PDF Oxu

Siyasət

  • 502

Kəlbəcərin dirçəlişi Qarabağ və Şərqi Zəngəzurda yeni həyatın başlanğıcıdır

image

Cari ilin avqust ayının 21-də ölkə Prezidenti cənab İlham Əliyevin Kəlbəcər şəhərinə səfəri Azərbaycanın müasir tarixində xüsusi önəm daşıyan bir hadisəyə çevrildi. Bu səfər yalnız bir dövlət başçısının regiona gəlişi deyil, həm də illərlə həsrətində olduğumuz torpaqlara dönüşün, quruculuğun və böyük qələbənin təntənəsidir. Prezidentin iştirakı ilə Kəlbəcərdə ilk yaşayış kompleksinin sakinlərinə mənzillərin açarlarının təqdim olunması bu torpaqların azad edilməsindən sonra reallaşan ən mühüm sosial hadisələrdən biri oldu.

Cənab Prezident çıxışında bu günün tarixi bir gün olduğunu vurğulayıb. Artıq kəlbəcərlilər doğma yurdlarına qayıdırlar və bu, Azərbaycan xalqının əzmi, ordusunun gücü və rəhbərliyin siyasi iradəsi sayəsində mümkün olub. 32 il sonra yenidən bu dağlar, dərələr, çaylar öz sahiblərinə qovuşur. Məhz buna görə də Prezidentin çıxışı “Kəlbəcərə xoş gəlmisiniz!” sözləri ilə başladı və bu sözlər bütün xalqın qəlbində əks-səda doğurdu.

Kəlbəcər rayonunda aparılan genişmiqyaslı bərpa və yenidənqurma işləri barədə məlumat verən dövlət başçısı bildirdi ki, hazırda birinci yaşayış kompleksi tam istifadəyə verilib və artıq sakinlər evlərinə yerləşirlər. Bununla yanaşı, ikinci, üçüncü və dördüncü komplekslərdə tikinti davam edir. Prezident qeyd etdi ki, bütün infrastruktur – yollar, elektrik, su, qaz xətləri, internet və digər xidmətlər tam şəkildə qurulur. Məktəb, tibb məntəqəsi, uşaq bağçası və digər sosial obyektlər də layihələndirilib və qısa zamanda istifadəyə veriləcək.

Azərbaycan Prezidenti cənab İlham Əliyev çıxışı zamanı Azərbaycanın 2020-ci ildə qazandığı tarixi Qələbədən bəhs edərək dedi ki, bu Zəfər sayəsində torpaqlar işğaldan azad olundu və Kəlbəcər bir güllə atılmadan geri qaytarıldı. Bu, hərbi-siyasi qələbənin nəticəsi idi. Dövlət başçısı vurğuladı ki, Ermənistanın onilliklər boyu aldığı hərbi yardımlar, qurduğu istehkamlar Azərbaycanın qarşısında dayana bilmədi. “Biz öz torpağımızı güc yolu ilə azad etdik, amma beynəlxalq hüquq çərçivəsində hərəkət etdik”, – deyə Prezident qeyd etdi.

Səfər zamanı cənab Prezident həm də gələcək planlardan danışdı. Bildirildi ki, Kəlbəcər-Laçın yolunun tikintisi davam edir, tunellər və körpülərlə bu ərazilər ölkənin əsas yollarına birləşdirilir. Laçın Beynəlxalq Hava Limanının inşası isə regionun iqtisadi və turizm potensialını artıracaq. Kəlbəcərin gələcəyi kənd təsərrüfatı, turizm və xidmət sektorunun inkişafı ilə bağlı qurulur.

Cənab Prezident daha sonra çıxışının sonunda Kəlbəcər sakinlərini təbrik edərək onlara rifah, sağlamlıq və doğma yurdlarında əmin-amanlıq arzuladı. “Köçkünlük dövrü başa çatdı. Artıq siz öz torpağınızda, öz evinizdəsiniz”, – deyə Prezident bildirdi.

Bu səfər Azərbaycan xalqının əzmini, birliyini və dövlətə olan inamını bir daha nümayiş etdirdi. Kəlbəcərin dirçəlişi təkcə bir rayonun deyil, bütün Qarabağ və Şərqi Zəngəzurun yeni həyatının başlanğıcıdır. Qələbənin davamı olan bu qayıdış, eyni zamanda gələcək nəsillər üçün vətən sevgisinin ən böyük dərsidir.

Nazim BÜNYATOV

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

Digər xəbərlər