Prezident İlham Əliyevin Kəlbəcərə səfəri Dövlət siyasətinin gücü, tarixi ədalətin bərpası və Böyük Qayıdışın davamıdır! “Əziz kəlbəcərlilər, Kəlbəcərə xoş gəlmisiniz!” Tarixi Qayıdışın Ali Səviyyədə Təsdiqi! Cənab Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcər şəhərinə növbəti səfəri, ölkəmizin ərazi bütövlüyü bərpa olunduqdan sonra bu bölgəyə verilən yüksək dövlət qayğısının daha bir təzahürü oldu. Dövlət başçısının “Əziz kəlbəcərlilər, xoş gəlmisiniz!” sözləri təkcə salamlaşma deyil, həm də bu müqəddəs torpağa xalqın dönüşünün simvolik çağırışı kimi səsləndi. Bu səfər, eyni zamanda, Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi genişmiqyaslı bərpa və yenidənqurma işlərinin Kəlbəcər rayonu üzrə mərhələli və strateji plan əsasında icra edildiyinin real göstəricisi oldu. “Kəlbəcər bu gün dünyanın ən gözəl mənzərəli şəhərlərindən birinə çevrilir” Cənab Prezident İlham Əliyev səfər çərçivəsində Kəlbəcərin müasir infrastrukturla təmin edilməsi, urbanizasiya, enerji, nəqliyyat və sosial xidmət sahələrində həyata keçirilən layihələrin gedişatı ilə tanış oldu. Dövlət başçısının qeyd etdiyi kimi, bu gün Kəlbəcər artıq dağıdılmış bir şəhər deyil – o, müasirliyi, ekoloji təmizliyi və füsunkar təbiəti ilə dünyada seçilən yaşayış məkanına çevrilir. Yeni tikilən yollar, su elektrik stansiyaları, müasir kommunikasiya sistemləri, yaşayış binaları və sosial obyektlər bölgənin iqtisadi və turizm potensialını əhəmiyyətli dərəcədə artırır. Bütün bunlar Prezident İlham Əliyevin uzaq görən siyasəti nəticəsində “Ağıllı şəhər” və “Yaşıl enerji zonası” konsepsiyalarına uyğun şəkildə reallaşdırılır. “Kəlbəcərin işğalı bizim üçün böyük faciə idi” -Tarixi yaddaş unudulmur Kəlbəcərin 1993-cü ilin aprelində Ermənistan silahlı qüvvələri tərəfindən işğalı, təkcə bu bölgənin deyil, bütövlükdə Azərbaycanın üzərinə qara kölgə salmışdı. Minlərlə ailə doğma yurdlarından didərgin salınmış, şəhər və kəndlər yerlə-yeksan edilmişdi. Cənab Prezident İlham Əliyev çıxışında bu faciəni dərin siyasi təhlil fonunda təqdim edərək qeyd etdi ki, Kəlbəcərin işğalı o vaxtkı Azərbaycan hakimiyyətinin zəifliyi və xəyanətkar yanaşmasının nəticəsi olmuşdur. Bu sözlər, dövlət rəhbərinin məsuliyyətli və obyektiv yanaşmasının bariz nümunəsi olmaqla yanaşı, tarixə də ədalətli qiymətin verilməsidir. “Bu məsələni həll etmək mandatı olan ölkələr faktiki olaraq işğalı əbədi etmək istəyirdilər”. Cənab Prezident İlham Əliyev çıxışında ATƏT-in Minsk Qrupunun fəaliyyətsizliyinə və beynəlxalq vasitəçilərin işğalın davam etdirilməsinə şərait yaratmasına sərt mövqe bildirdi. Ölkə başçısı bir daha vurğuladı ki, Azərbaycan heç vaxt bu vəziyyətlə barışmayacaqdı və barışmadı da. 44 günlük Vətən müharibəsi bunun sübutu oldu. Bu gün bölgədə yaranmış yeni reallıqlar Azərbaycanın siyasi, hərbi və diplomatik sahədə əldə etdiyi tarixi nailiyyətin nəticəsidir. Dövlət başçısının məqsədyönlü siyasəti nəticəsində 30 illik ədalətsizliyə son qoyuldu, torpaqlarımız işğaldan azad edildi və yeni inkişaf mərhələsinə qədəm qoyuldu. Cənab Prezidentin Kəlbəcərə səfərləri: Strateji inkişafın təməl mərhələləri Prezident İlham Əliyevin Kəlbəcərə ilk səfəri 2021-ci ilin 16 avqustunda baş tutmuş və həmin tarixdən etibarən rayonda geniş bərpa və yenidənqurma prosesinə start verilmişdi. Həmin səfər çərçivəsində bir sıra mühüm layihələrə imza atılmışdı: • Ömər aşırımı ilə tanışlıq, regionun coğrafi əlçatanlığının qiymətləndirilməsi; • Murovdağ tunelinin təməlqoyması, 11,6 km uzunluğunda nəhəng mühəndis layihəsi; • “Kəlbəcər-1” Su Elektrik Stansiyasında yenidənqurma, yaşıl enerji siyasətinin icrası; • “Kəlbəcər” yarımstansiyasının açılışı, elektrik enerjisinin davamlı təminatı; • Kəlbəcər-Laçın yolu üzrə tunel tikintisi, strateji nəqliyyat əlaqələrinin inkişafı; • Arıçılarla görüş, yerli sahibkarlığın dəstəklənməsi; • Kəlbəcərdə Dövlət Bayrağının ucaldılması, dövlət suverenliyinin simvolu; • “N” saylı hərbi hissədə yaradılan şəraitlə tanışlıq, müdafiə gücünün artırılması; • “İstisu” sanatoriyasına baxış, müalicəvi turizmin inkişafı; • İstisu–Minkənd avtomobil yolu, yeni kommunikasiya arteriyası. Bu səfərlər, cənab Prezidentin regionların inkişafına göstərdiyi strateji yanaşmanın və planlı icra mexanizminin tərkib hissəsidir. Nəticə etibarı ilə cənab prezident, İlham Əliyevin Liderliyi ilə Kəlbəcər yenidən doğulur! Cənab Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcərə etdiyi səfər bir daha sübut etdi ki, Azərbaycan yalnız torpaqlarını deyil, həm də tarixi yaddaşını, milli kimliyini və gələcəyini bərpa edir. Bu, müasir Azərbaycan dövlətçiliyinin ali mərhələsidir. Güclü lider, güclü xalq və güclü dövlət modelinin real nəticəsidir. Bu gün Kəlbəcər ucalır. Bu gün Kəlbəcər inkişaf edir. Bu gün Kəlbəcər, Azərbaycan Prezidentinin uzaqgörən və qətiyyətli siyasətinin təcəssümüdür! Cənab Prezident İlham Əliyev tərəfindən həyata keçirilən siyasət həm milli maraqlara əsaslanan daxili inkişaf strategiyasını, həm də beynəlxalq arenada Azərbaycanın maraqlarının prinsipial müdafiəsini təmin edir. Kəlbəcərə edilən bu səfər təkcə simvolik deyil, həm də siyasi və strateji əhəmiyyət daşıyır. Bu, Azərbaycanın Cənubi Qafqazda lider dövlətə çevrilməsinin, post-müharibə dövründə isə bərpa və quruculuğun model ölkəsinə çevrilməsinin təsdiqidir.
Nicat İsmayılov
YAP Yasamal rayon təşkilatı “Akim Abbasov küç. 73 E” ünvanı üzrə Ərazi Partiya Təşkilatının sədri