.
ƏHALİNİN FASİLƏSİZ VƏ TƏHLÜKƏSİZ ENERJİYƏ ÇIXIŞI
Naxçıvan Muxtar Respublikasının paylayıcı elektrik şəbəkəsinin yenidən qurulmasına və bərpasına dair 2026–2030-cu illər üçün Tədbirlər Planına əsasən 110 və 35 kV-luq yarımstansiyaların yenidən qurulması və elektrik verilişi xətlərinin çəkilməsi nəzərdə tutulur. Belə ki, 110/35/10 kV-luq "Koroğlu" yarımstansiyasının yenidən qurulması, “Azərişıq” ASC-nin yeni inzibati binasının və idarəetmə mərkəzinin tikintisi, 35/10 kV-luq "Nəzərabad" yarımstansiyasının yerinin dəyişdirilərək yenidən qurulması, 110/35/10 kV-luq "Sədərək" yarımstansiyasının yenidən qurulması, 35/10 kV-luq "Sədərək" yarımstansiyasının yenidən qurulması, 35/10 kV-luq "Əbrəqunus" yarımstansiyasının yenidən qurulması, 35/10 kV-luq "Qarabağlar" yarımstansiyasının yenidən qurulması, 35/10 kV-luq "Qışlaq" yarımstansiyasının yenidən qurulması və s. Tədbirlər Planında yer alıb.
Elektrik şəbəkələrində qəza hallarının aradan qaldırılması, SCADA (şəbəkələrin real vaxt rejimində avtomatik idarə olunması) sisteminin qurulması və elektrik sayğaclarının dəyişdirilməsi nəzərdə tutulub. Bütün bunlar və digər amillər bu sahədə infrastrukturun daha da yaxşılaşdırılmasına töhfə verəcəkdir.
Son illərdə ölkəmizdə bu sahədə həyata keçirilən ardıcıl islahatlar enerji sisteminin idarə edilməsi və inkişafı fəlsəfəsində keyfiyyət dəyişikliyinə zəmin yaratmış, elektrik enerjisi ilə istehlakçıların daha etibarlı, davamlı, təhlükəsiz və səmərəli təchizatına xidmət etmişdir. Azərbaycan Respublikasının ayrılmaz tərkib hissəsi olan Naxçıvan Muxtar Respublikasında da iqtisadi inkişafın davamlılığının təmin edilməsi ilə bağlı görülən işlər, öz növbəsində, kommunal infrastrukturun, o cümlədən paylayıcı elektrik şəbəkəsinin keyfiyyətinin yüksəldilməsini, əhalinin fasiləsiz və təhlükəsiz enerjiyə çıxışını əsas prioritetlərdən birinə çevirir.
DAYANIQLI İNKİŞAF TƏMİN OLUNUR
Məlumdur ki, "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidenti Sərəncam imzalamışdır. Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı" hazırlanmışdır. Dövlət Proqramı Naxçıvan iqtisadi rayonuna daxil olan Naxçıvan şəhəri, Babək, Culfa, Kəngərli, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarını əhatə edir. Dövlət Proqramında Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafının daha da sürətləndirilməsinə nail olunması üçün məqsədlər və prioritet istiqamətlər müəyyən edilmişdir. Dövlət Proqramı prioritet istiqamətlər üzrə tədbirlərin maliyyələşmə mənbələrini, regionun sosial-iqtisadi inkişafı sahəsində əldə olunacaq hədəf göstəricilərini özündə ehtiva edir. Dövlət Proqramının əsas hədəf göstəricilərinə əsasən, dayanıqlı inkişaf təmin olunur, məşğulluq imkanları artırılır, əhalinin həyat səviyyəsinin yüksəldilir. Prezident İlham Əliyevin 5 iyun 2023-cü il tarixli Sərəncamı ilə təsdiq edilmiş "Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət proqramı"nda dəyişiklik edib. Sərəncama əsasən, Naxçıvanda gömrük sərhəd buraxılış məntəqələrində keçidin sürətləndirilməsi və yükötürmə qabiliyyətinin artırılması istiqamətində iş aparılması üzrə əsas icraçıların siyahısına Dövlət Gömrük Komitəsi ilə yanaşı, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyin, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) və "Azərbaycan Dəmir Yolları" QSC, müxtəlif turizm növlərinin (qış, kənd, eko və s.) inkişaf etdirilməsi və turizm atlasının hazırlanması üzrə digər icraçıların siyahısına Dövlət Turizm Agentliyi ilə yanaşı, Elm və Təhsil Nazirliyi, nəqliyyat infrastrukturunun inkişaf etdirilməsi üzrə əsas icraçıların siyahısına muxtar respublikanın Nazirlər Kabineti ilə yanaşı AAYDA daxil edilib.
