Prezident İlham Əliyev: "Yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq"
Bu gün Azərbaycanın çoxtərəfli və balanslaşdırılmış xarici siyasət kursunda dünyanın ən qüdrətli ölkələrindən olan ABŞ münasibətlərinin möhkəmləndirilməsi xüsusi prioritet təşkil edir. Rəsmi Bakı ABŞ-la əməkdaşlığın inkişafına hər zaman xüsusi yer verir. Əlbəttə ki, beynəlxalq birliyin ən fəal üzvlərindən olan Azərbaycan regionda və dünyada mehriban qonşuluq siyasəti yürüdərək, böyük dövlətlərlə, nüfuzlu beynəlxalq təşkilatlarla qarşılıqlı faydalı əməkdaşlığı daha da möhkəmləndirir. Azərbaycan beynəlxalq aləmdə sülhsevər, demokratik prinsiplərin inkişafına xüsusi önəm verən, irimiqyaslı infrastruktur layihələrin reallaşdırılmasında zəngin təcrübəsi olan bir ölkə kimi tanınır. Müasir dünyamızda Azərbaycan-ABŞ münasibətləri də yüksələn xətt üzrə inkişaf edir. Siyasi və təhlükəsizlik, eləcə də enerji sahəsində də əməkdaşlıq sahəsində uğurlar əldə olunub. ABŞ-ın Azərbaycanla ikitərəfli əməkdaşlığa olan marağı yalnız ölkəmizin strateji-coğrafi mövqeyə malik olması və zəngin karbohidrogen ehtiyatları ilə deyil, həm də möhkəm siyasi sabitliyə, demokratik inkişafa, beynəlxalq birliyə öz töhfəsini verməsi ilə də bağlıdır. ABŞ və Azərbaycan arasında münasibətlərin pozitiv keşmişi və bu əlaqələrin daha da inkişaf etdirilməsi üçün böyük perspektivlər mövcuddur. Ölkələr arasında münasibətlərin siyasi, iqtisadi, ticarət, təhlükəsizlik, enerji və digər sahələrdə əməkdaşlıq üçün böyük perspektivləri var.
Prezident İlham Əliyev və Prezident Donald Tramp arasında qarşılıqlı anlaşma və əməkdaşlıq iki ölkə arasında strateji tərəfdaşlıq üçün güclü zəmin yaradır. Enerji təhlükəsizliyi, regional sabitlik, iqtisadi əməkdaşlıq və terrorizmə qarşı mübarizə sahələrində ortaq maraqlar liderlər səviyyəsində aparılan dialoqun səmərəliliyini və gələcəyə yönəlmiş mahiyyətini bir daha təsdiqləyir. Donald Tramp hələ birinci prezidentliyi dövründə Azərbaycanla dostluq və əməkdaşlığın möhkəmlənməsinə xüsusi diqqət yetirib. O dövrdə formalaşan qarşılıqlı etimad bu gün ikitərəfli əlaqələrin yeni mərhələyə keçidi üçün əsaslı zəmin rolunu oynayır. Xatırladaq ki, Prezident İlham Əliyev Donald Trampa Amerika Birləşmiş Ştatlarının 47-ci Prezidenti kimi fəaliyyətə başlaması münasibətilə ünvanladığı məktubunda onun gələcək fəaliyyətinin dünyada sülhün təşviqində, beynəlxalq təhlükəsizliyin gücləndirilməsində önəmli rol oynayacağına əminliyini ifadə edib.
Dövlətimizin başçısı Birləşmiş Ştatlarla əməkdaşlığın perspektivlərinə toxunaraq qeyd edib: "Biz həm ənənəvi, həm də yeni əməkdaşlıq sahələri üzrə Birləşmiş Ştatlar ilə fəal və səmərəli birgə işimizi, qarşılıqlı inam və etimada əsaslanan tərəfdaşlığımızı bundan sonra da qətiyyətlə davam etdirmək və Sizinlə bu istiqamətlərdə sıx işləmək niyyətindəyik. İnanıram ki, Sizin yeni prezidentliyiniz dövründə Azərbaycan Respublikası ilə Amerika Birləşmiş Ştatları arasında dostluq və əməkdaşlıq münasibətləri daha da möhkəmlənəcək və yeni məzmun kəsb edəcəkdir".
