2025-ci il avqustun 21-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva işğaldan azad olunmuş Kəlbəcər şəhərinə səfər etdilər. Bu səfər çərçivəsində bir sıra infrastruktur layihələrinin təməli qoyuldu, sakinlərlə görüş keçirildi və mühüm strateji bəyanatlar səsləndirildi. Prezidentin çıxışı həm daxili ictimaiyyətə, həm də beynəlxalq arenaya verilən ciddi siyasi mesajlarla yadda qaldı. Xüsusilə Ermənistanla imzalanması gözlənilən sülh müqaviləsi, regiondakı yeni reallıqlar və Naxçıvana quru bağlantı məsələləri bu çıxışın əsas mövzuları sırasında idi. Prezident İlham Əliyev çıxışında Ermənistanla nəzərdə tutulan sülh müqaviləsinin təşəbbüskarının məhz Azərbaycan olduğunu xüsusi vurğuladı: "Sülh müqaviləsinin müəllifi də bizik. O bəndlərin tərtibatında da bizim mövqeyimiz hər zaman əsas götürülmüşdür."
Bu açıqlama, Azərbaycanın post-münaqişə dövründə regionda siyasi, diplomatik və hüquqi əsasları müəyyən edən tərəf olduğunu bir daha təsdiq edir. Həmçinin bu, ölkəmizin sülhün təşviqinə yönəlmiş prinsipial mövqeyinin beynəlxalq ictimaiyyət qarşısında nümayişidir.
Prezidentin sözlərinə görə, artıq sülh müqaviləsinin paraflanması mərhələsinə keçilib və bu sənədin qəbul olunması regionda onilliklərdir davam edən münaqişənin rəsmi olaraq başa çatdırılması anlamına gəlir: "Bu sənədin paraflanması faktiki olaraq Azərbaycan–Ermənistan qarşıdurmasına son qoyur."
Bu bəyanat həmçinin onu göstərir ki, Ermənistan sülh prosesində qeyri-müəyyən mövqe tutsa da, danışıqlarda əldə edilən razılaşmalar Azərbaycanın milli maraqlarına uyğun şəkildə strukturlaşdırılıb. Prezident İlham Əliyev çıxışı zamanı xüsusi olaraq Azərbaycanın ayrılmaz hissəsi olan Naxçıvanla quru əlaqənin təmin olunmasını vurğuladı: “Bununla bərabər, bizim tarixi diyarımız olan Naxçıvanla quru bağlantısı da təmin edildi.”
Bu bağlantı təkcə ölkədaxili logistik struktur baxımından deyil, həm də geosiyasi əhəmiyyət baxımından son dərəcə stratejidir. Çünki Naxçıvanla birbaşa əlaqənin yaradılması həm türk dünyasının inteqrasiyası, həm də Şərq-Qərb dəhlizlərinin möhkəmlənməsi baxımından həlledici rol oynayacaq. Prezident bildirdi ki, bu məsələ 2020-ci ilin noyabr ayından – İkinci Qarabağ Müharibəsindən dərhal sonra gündəlikdə olub və Ermənistan bu bağlantının yaradılması ilə bağlı öhdəlik götürüb. Gözləntilərə görə, yaxın bir neçə il ərzində bu quru yol vasitəsilə nəqliyyat və sərnişin daşımaları həyata keçiriləcək. Prezidentin sözlərinə əsasən: "Zəngilana qədər inşası davam edən dəmir yolunun gələn il tam hazır olması planlaşdırılır. Eyni zamanda Ermənistan ərazisində də yol infrastrukturu qurulacaq."
Bu yol təkcə Azərbaycan və Naxçıvanı birləşdirməyəcək, eyni zamanda regional inteqrasiyanı genişləndirəcək və "beynəlxalq nəqliyyat dəhlizi" funksiyasını yerinə yetirəcək. Səfər çərçivəsində Prezident İlham Əliyev Kəlbəcərdə görülən tikinti, bərpa və infrastruktur işləri ilə tanış olub. Şəhərdə yeni salınan yaşayış kompleksləri, məktəblər, sosial obyektlər və yol infrastrukturunun yaradılması Böyük Qayıdış proqramının uğurla həyata keçirildiyini göstərir. Bu da sübut edir ki, Azərbaycanın azad edilmiş ərazilərində həyat bərpa olunur və məcburi köçkünlərin öz doğma torpaqlarına qayıdışı üçün hərtərəfli şərait yaradılır. Prezident çıxışında bu məsələyə də toxunaraq bildirdi ki, Kəlbəcərin, Laçının və digər rayonların inkişafı Azərbaycanın uzunmüddətli strategiyasının ayrılmaz hissəsidir və bu bölgələr yalnız iqtisadi baxımdan deyil, həm də strateji əhəmiyyət baxımından da inkişaf etdiriləcək. Azərbaycanın təşəbbüsü ilə formalaşan sülh gündəliyi, nəqliyyat bağlantıları və infrastruktur layihələri ölkəmizin Cənubi Qafqazda geosiyasi aktor kimi mövqeyini daha da gücləndirir. Prezident İlham Əliyevin səfəri zamanı səsləndirdiyi fikirlər bu mövqenin rəsmi təsdiqi hesab olunur. Azərbaycan sülhü təşviq edən, münaqişələri aradan qaldıran və regionu iqtisadi cəhətdən birləşdirən bir gücə çevrilməkdədir. Ermənistanla əldə olunan razılaşmalar isə bu yolun bir hissəsi kimi qiymətləndirilməlidir. Prezident İlham Əliyevin 2025-ci il avqustun 21-də Kəlbəcərə etdiyi səfər həm rəmzi, həm də siyasi baxımdan böyük önəm kəsb edir. Bu səfər zamanı verilən mesajlar Azərbaycanın sülhə, inkişafa və inteqrasiyaya əsaslanan dövlət siyasətinin bariz göstəricisidir.
Sülh müqaviləsinin təşəbbüskarı olaraq Azərbaycanın lider rolu, Naxçıvana quru bağlantının təmin olunması, azad edilmiş ərazilərin sürətli bərpası və regionda sabitliyin möhkəmləndirilməsi bütün bunlar Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən strateji baxışın və uğurlu siyasətin təzahürüdür.
Səadət Məmmədova
Yeni Azərbaycan Partiyası Laçın rayon təşkilatının fəal üzvü