PDF Oxu

Siyasət

  • 476

Genişmiqyaslı quruculuq işləri - ŞƏRH

image

İşğaldan azad olunmuş ərazilərdə aparılan genişmiqyaslı quruculuq və bərpa işləri Azərbaycanın milli inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. Bu proses təkcə şəhər və kəndlərin infrastrukturunun yenilənməsi ilə məhdudlaşmır, eyni zamanda bölgələrin iqtisadi potensialının artırılması, yeni iş yerlərinin yaradılması və turizm imkanlarının genişləndirilməsi ilə müşayiət olunur. Laçın rayonunun inkişafına dair qəbul olunmuş konsepsiyada da bu prinsiplər əsas götürülür. Əsası qoyulan layihələrin başlıca məqsədi rayonun sosial-iqtisadi həyatını dirçəltməklə yanaşı, təbii və mədəni sərvətlərindən səmərəli istifadə edərək turizmin inkişafını təmin etməkdir. Bu baxımdan, 2025-ci ildə Laçın rayonunun Zerti kəndində istifadəyə verilmiş “Laçın” İstirahət Kompleksi bölgədə həyata keçirilən bərpa və inkişaf siyasətinin mühüm tərkib hissəsidir. “Laçın” İstirahət Kompleksi müasir memarlıq üslubunda inşa edilib və 11,2 hektar ərazini əhatə edir. Ümumi sahəsi 42 min kvadratmetr olan bu nəhəng kompleks müxtəlif kateqoriyalı 120 otaqlı hotel binası və 8 kottecdən ibarətdir. Kompleks eyni vaxtda 324 nəfər qonağın qəbuluna imkan yaradır. Bu göstəricilər Laçının gələcəkdə böyük turizm axınını qarşılamaq potensialına sahib olduğunu göstərir. Qonaqlar üçün yaradılmış şərait yalnız komfortla deyil, həm də funksionallığı ilə seçilir. İstirahət və əyləncə imkanları ilə yanaşı, işgüzar səyahətçilər və tədbir təşkilatçıları üçün də ideal şərait mövcuddur. Kompleksin əhəmiyyətli cəhətlərindən biri də burada işgüzar görüşlərin, beynəlxalq və yerli konfransların, eləcə də müxtəlif tədbirlərin keçirilməsi üçün yaradılmış şəraitdir. Müasir avadanlıqla təchiz olunmuş 500 nəfərlik tədbir zalı, 340 nəfərlik ziyafət zalı, 100 nəfərlik konfrans zalı və ayrıca toplantı otağı kompleksin bu sahədə də yüksək səviyyədə xidmət göstərdiyini sübut edir. Bu infrastruktur Laçında konfrans turizminin inkişafına güclü təkan verəcək. “Laçın” İstirahət Kompleksi yalnız turizm baxımından deyil, həm də sosial-iqtisadi aspektdən mühüm əhəmiyyət daşıyır. Burada 174 nəfər işlə təmin olunub. Ən önəmlisi isə odur ki, bu işçilərin 122-si Laçın, Kəlbəcər və digər işğaldan azad olunmuş ərazilərin sakinləridir. Bu, regionun əhalisi üçün sosial adaptasiya və iqtisadi dirçəliş baxımından mühüm addımdır. Layihə həmçinin gənclərin bölgədə qalaraq çalışmasına, ailələrin geri qayıdışına və regionun dayanıqlı inkişafına imkan yaradır. Laçın rayonu özünün zəngin təbiəti, dağlıq relyefi və füsunkar mənzərələri ilə tanınır. “Laçın” İstirahət Kompleksi bu təbii gözəlliklərə zərər vermədən, əksinə, onlardan faydalanaraq ekoturizm prinsipləri əsasında inşa olunub. Ətraf mühitin mühafizəsi, yaşıl zonaların qorunması və enerjiyə qənaət edən texnologiyaların tətbiqi bu layihədə xüsusi yer tutur. Eyni zamanda, kompleksin yerləşdiyi ərazi tarixi və mədəni baxımdan da zəngindir. Gələcəkdə bu ərazidə yerləşən mədəni irs abidələrinin tanıdılması və turist marşrutlarına daxil edilməsi planlaşdırılır ki, bu da mədəni turizmin inkişafına əlavə imkanlar yaradacaq. “Laçın” İstirahət Kompleksi təkcə bir turizm layihəsi deyil, həm də Azərbaycanın işğaldan azad olunmuş ərazilərində həyatın bərpası, iqtisadiyyatın dirçəldilməsi və əhalinin rifahının artırılması istiqamətində atılan strateji addımdır. Bu kompleks gələcəkdə Laçın rayonunun turizm xəritəsində aparıcı məkanlardan birinə çevrilməklə yanaşı, digər bölgələr üçün də uğurlu nümunə rolunu oynayacaq. “Laçın” İstirahət Kompleksinin istifadəyə verilməsi Laçının bərpa və inkişaf konsepsiyasının uğurla həyata keçirildiyini bir daha nümayiş etdirir. Bu layihə həm yerli əhali üçün yeni imkanlar yaradır, həm də Azərbaycanın turizm sektoruna əlavə dəyər qatır. Gələcək illərdə bu kimi layihələrin sayının artması ilə bölgənin iqtisadi potensialı daha da genişlənəcək, Laçın isə ölkənin əsas turizm mərkəzlərindən birinə çevriləcək.

Kəmalə Həsənova

YAP Laçın rayon təşkilatının 39 saylı ƏPT -nin sədr müavini

Laçın rayon 32 nömrəli tam orta məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi

Digər xəbərlər