Azərbaycan Prezidenti onu da bildirib ki, biz Birləşmiş Ştatlar ilə qarşılıqlı fəaliyyətimizin böyük potensialından yararlanaraq ikitərəfli tərəfdaşlığımızı bütün sahələrdə, o cümlədən siyasi, iqtisadi-ticari, təhlükəsizlik, enerji, yaşıl və rəqəmsal keçid və digər istiqamətlər üzrə daha da genişləndirmək və dərinləşdirmək əzmindəyik: "İnanırıq ki, Sizin yeni prezidentlik dövrünüzdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər daha da möhkəmlənəcək, yeni əməkdaşlıq sahələri müəyyən olunacaqdır”.
Bildiyimiz kimi, Azərbaycan-ABŞ strateji əməkdaşlığı keyfiyyətcə yeni mərhələdə Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra Amerika Birləşmiş Ştatları ilə əlaqələr 1992-ci ildə yaradıldı. Hazırda, ABŞ-ın Azərbaycanda bir səfirliyi, Azərbaycanın isə ABŞ-da bir səfirliyi və bir konsulluğu fəaliyyət göstərir. Dövlətlərarası diplomatik əlaqələr Ulu Öndər Heydər Əliyev tərəfindən möhkəmləndi. 1997-ci il 29 iyul tarixində Prezident Heydər Əliyevin ABŞ-a rəsmi səfəri bu əlaqələrin möhkəmlənməsində əhəmiyyətə malikdir. Daha sonra 2003-cü il 23-27 fevral tarixlərində Ulu Öndərin ABŞ-a işgüzar səfəri əməkdaşlığın davamlığını əks etdirmiş oldu. Ulu Öndər Heydər Əliyevin ABŞ-a tarixi səfərləri nəinki bu iki ölkənin strateji əməkdaşlığının möhkəmləndirilməsində keyfiyyətcə yeni bir mərhələ, habelə, bu əməkdaşlığın fundamental əsaslarının bir daha sınaqdan çıxmasında vacib əhəmiyyət daşıyan hadisə oldu. Əməkdaşlıq əlaqələri Ulu Öndər Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətlərarası qarşılıqlı işgüzar görüşlər bu əlaqələrin davamlılığına söykənir.
REGİONAL SABİTLİK VƏ DAYANIQLI ƏMƏKDAŞLIQ ÜÇÜN YENİ İMKANLAR
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin avqustun 6-da ABŞ-a səfəri yalnız Azərbaycan-Amerika ikitərəfli münasibətləri baxımından deyil, həm də regional sabitlik və qlobal təhlükəsizlik kontekstində xüsusi əhəmiyyət kəsb edir. Səfər Birləşmiş Ştatların Prezidenti Donald Trampın rəsmi dəvəti ilə gerçəkləşir və bu baxımdan tarixi xarakter daşıyır. Prezidentlər arasında yüksək səviyyəli danışıqlarda siyasi, iqtisadi və təhlükəsizlik sahələrində əməkdaşlığın genişləndirilməsi, enerji və nəqliyyat layihələri üzrə strateji tərəfdaşlığın möhkəmləndirilməsi, eyni zamanda, Cənubi Qafqazda sülh prosesinin irəlilədilməsi kimi məsələlərin müzakirə olunacağı gözlənilir. Səfər, həmçinin Azərbaycanın beynəlxalq nüfuzunun artması və regionda balanslı, eyni zamanda, proaktiv xarici siyasət kursunun davam etdirilməsi baxımından mühüm mərhələ kimi dəyərləndirilməlidir. Tərəflər arasında konkret razılaşmalar əldə ediləcəyi təqdirdə, bu, həm regional sabitlik və dayanıqlı əməkdaşlıq üçün yeni imkanların yaranmasına, həm də ABŞ-Azərbaycan münasibətlərinin keyfiyyətcə yeni mərhələyə keçməsinə səbəb ola bilər.
Səfərin strateji əhəmiyyətini müəyyən edən əsas məqamlardan biri də onun iki əsas istiqamət üzrə formalaşmasıdır: bir tərəfdən Azərbaycan və ABŞ arasında ikitərəfli siyasi, iqtisadi və təhlükəsizlik əlaqələrinin dərinləşdirilməsi, digər tərəfdən isə Azərbaycanla Ermənistan arasında davam edən sülh gündəliyinin müzakirəsi. Əlbəttə ki, Prezident İlham Əliyevin Amerika Birləşmiş Ştatlarına səfəri faydalı əməkdaşlığa əsaslanır. Azərbaycan Prezidenti İlham Əliyevin ABŞ-a səfəri ölkələrimiz arasındakı səmimi və sarsılmaz, qarşılıqlı maraqlar üzərində qurulan əlaqələrin tamamilə yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir.
