İşğaldan azad olunmuş ərazilərdə, o cümlədən Laçında dövlət başçısı Prezident cənab İlham Əliyevin sərəncamları ilə böyük quruculuq işləri vüsət aldı. Laçın yenidən qurulmağa başladı. MDB Humanitar Əməkdaşlıq Şurasının 2024-cü ilin 8 oktyabr tarixli qərarına əsasən, Laçın şəhəri 2025-ci ildə “MDB-nin mədəniyyət paytaxtı” elan olundu. 2025-ci ilin iyunun 3-də Laçın şəhərində “MDB-nin mədəniyyət paytaxtı – 2025” ilinin rəsmi açılış mərasimi keçirildi. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev Laçında 7 dəfə səfərdə olub. Bu səfərlər Laçının yenidən qurulmasına nəzarət səfərləri, yeni strukturların yaradılması, bu və ya digər infrastrukturun özülünün qoyulması, istifadəyə verilməsi ilə bağlı olub. Otuz ilə yaxın dövrdə erməni vandalizminə məruz qalan Laçın özünün yeni dövrünə qədəm qoyub. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Laçın şəhərində istehsalat, xidmət və tədris müəssisələrinin yaradılması, əhalinin məşğulluğun təmin edilməsi də diqqət mərkəzində saxlanılır. Əhalinin məşğulluğunun təşkili rayonun tarixi ənənələrinə əsaslanır. Belə ki, yaxın gələcəkdə burada ekoloji və səmərəli kənd təsərrüfatı, tikinti, yüngül və qida sənayesi, balıqçılıq, tingçilik və digər sosial xidmət sahələrinin inkişafı nəzərdə tutulur. Laçın şəhərində yaradılan Aqro və Sənaye Parkında ümumilikdə 46 müəssisə fəaliyyət göstərəcək. Burada həm iri, həm də kiçik mebel fabrikləri, yüngül materiallardan ev və digər konstruksiyalar hazırlayan müəssisə, balıq təsərrüfatı, yeyinti sənayesi, yüngül sənaye, ekoloji cəhətdən təmiz emal müəssisələri, xırdabuynuzlu heyvanlar üzrə elmi-təcrübə mərkəzi yaradılacaq. Bu gün Laçın şəhərinin küçələri ilə gəzərkən genişmiqyaslı quruculuq işləri ilə yanaşı 30 ildən sonra doğma yurdlarına qayıtmış laçınlıların çöhrəsində qürur və sevinc ifadəsinin şahidi olur, yeni həyatın başlandığını göstərən evlərdən, həyətlərdən insanların danışıq və gülüş səslərini eşidirik. Dövlətimizin başçısı cənab İlham Əliyevin 2023-cü il iyulun 31-də imzaladığı Sərəncama əsasən Laçın şəhərinin işğaldan azad edildiyi 26 avqust tarixi Laçın şəhəri günü kimi qeyd olunur. Bu gün laçınlılar Laçın Şəhəri Gününü 30 il həsrətində olduqları doğma evlərində qürur və sevinc hissi ilə qeyd edirlər. Azad edildikdən sonra Laçının dünya miqyasında tanıdılmasında xəyallara gəlməyən iki hadisə müstəsna rol oynadı. Birinci hadisə Laçın Beynəlxalq Hava Limanını tikilməsi və istifadəyə verilməsidir. Heç kim inana bilmirdi ki, dağlardan, qayalardan və təpələrdən ibarət olan, düz yerin tapılmadığı Laçında hava limanı tikmək mümkündür. Bu iş görüldü. 2025-ci il mayın 28-də Müstəqillik günüdə Laçın Beynəlxalq Hava Limanının istifadəyə verilməsi tarixi hadisə olmaqla əhəmiyyətinə görə coğrafiyamızı aşaraq daha geniş məna kəsb etdi. İkinci hadisə mayın 28-də Laçın şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şərifin Zirvə görüşünün keçirilməsi oldu. Həmin gün dünyanın gözü Laçında idi. Üç liderin verdiyi mesajlar dostları sevindirir, bədxahları qəm-qüsəyə batırırdı. Gözəl Laçında dalğalanan Azərbaycan, Türkiyə və Pakistan bayraqlarını, Hava Limanında üç təyyarənin dayandığını görmək qəlbləri hədsiz sevinc və fəxarət hissi ilə doldururdu.
Millətimizə xoş gəlməyi təmin edənlərə xoş günlər arzusu ilə Laçın Şəhəri Günümüz mübarək olsun! Allah millətimizin və dövlətimizin yolunu, taleyini açıq etsin.
Xaləddin TAĞIYEV,
YAP Ağdam rayon təşkilatı, Ağdam Dövlət Sosial-İqtisadi Kolleci ərazi partiya təşkilatının sədr müavini