YENİ İNKİŞAF MƏRHƏLƏSİ
Azərbaycan Prezidenti İlham Əliyevin həyata keçirdiyi siyasət nəticəsində, ölkəmiz getdikcə daha da yeniləşir, iqtisadi islahatları reallaşdıran və innovativ inkişafa yol açan dövlətə çevrilir. Ümummilli Lider Heydər Əliyevin müəyyənləşdirdiyi sosial-iqtisadi inkişaf strategiyası Azərbaycan Prezidenti Cənab İlham Əliyev tərəfindən uğurla həyata keçirilməsinin nəticəsində ölkəmizin qeyri-neft sənayesi də dinamik inkişaf edir, qabaqcıl texnologiyalara əsaslanan yeni istehsal və emal müəssisələri yaradılır. Hazırda bu istiqamətdə aparılan işlər ölkənin bütün regionlarında uğurla davam etdirilir. Ölkənin iqtisadi inkişafının baza sütunlarından biri olan regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının icrası bütün mövcud problemləri, insanları narahat edən sosial məsələləri əhatə edərək ölkəmizin dinamik inkişafını təmin etməklə yanaşı, bölgələrin potensialının artmasına və əhalinin rifahının yüksəlməsinə geniş şərait yaradıb. Dövlət proqramlarının icrası istiqamətində görülən işlər nəticəsində ölkənin hər yerində genişmiqyaslı abadlıq-quruculuq işləri həyata keçirilib. Cənab İlham Əliyevin vurğuladığı kimi əsas məqsədimiz Azərbaycanın inkişafını daha da sürətləndirməkdir, dayanıqlı, uzunmüddətli inkişafa nail olmaqdır və biz buna nail ola bilmişik.
Ölkədə regionların hərtərəfli inkişafı sahəsində 2004-cü ildən başlanılmış məqsədyönlü tədbirlər nəticəsində Naxçıvan Muxtar Respublikasında görülmüş işlər infrastruktur layihələrinin həyata keçirilməsinə, Naxçıvan Muxtar Respublikasında qazlaşdırmanın tam təmin edilməsinə, enerji təchizatının yaxşılaşdırılmasına, müasir yolların inşasına, sosial infrastruktur obyektlərinin tikintisinə, yeni müəssisələrin yaradılmasına və iş yerlərinin açılmasına səbəb olub. Naxçıvan Muxtar Respublikasında sənaye sahəsində fəaliyyət göstərən mikro, kiçik və orta sahibkarların fəaliyyətinin dəstəklənməsi, sənayenin davamlı inkişafının təmin edilməsi və əhalinin istehsal sahəsində məşğulluğunun artırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 13 sentyabr tarixli 831 nömrəli Fərmanı ilə Şərur Sənaye Məhəlləsi yaradılıb, investisiya fəaliyyətinin genişləndirilməsi və təşviqi, iqtisadiyyata sərmayə qoyuluşunun stimullaşdırılması üçün son 5 il ərzində 18 sahibkarlıq subyektinə 24 investisiya təşviqi sənədi təqdim edilib. İnvestisiya təşviqi sənədi çərçivəsində idxal olunan 77,9 milyon manat dəyərində avadanlığa gömrük və vergi güzəştləri tətbiq edilib. İxracın stimullaşdırılması məqsədilə müxtəlif ölkələrdə keçirilmiş tədbirlərdə yerli sahibkarlıq subyektinin dövlət dəstəyi ilə iştirakı təmin edilib və istehsal olunan məhsullar nümayiş etdirilib. Ötən dövrdə torpaqların suvarma və meliorasiya təminatının yaxşılaşdırılması, torpaq və su ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətində tutumu 100 milyon kubmetr olan Heydər Əliyev su anbarı istifadəyə verilib. Elektrik enerjisi təchizatının