Azərbaycanın Keniyadakı səfiri Sultan Hacıyev Keniyanın torpaq, ictimai işlər, mənzil və şəhərsalma naziri Elis Vahome ilə iki ölkə arasında əməkdaşlıq perspektivlərini müzakirə edib. Səfirliyikdən SİA-ya verilən məlumata görə, görüş zamanı əlçatan mənzil təminatı sahəsində Keniyanın Afrika qitəsi üzrə aparıcı təcrübəsi, dayanıqlı şəhərsalma və iqlim dəyişikliyi mövzularının Afrika ölkələri üçün mühüm mövzulardan olduğu qeyd edilib.Azərbaycanın BMT-nin Məskunlaşma Proqramı (UN-Habitat) ilə birgə 2026-cı ildə Bakı şəhərində ev sahibliyi edəcəyi BMT-nin Ümumdünya Şəhərsalma Forumunun 13 sessiyasında (WUF13) yuxarıda qeyd edilmiş mövzuların müzakirə ediləcəyi və əlaqədar hazırlıq proseslərində Keniya və Azərbaycan arasında əməkdaşlıq perspektivləri nəzərdən keçirilib. Bu müstəvidə E.Vahome WUF13-ün Milli Koordinatoru, Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyevlə keçirilmiş görüşlərə istinad edib.Nazir və səfir sahə üzrə birgə səylərin böyük potensialını vurğulayaraq onların, eyni zamanda, digər Afrika ölkələrinin WUF13-də fəal iştirakına təkan verə biləcəyi ilə bağlı həmfikir olduqlarını, bu istiqamətdə praktiki işlərin davam edilməsinin əhəmiyyətini qeyd ediblər.Səfir nazirə 2025-ci il oktyabrın 15-17-də Xankəndi və Bakı şəhərlərində keçiriləcək III Azərbaycan Şəhərsalma Forumunun əhəmiyyəti haqqında da məlumat verib və onu tədbirə dəvət edib.