PDF Oxu

Siyasət

  • 693

Azərbaycan, Türkmənistan və Özbəkistan arasında strateji əməkdaşlığın yeni mərhələsi

image

Avqustun 22-də Türkmənistanın Türkmənbaşı şəhərində Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin iştirakı ilə mühüm sənədlərin imzalanması mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev, Türkmən xalqının Milli Lideri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə baş tutan bu tarixi görüş üç qardaş ölkə arasında dostluq, qardaşlıq və strateji tərəfdaşlıq əlaqələrinin daha da dərinləşdirilməsinə xidmət edir.

Zirvə çərçivəsində bir sıra mühüm sənədlər imzalanmışdır. Əvvəla, Azərbaycan, Türkmənistan və Özbəkistan liderlərinin Birgə Bəyanatı qəbul edilmişdir. Bu sənəd üç ölkə arasında strateji əməkdaşlığın möhkəmləndirilməsi, regional inteqrasiyanın dərinləşdirilməsi və xalqlarımızın rifahına xidmət edən layihələrin həyata keçirilməsi baxımından xüsusi əhəmiyyət daşıyır.

Bundan başqa, nəqliyyat-logistika sahəsində əməkdaşlıq haqqında memorandum imzalanmışdır ki, bu da Orta Dəhliz çərçivəsində yükdaşımaların sürətləndirilməsi, yeni tranzit imkanlarının yaradılması və beynəlxalq ticarət əlaqələrinin genişləndirilməsinə mühüm töhfə verəcəkdir.

Aviasiya sahəsində əməkdaşlığa dair anlaşma isə ölkələrimiz arasında hava nəqliyyatının inkişafına, sərnişin və yük daşımalarının daha da genişlənməsinə imkan yaradacaqdır.

Xüsusi olaraq qeyd edilməlidir ki, Azərbaycanın Füzuli şəhəri ilə Türkmənistanın Arxadağ şəhəri arasında qardaşlaşma protokolu da imzalanmışdır. Bu sənəd humanitar və mədəni əlaqələrin inkişafı, şəhərlərimiz arasında qarşılıqlı dostluq münasibətlərinin möhkəmlənməsi baxımından böyük əhəmiyyətə malikdir.

Türkmənbaşı görüşü təkcə imzalanan sənədlərlə məhdudlaşmır, həm də regional əməkdaşlığın yeni bir mərhələsinin başlanğıcı kimi qiymətləndirilməlidir. Bu əməkdaşlıq formatı Orta Asiya və Cənubi Qafqaz regionlarını birləşdirən Orta Dəhlizin effektivliyini artırır, Avropa ilə Asiya arasında etibarlı və alternativ nəqliyyat marşrutu formalaşdırır.

Azərbaycan bu prosesdə mühüm tranzit və logistika mərkəzi kimi çıxış edir, Türkmənistan və Özbəkistan isə regionda strateji tərəfdaşlıq əlaqələrinin gücləndirilməsinə öz töhfələrini verirlər. Beləliklə, üçtərəfli əməkdaşlıq nəinki iqtisadi maraqlara, eyni zamanda qardaş xalqlarımızın tarixi və mədəni yaxınlığına söykənir.

Türkmənbaşı şəhərində keçirilən üçtərəfli zirvə dövlət başçılarının uzaqgörən siyasətinin bariz təzahürü olmaqla yanaşı, regionda sabitliyin, iqtisadi tərəqqinin və qarşılıqlı etimad mühitinin möhkəmlənməsinə xidmət edir. İmzalanmış sənədlər Azərbaycan, Türkmənistan və Özbəkistan xalqlarının rifahı naminə həyata keçirilən ortaq səylərin göstəricisi olmaqla yanaşı, gələcəkdə daha genişmiqyaslı əməkdaşlıq üçün də möhkəm zəmin yaradır.

Bu zirvə region ölkələrinin vahid məqsədlər ətrafında birləşdiyini və ortaq maraqlar naminə strateji qərarlar qəbul etməyə qadir olduqlarını bir daha nümayiş etdirdi. Türkmənbaşı görüşü tarixi əhəmiyyətə malik olmaqla, Azərbaycan, Türkmənistan və Özbəkistan arasında tərəfdaşlığın yeni mərhələsinin əsasını qoydu.

Mansur QULİYEV

YAP Ağdam rayon təşkilatının sədri

Digər xəbərlər