yaxşılaşdırılması istiqamətində 169,8 meqavat gücündə 10 elektrik stansiyası, o cümlədən 87 meqavat gücündə Naxçıvan Modul Elektrik Stansiyası, 4,5 meqavat gücündə Heydər Əliyev su anbarı üzərində su elektrik stansiyası, Ordubad rayonunda Gilançay üzərində 20 meqavat gücündə "Biləv" su elektrik stansiyası, Şərur rayonu ərazisində 20,5 meqavat gücündə "Arpaçay-1" və 1,4 meqavat gücündə "Arpaçay-2" su elektrik stansiyaları, Babək rayonunun Xalxal kəndi ərazisində 22 meqavat gücündə Naxçıvan günəş elektrik stansiyası, Kəngərli rayonunda 5 meqavat gücündə, Şərur rayonunda 8 meqavat gücündə günəş elektrik stansiyaları, Culfa rayonunda 1,1 meqavat gücündə Külək-Günəş Hibrid Elektrik Stansiyası və 0,3 meqavat gücündə Culfa külək elektrik stansiyası istifadəyə verilib. Təbii qazla təchizat tam olaraq başa çatdırılıb, 27 kilometr uzunluğunda Naxçıvan–Şahbuz ortatəzyiqli və 82,2 kilometr uzunluğunda Naxçıvan–Sədərək yüksəktəzyiqli magistral qaz kəmərləri tikilib istifadəyə verilib.
Həyata keçirilən bu və digər tədbirlər Naxçıvan Muxtar Respublikasının çoxşaxəli iqtisadiyyatının formalaşdırılması və sosial sahənin inkişafında mühüm rol oynayır. Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı sahəsində 2004-cü ildən etibarən qəbul edilmiş dövlət proqramlarında nəzərdə tutulan tədbirlərin icrası Naxçıvan Muxtar Respublikasında iqtisadiyyatın inkişafı, yeni iş yerlərinin və müəssisələrin yaradılması, kommunal və sosial infrastruktur təminatı səviyyəsinin yüksəlməsi ilə nəticələnib. Hazırda bu imkanlardan istifadə edilməklə Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi həyatında, o cümlədən kənd yerlərində iqtisadi fəaliyyətin sürətləndirilməsi, əlverişli biznes mühitinin formalaşdırılması, investisiyaların cəlb edilməsi nəticəsində ixracyönlü dəyər zəncirinin qurulması və dayanıqlı iş yerlərinin yaradılması istiqamətlərində işlərin yeni keyfiyyət mərhələsinə keçməsi əsas prioritetlərdən birinə çevrilib.
Muxtar respublika bütün sahələrdə yüksək inkişafa nail olub, burada ərzaq və enerji, eləcə də müdafiə təhlükəsizliyi təmin olunub. Azərbaycan xalqının çoxəsrlik nailiyyətlərini, mədəni irsini özündə yaşadan Naxçıvanda milli və dini dəyərlərə hörmətlə yanaşılır, elm və təhsil inkişaf etdirilir, adət-ənənələr qorunub saxlanılır, qədim yaşayış yerləri, tarixi memarlıq nümunələri bərpa olunur. Göründüyü kimi, Naxçıvan Muxtar Respublikası yeni dövrünü yaşayır. Həyata keçirilən tədbirlər onu deməyə əsas verir ki, Muxtar Respublikada Ulu Öndər Heydər Əliyevin siyasi xətti uğurla davam etdirilir. "İstəyirəm ki, mənim arzum, istəklərim, Azərbaycan dövləti haqqında, müstəqil Azərbaycanın gələcəyi haqqında və Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvan haqqında planlarım, arzularım yerinə yetirilsin", - deyə Ulu Öndər bildirmişdir. Artıq Onun arzuları həqiqətə çevrilib. Bütöv və suveren Azərbaycan, eləcə də Naxçıvan yeni bir dövrünə qədəm qoyub.
Nəzakət ƏLƏDDİNQIZI