Prezident İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun dəvəti ilə Türkmənistana işgüzar səfəri mühüm önəm kəsb edir. Səfər çərçivəsində keçirilən yüksək səviyyəli görüşlər iki ölkə arasında münasibətlərin xarakterini və qarşıda duran mühüm vəzifələrin mahiyyətini ehtiva edir. Türkmənbaşı şəhərində Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşündə iki ölkə arasında qarşıda duran mühüm məsələlər müzakirə olunub.
Bu sözləri Yeni Azərbaycan Partiyasının (YAP) Təftiş Komissiyasının sədri, Milli Məclisin deputatı Sevinc Hüseynova deyib.O, Türkmənistan-Azərbaycan-Özbəkistan formatında keçirilən üçtərəfli görüşün əhəmiyyətinə də toxunub: “Bu eyni regionda yerləşən üç ölkənin qardaş xalqlarının gələcəkdə daha böyük əməkdaşlıq potensialı yaratması istiqamətində atılan addım hesab edilir. Prezident İlham Əliyev Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovla görüşündə Azərbaycana səfəri çərçivəsində ötən ay Bakıda, Füzulidə, Şuşada keçirmiş olduqları görüşləri böyük məmnunluqla qeyd edib. Bu xüsusda Türkmənistan, Özbəkistan, Azərbaycan rəhbərlərinin üçtərəfli görüşünün də əhəmiyyəti dövlətimizin başçısı tərəfindən yüksək qiymətləndirilib. Azərbaycan, Türkmənistan və Özbəkistanı ortaq tarix, mədəniyyət, dil, din birləşdirir.
Hazırda Azərbaycanla Türkmənistan arasında bir çox istiqamətlər üzrə uğurlu əməkdaşlıq mövcuddur. Energetika, nəqliyyat, logistika, tranzit, rəqəmsallaşma, mədəni əlaqələr istiqamətləri üzrə də ölkələrimiz arasında perspektivlər var. Nəqliyyat imkanları baxımından hədəflər çox böyükdür. Avropanı Uzaq Şərqlə birləşdirən etibarlı nəqliyyat bağlantısı, Şərq-Qərb nəqliyyat dəhlizi Türkmənistan və Azərbaycan ərazilərindən keçir. Eyni zamanda Azərbaycanla Türkmənistan arasında siyasi əlaqələr də yüksək səviyyədədir.
Ölkəmizin başçısı da səfər çərçivəsində keçirdiyi yüksək səviyyəli görüşlərdə iki dövlət arasında siyasi əlaqələrin mövcud durumundan məmnunluq ifadə edib. Azərbaycanın və Türkmənistanın beynəlxalq təşkilatlar çərçivəsində daim bir-birini dəstəklədiyi vurğulanıb. Xüsusilə BMT Baş Assambleyasında “Türkmənistanın daimi neytrallığı” adlı qəbul olunmuş qətnamədə Azərbaycanın həmmüəllif kimi çıxış etməsi bu dostluğun bariz nümunəsidir. Sözsüz ki, Şərq-Qərb marşrutunda Azərbaycanın əsas hissəsi ilə onun Naxçıvan bölgəsini Ermənistan ərazisindən keçməklə birləşdirən yeni nəqliyyat dəhlizinin reallaşması ölkələrimizin nəqliyyat daşımalarını və tranzit potensialını daha da artıracaq”.
Deputat səfər çərçivəsində Azərbaycan, Türkmənistan, Özbəkistan arasında nəqliyyat dəhlizinin imkanlarının geniş müzakirə edildiyini bildirib: “Məhz Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Öbəkistan liderləri arasında yüksəksəviyyəli görüşün keçirilməsi də bu xüsusda tarixi önəmə malikdir. Zirvə görüşünün Avazada yüksək səviyyədə təşkilinə və səmimi qəbula görə öz təşəkkürlərini çatdıran Prezident İlham Əliyev xalqlarımız arasında mədəni və tarixi yaxınlığa, ortaq dəyərlərə və strateji maraqlara əsaslanaraq, üç dost və qardaş dövlətin əməkdaşlı istiqamətində yeni bir səhifə açıldığını vurğulayıb. Türkmənistanın hədiyyəsi olaraq Füzuli şəhərində məscidin inşa olunması isə qardaşlıq nümunəsi kimi dəyərləndirilir. Eyni zamanda, Füzuli və Arxadağ şəhərləri arasında qardaşlaşma da əlaqələrdə mədəni və humanitar əməkdaşlıq üçün yeni imkanlar açır. Bütün bunlar göstərir ki, Azərbaycan-Türkmənistan münasibətləri yüksəliş dövrünü yaşayır.
Azərbaycanla Özbəkistan arasında 2024-cü il avqustun 23-də imzalanmış “Müttəfiqlik münasibətləri haqqında Müqavilə” iki ölkə arasında münasibətlərin yeni müstəvidə inkişafına zəmin yaradıb. Bu mənada Azərbaycanla Özbəkistan arasındakı qardaşlıq münasibətləri qarşılıqlı dəstəyə, güclü mədəni tellərə və ortaq strateji məqsədlərə əsaslanır. Məhz Özbəkistan dövlətinin hədiyyəsi olaraq Füzuli şəhərində dahi alim Mirzə Uluqbəyin adını daşıyan orta məktəb inşa olunması, Xankəndi şəhərində tikiş fabrikinin fəaliyyət başlaması xüsusi ilə qeyd edilməlidir. Bu qardaşlığın bariz nümunəsi olaraq Bakının müasir mərkəzi olan Ağ şəhərdə “Özbəkistan” parkı yaradılır ki, bu da əlaqələrdə bütün sahələr üzrə olan dinamikanı özündə ehtiva edir”.
Sevinc Hüseynova Azərbaycan, Türkmənistan və Özbəkistanın Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malik olduğunu söyləyib: “Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur. Bunların arasında Orta Dəhliz, limanların genişləndirilməsi, dəmir yolu məsələləri mühüm yer tutur.
Məhz üç ölkənin nəqliyyat, tranzit, logistika istiqamətində birgə səylər göstərməsi nəinki ölkələrimiz üçün, böyük region üçün mühüm əhəmiyyət daşıyacaq. Sözsüz ki, Prezident İlham Əliyevlə, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə sənədlərin imzalanması və birgə Bəyanatın qəbul edilməsi əlaqələrin bundan sonra inkişafına başlıca zəmin yaradacaq”.