KEYFİYYƏTCƏ YENİ - STRATEJİ MÜTTƏFİQLİK
Heç şübhəsiz ki, Azərbaycan Prezidentinin ABŞ-a gerçəkləşən səfəri iki ölkə arasındakı əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəkdir. Son illərdə Azərbaycan ilə Birləşmiş Ştatlar arasında münasibətlər təkcə ənənəvi diplomatik əməkdaşlıq çərçivəsində inkişaf etməklə kifayətlənmir, eyni zamanda, keyfiyyətcə yeni - strateji müttəfiqlik səviyyəsinə yüksəlməkdədir. Xüsusilə Donald Trampın ikinci prezidentliyi dövründə Vaşinqtonun Cənubi Qafqaz siyasətində Azərbaycanın rolu daha da ön plana çıxıb. Enerji təhlükəsizliyi, regional sabitlik və antiterror əməkdaşlığı kimi sahələrdə qarşılıqlı maraqların artması bu iki ölkə arasında münasibətlərin daha dərin və qarşılıqlı etimada əsaslanan bir platformaya keçməsini şərtləndirib. Hazırkı səfər də məhz bu yüksələn dinamikanın davamı və yeni strateji mərhələnin əsasını qoya biləcək mühüm siyasi addım kimi qiymətləndirilməlidir. Azərbaycan Prezidentinin çıxışlarının birində bildirdiyi kimi, "Qarşılıqlı etimad və dəstəyə əsaslanan Azərbaycan-ABŞ tərəfdaşlığının inkişafı və möhkəmləndirilməsi yolunda birgə səylərimizi dövlətlərimizin maraqları və xalqlarımızın mənafeyi naminə bundan sonra da ardıcıl şəkildə davam etdirəcəyik".
Azərbaycanla ABŞ arasında enerji sahəsində davam edən əməkdaşlığı da xüsusi olaraq qeyd etməliyik. 1994-cü ildə Xəzər hövzəsinin Azərbaycan sektorunda Azəri-Çıraq-Günəşli yataqlarının dərinlikdə yerləşən hissəsinin birgə işlənməsi üzrə "Əsrin müqaviləsi"ndə ABŞ şirkətləri yer almış, habelə həmin zamandan ABŞ tərəfi Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən əsas ixrac neft və qaz kəmərlərinin tikintisinə fəal dəstək olmuşdur. 2017-ci il 14 sentyabr tarixində Azərbaycan və onun beynəlxalq enerji tərəfdaşları arasında Azəri, Çıraq və Günəşli yatağının dərinsulu hissəsinin birgə işlənməsinin 2050-ci ilədək uzadılmasına dair yenilənmiş Hasilatın Pay Bölgüsü (HPB) sazişində də ABŞ-ın Şevron və Ekson şirkətləri yer almışdır. ABŞ, həmçinin Azərbaycanın Avropanın enerji təhlükəsizliyinə Cənub Qaz Dəhlizinin ərsəyə gəlməsində rol oynayıb.
Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində bildirmişdir: "Birləşmiş Ştatlar Azərbaycanın enerji strategiyasını bütün mərhələlərdə qətiyyətlə və davamlı şəkildə dəstəkləmişdir. Biz enerji təhlükəsizliyinin təmin olunmasında ölkələrimizin sıx əməkdaşlığını, reallaşdırdığımız irimiqyaslı transmilli layihələrdə ABŞ-ın hərtərəfli dəstəyini xüsusi dəyərləndiririk".
