Son illər Azərbaycanın Mərkəzi Asiya, regionun türkdilli dövlətləri, o cümlədən Türkmənistanla genişlənən əlaqələri yeni reallıqlara uyğun şəkildə inkişaf edir və strateji səviyyəyə yüksəlir.Hazırda iki ölkə rəhbərlərinin qarşılıqlı səfərləri, həmin səfərlər zamanı aparılan müzakirələr və əldə olunmuş razılaşmalar əlaqələrimizin gələcək istiqamətlərinin müəyyənləşməsində mühüm rol oynayır. Azərbaycanla Türkmənistan beynəlxalq və regional təşkilatlar, xüsusilə ortaq irsə əsaslanan Türk Dövlətləri Təşkilatı çərçivəsində sıx əməkdaşlıq edirlər. İki ölkə beynəlxalq parlament təşkilatlarında da bir-birinə dəstək verir, uğurlu əməkdaşlıq həyata keçirir. Avqustun 22-də Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistana növbəti səfəri baş tutub. Səfər çərçivəsində diqqətçəkən məqamlardan biri də Azərbaycan, Türkmənistan və Özbəkistan rəhbərlərinin üçtərəfli görüşü oldu. Türkmənbaşı şəhərində Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksək səviyyəli görüş keçirildi.Görüşdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev, Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Türkmənistan, Azərbaycan Respublikası və Özbəkistan Respublikası arasında yüksəksəviyyəli görüşün yekunlarına dair mətbuata birgə bəyanatla çıxış etdilər.Prezident İlham Əliyev bəyanatında qeyd etdi ki, Türkmənistanın inkişafı və müasir dövrdə əldə etdiyi nailiyyətlər ölkənin etibarlı əllərdə olduğunun sübutudur. Dövlət başçımız bildirdi ki, Avaza şəhərində və bütövlükdə Türkmənistanda müşahidə olunan sürətli inkişaf Qurbanqulu Berdiməhəmmədov müdrik rəhbərliyi nəticəsində mümkün olub. Avazada imzalanmış Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşması barədə sənəd Azərbaycan–Türkmənistan münasibətlərinin dərin qardaşlıq təməlini təsdiq edən mühüm siyasi və mədəni addım kimi tarixə düşdü. Azərbaycan və Türkmənistan arasında strateji yaxınlıq həm siyasi, həm də iqtisadi müstəvidə özünü aydın göstərir.Azərbaycan və Türkmənistan arasında münasibətlər qardaşlıq və mehriban qonşuluq prinsiplərinə əsaslanır. Bu əlaqələr təkcə ikitərəfli formatda deyil, həm də beynəlxalq təşkilatlarda (BMT, İƏT, Qoşulmama Hərəkatı, TDT) qarşılıqlı dəstək və koordinasiya ilə müşayiət olunur. Türkmənistan Azərbaycanın Qoşulmama Hərəkatı çərçivəsində irəli sürdüyü təşəbbüsləri daim dəstəkləyərək regional və qlobal səviyyədə həmrəylik nümayiş etdirir. İki ölkənin ortaq tarixi, dil və dini bağları bu əməkdaşlığa emosional çalar qatır.Dərin tarixi zəmin üzərində möhkəmlənən Azərbaycan-Türkmənistan münasibətləri bu gün region üçün də nümunəvi sayılacaq yüksək səviyyəyə çatıb. Həm Azərbaycan, həm də Türkmənistan regional və qlobal əhəmiyyət daşıyan bir çox məsələlərdə oxşar mövqelərdən çıxış edirlər. Türkmənistan Prezidentinin Azərbaycana səfəri çərçivəsində keçirilən çoxsaylı görüşlərdə qeyd edildiyi kimi, ölkələrimiz arasında müxtəlif sahələrdə genişlənən və daha da dərinləşən əməkdaşlıq münasibətləri onu deməyə əsas verir ki, dost və qardaş ölkələr olan Azərbaycan və Türkmənistan indiyədək əldə olunan dinamikanı bundan sonra da artıracaq və yeni əməkdaşlıq istiqamətləri müəyyənləşdirəcəklər.Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkmənistana rəsmi səfəri çox uğurla yekunlaşdı. Bu rəsmi səfər bir daha onu göstərdi ki, Azərbaycan-Türkmənistan əlaqələri həm siyasi dialoq, həm də iqtisadi əməkdaşlıq, humanitar sahədə əlaqələr, Xəzər dənizi və enerji təhlükəsizliyi, eləcə də digər sahələrdə dinamik inkişaf tempinə malikdir. Azərbaycan, Türkmənistan və Özbəkistan bərabərlik, qarşılıqlı fayda və bir-birinin maraqlarının nəzərə alınması prinsipləri əsasında ölkələr arasında ticari-iqtisadi əməkdaşlığı gücləndirmək məqsədi daşıyır.
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri