Aİ diplomatik missiyasının rəhbəri Kaja Kallas BBC-yə deyib ki, Ukrayna gələcək sülh sazişinin bir hissəsi kimi ərazilərini Rusiyaya verməməlidir. Ərazilər Rusiya prezidenti Vladimir Putinin bizi “əldən salmaq” istədiyi “tələ”dir. "Səs" qəzeti xəbər verir ki, bu barədə Avropa mətbuatı yazır.
Kallas həmçinin Ukrayna üçün etibarlı və güclü təhlükəsizlik təminatlarından danışaraq, danışıqların hazırkı mərhələsində çəkindirici variantların çox olmadığını etiraf edib. “Ən güclü təhlükəsizlik zəmanəti güclü Ukrayna ordusudur” deyən o, bu zəmanətlərin “yalnız kağız üzərində” qalmamalı olduğunu vurğulayıb.
Kallas həmçinin qeyd edib ki, “istəklilər koalisiyasının” üzvləri hansı təminatları verə biləcəklərinə qərar verməlidirlər və Ukraynaya yerləşdiriləcək hər hansı mümkün qüvvələrin necə fəaliyyət göstərəcəyi hələ bəlli deyil. ABŞ prezidenti Donald Tramp bu yaxınlarda Rusiya prezidenti Vladimir Putin Alyaska ilə görüşüb, daha sonra isə Ağ Evdə Ukrayna prezidenti Vladimir Zelenski, bir sıra Avropa liderləri və NATO baş katibini qəbul edib. Tramp qeyd edib ki, Rusiya-Ukrayna münaqişəsini həll etmək üçün tərəflər ərazi mübadiləsi aparmalı olacaqlar.