Azərbaycan Prezidenti İlham Əliyevin yürütdüyü diplomatiya beynəlxalq birlik və böyük güclər tərəfindən təqdir edilir. Xüsusilə də, dövlət başçımızın enerji diplomatiyası və bu istiqamətdəki bütün layihələri ölkənin iqtisadi potensialını gücləndirir, eləcə də neft-qaz sektorundan əldə edilən gəlirlərin iqtisadiyyatın qeyri-neft sektoruna yönəldilməsinə real imkan yaradır. Bir vaxtlar özünün daxili enerji tələbatını ödəmək gücündə olmayan, yalnız idxal gücünə ayaqda dayanan Azərbaycan indi təkcə mövcud olduğu yox, o cümlədən Avropanın enerji təhlükəsizliyinin təminatında olduqca mühüm rol oynayır və bu, ölkəmizin beynəlxalq birliyin daim xüsusi diqqət mərkəzində qalmasının səbəblərindən biridir. Həmçinin enerji təhlükəsizliyi təminatında Azərbaycanın rolunun gündən-günə artması ölkəmizlə dünya dövlətlərini, xüsusən də Qərbi bu sferada daha sıx əməkdaşlığa sövq etməkdədir. Buna əsas səbəb həm enerji ehtiyatları ilə kifayət qədər zəngin olan Azərbaycanın uzun müddət Avropanın enerji tələbatının ödənilməsində vacib rola malik tərəflərdən biri kimi çıxış etməsi, həm də Azərbaycanın iştirakı olmadan Mərkəzi Asiyadan başlayaraq, Qafqazı keçməklə Türkiyə və Avropa istiqamətində uzanan enerji layihələrinin reallaşdırılmasının mümkünsüzlüyüdür. Bu gün artıq Azərbaycan qlobal enerji təhlükəsizliyinin əsas təminatçılarındandır.
Bütün bunlar onu göstərir ki, Azərbaycan enerji ehtiyatlarının ixracı sahəsində ölkənin milli maraqlarına tam cavab verən, həmçinin beynəlxalq sferada mövqeyini və əlaqələrini əhəmiyyətli dərəcədə gücləndirən siyasət həyata keçirir.
CƏNUBİ QAFQAZDA YENİ GEOSİYASİ REALLIQLAR
Prezident İlham Əliyevin Vaşinqton səfərinin ikinci mühüm istiqaməti Azərbaycan ilə Ermənistan arasında sülh prosesinin irəlilədilməsi ilə bağlıdır. Azərbaycan 2020-ci il Vətən müharibəsində əldə etdiyi Qələbə ilə Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdırıb və bu reallıqlar beynəlxalq hüququn prinsiplərinə əsaslanaraq sülhün qurulması üçün yeni əsaslar yaradır. Azərbaycanın sülh müqaviləsi ilə bağlı irəli sürdüyü əsas şərtlər beynəlxalq hüquqa və dövlətlərin suverenliyi prinsipinə əsaslanır. Azərbaycan sülh prosesinin təşəbbüskarıdır. Azərbaycan tərəfi iki dövlət arasında münasibətlərin normallaşmasına dair Ermənistan tərəfinə baza prinsiplərini təqdim etdikdən sonra, Ermənistan tərəfi sülh danışıqları ilə bağlı Minsk Qrupunun həmsədrlərinə müraciət edib. Dövləət başçımızın bildirdiyi kimi, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması istiqamətində ölkəmiz tərəfindən atılan addımlara, Ermənistanla sülh müqaviləsi imzalamağa hazır olmağımıza dair ən yüksək səviyyədə edilən bəyanatlara baxmayaraq, ötən müddət ərzində lazımi nəticə əldə olunmayıb. İki dövlət arasında münasibətlərin normallaşması üçün beş baza prinsipləri əks olunub. Dövlətlərin bir-birlərinin suverenliyi, ərazi bütövlüyü, beynəlxalq sərhədlərinin toxunulmazlığı və siyasi müstəqilliyini qarşılıqlı şəkildə tanıması; Dövlətlərin bir-birlərinə qarşı ərazi iddialarının olmamasının qarşılıqlı təsdiqi və gələcəkdə belə bir iddianın qaldırılmayacağına dair hüquqi öhdəliyin götürülməsi; Dövlətlərarası münasibətlərdə bir-birlərinin təhlükəsizliyinə hədə törətməkdən, siyasi müstəqillik və ərazi bütövlüyünə qarşı hədə və gücdən istifadə etməkdən, habelə BMT Nizamnaməsinin məqsədlərinə uyğun olmayan digər hallardan çəkinmək; Dövlət sərhədinin delimitasiyası və demarkasiyası, diplomatik münasibətlərin qurulması; Nəqliyyat və kommunikasiyaların açılışı, digər müvafiq kommunikasiyaların qurulması və qarşılıqlı maraq doğuran digər sahələrdə əməkdaşlığın qurulması.
"ERMƏNİSTAN KONSTİTUSİYASINA DƏYİŞİKLİK VƏ ATƏT-İN MİNSK QRUPUNUN BURAXILMASI, - HƏLL EDİLƏN KİMİ SÜLH MÜQAVİLƏSİ İMZALANA BİLƏR"
İki dövlət məhz bu baza prinsipləri əsasında intensiv, substantiv və nəticəyə yönəlik danışıqlar apararaq ikitərəfli sülh sazişini yekunlaşdıra bilərlər. "Bu iki məsələ, - Ermənistan konstitusiyasına dəyişiklik və ATƏT-in Minsk qrupunun buraxılması, - həll edilən kimi sülh müqaviləsi imzalana bilər. Bəli, mətn paraflana bilər və Azərbaycan tərəfi artıq Əbu-Dabidə bu təkliflə çıxış edib. Lakin bildiyiniz kimi, paraflanma heç də imzalanma demək deyil. Yəni, biri var ki, tərəflər arasında şifahi razılıq əldə olunur, biri də var ki, tərəflər sənədin hər səhifəsinin sonunda öz imzalarını qoyaraq onu paraflayır. Məncə, biz sülh müqaviləsinin imzalanmasına çox yaxınıq. Hesab edirəm ki, bu proses geridönməz xarakter alıb. Bunun hər hansı bir yenidən baxılması, yenidən baş verməsi mümkün deyil. Biz heç nəyi yenidən müzakirə etməyəcəyik. Ancaq Ermənistan yenidən müzakirəyə başlamağa çalışırsa, o deməkdir ki, onlar sülh istəmirlər. Deməli, o ərazi iddiası qalır. Ona görə də biz düzgün istiqamətdəyik. Onlar öz ev tapşırıqlarını yerinə yetirməlidirlər", - deyə Azərbaycan Prezidenti bildirib. Dövlət başçımızın sözlərinə görə, bu baş verdiyi halda biz sülh müqaviləsini imzalaya bilərik: "Bu da region üçün çox böyük yenilik, çox böyük dəyişiklik olacaq və biz artıq bu haqda danışdıq. Cənubi Qafqaz sabitlik məkanı olacaq".
Zəngəzur dəhlizinin açılması da Azərbaycanın beynəlxalq nəqliyyat və iqtisadi əlaqələrdə bərabərhüquqlu iştirakını təmin edən fundamental hüququdur. Bu dəhlizin reallaşması həm region dövlətləri, həm də daha geniş geoiqtisadi məkan üçün yeni tranzit imkanları və uzunmüddətli sabitlik perspektivləri yaradır. ABŞ-da aparılacaq müzakirələrin bu məsələlərin hüquqi və texniki aspektlərini əhatə etməsi gözlənilir.
Beləliklə, Azərbaycanın sülh strategiyası qalib tərəfin konstruktiv təşəbbüslərinə əsaslanır və regionda uzunmüddətli təhlükəsizlik, inkişaf və əməkdaşlıq üçün real zəmin formalaşdırır.
ABŞ səfəri çərçivəsində keçiriləcək danışıqlar yalnız Azərbaycan-Ermənistan münasibətləri üçün deyil, bütövlükdə Cənubi Qafqaz regionu və beynəlxalq diplomatiya üçün model xarakteri daşıyacaq. Bu, sülhün zorla deyil, ədalətli hüquqi prinsiplərlə, beynəlxalq legitimlik əsasında qurulmasının mümkünlüyünü göstərən nümunə olacaq.
Sözügedən səfər Azərbaycan diplomatiyasının yeni zirvəyə yüksəldiyi bir məqam kimi tarixə düşə bilər. Prezident İlham Əliyevin qətiyyətli liderliyi və uzaqgörən siyasəti bir daha sübut edir ki, Azərbaycan təkcə regionun deyil, daha geniş beynəlxalq sistemin etibarlı və nüfuzlu aktoruna çevrilib.
Dövlət başçısının bildirdiyi kimi, "Yaxın gələcəkdə ABŞ-Azərbaycan münasibətlərini yüksək səviyyəyə qaldıracaq mühüm hadisələr olacaq".
Zümrüd BAYRAMOVA
Əksər amerikalılar buna inanır. Amerika Birləşmiş Ştatları Prezidentindən narazılıq Respublikaçılara zərbə vura bilər...