Tanınmış rusiyalı iqtisadçı ekspert Mixail Belyayev Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) avqustun 31-dən sentyabrın 1-dək Çinin Tianjin şəhərində keçiriləcək sammiti çərçivəsində Rusiya və Azərbaycan liderlərinin görüşünün mümkünlüyünü “Moskva-Baku” portalına qısa müsahibəsində şərh edib. Müsahibəni oxucularımıza təqdim edirik.
- Mixail Kimoviç, həm Rusiya, həm də Azərbaycan liderləri Çində ŞƏT sammitində olacaqlar. Ayrıca görüş və danışıqlar nə dərəcədə mümkündür?
- Hesab edirəm ki, Vladimir Putinlə İlham Əliyev arasında təmaslar Şanxay Əməkdaşlıq Təşkilatının Çinin Tyantszin şəhərində keçirilən sammiti çərçivəsində baş tuta bilər. Onların müzakirə edəcəkləri çox şey var. Rusiya-Azərbaycan münasibətlərində vaxtaşırı yaranan çətinliklər yığılıb- liderlər ikitərəfli münasibətlərə dair məsələləri müzakirə edib müqayisə edə bilərlər, üstəlik, ölkələr üçün əlamətdar olan hadisələr– xüsusən də Putinlə Trampın Ankoric görüşü, Əliyev, Tramp və Paşinyan arasında Vaşinqton görüşü barədə fikir mübadiləsi apara bilərlər.
Başa düşmək lazımdır ki, bəzi situasiyalarda dövlətlərin yüksək vəzifəli şəxslərindən və ikitərəfli münasibətlərdən söhbət gedəndə bəzən təmasların məzmunu deyil, onların faktı önəmlidir. Və başa düşmək lazımdır ki, elə bir məqam gələcək ki, yaxın qonşu olan dövlətlərimiz hələ də yığılıb qalmış çətin məsələləri həll etməli olacaqlar. Gec-tez bu baş verməlidir.
İki lider arasında təmasların mümkünlüyünü nə göstərir? İlk növbədə, bu yaxınlarda Həştərxanda iki ölkənin baş nazirlərinin müavinlərinin həmsədrliyi ilə Rusiya və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası keçirilib. Görüş faktı Putinlə Əliyev arasında Çində təmas şansını artırır.
Baş nazirin müavinləri adi şəxslər deyil. Və görüş sadəcə hansısa protokol söhbəti deyildi. İclasda iki ölkənin 40-a yaxın nazir, idarə və dövlət qurumlarının rəhbərləri iştirak edib.
Bundan əlavə, çox əlamətdar haldır ki, görüşün ertəsi günü Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov rusiyalı həmkarı Sergey Lavrova zəng edib. Və söhbət zamanı nazirlər hökumətlərarası komissiyanın iclasının nəticələrini yüksək qiymətləndiriblər. Bu çağırış və qiymətləndirmə faktı ciddidir.
İqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın iclası zamanı iki ölkənin nümayəndələri ötən ilin avqustunda razılığa gəldikləri əməkdaşlıq sahələrinin spektrini müqayisə ediblər. Bu, Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizi, sənaye istehsalı, əczaçılıq, enerji və turizm sahələrində daha güclü əməkdaşlığın həyata keçirilməsidir. Azərbaycanda Rusiya kapitallı 1800 şirkətin fəaliyyət göstərdiyi vurğulanıb. Bu, çox vacib bir məqamdır. Ölkələrin gələcək iqtisadi tərəqqisini və rifahını müəyyən edən sahələrlə bağlı yüksək texnologiyalı sənayelər də daxil olmaqla, onlarla birgə layihələr hazırlanır.
Obyektiv tezis: dövlətlər,- bu halda Rusiya və Azərbaycan- ikitərəfli münasibətlərdə bundan sonra hansı addımı atacaqlarını yoxlayanda xəritəyə baxmaq, reallığa baxmaq lazımdır. Qonşu dövlətlərin iqtisadi əməkdaşlığa ehtiyacı var, iqtisadiyyat fantaziya elmi deyil, fəaliyyət elmidir və çox sərt və məhdud parametrlərdədir. Və bu həmişə diqqətdə saxlanılmalıdır. Statistikaya görə, Rusiya Azərbaycan üçün ticarət dövriyyəsinə görə 3-cü yerdədir. Bu yaxşı göstəricidir.
Hazırda Rusiya-Azərbaycan münasibətlərində qeydə aldığımız tendensiyalar digər sahələrdə- siyasətdə, mədəniyyətdə və s. sahələrdə əməkdaşlığın daha da normallaşması üçün əsas ola bilər.
Bir faktı diqqətə çatdırmaq istərdim ki, Rusiya Prezidenti Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanı ad günü münasibətilə ürəkdən təbrik edib, Rusiya regionlarının rəhbərləri və Rusiya Prezidenti Administrasiyasının nümayəndələri də onu təbrik ediblər. Bu da təbii ki, ikitərəfli münasibətlərdə müsbət cəhətdir.
Xülasə: Çində keçiriləcək ŞƏT sammiti Putin və Əliyev arasında təmaslar üçün yaxşı platformadır, xüsusən də Çin platforması hər iki ölkə üçün əlverişli olduğundan orada Avrasiyanın gələcəyinin gündəliyi, onun təhlükəsizliyi, hər iki ölkə üçün aktual olan iqtisadi vəzifələr müzakirə olunacaq. Bu gün qlobal inkişafın vektoru Şərqə keçib. ŞƏT ölkələri dünya əhalisinin yarısını təmsil edir, bu gün dünyada hökmranlıq edən qüvvədir.
İqtisadiyyat çox şeyi müəyyənləşdirir, iqtisadiyyat ölkə sakinlərinin rifahıdır. Dövlət başçıları isə bu barədə daim düşünməli, daim bu sahəyə qayğı göstərməli, irəliyə baxmalı, hər bir addımını hesablamalıdır. O cümlədən nəzərə alınmalıdır ki, coğrafiyanı dəyişmək olmaz, qonşularla yaxşı, qarşılıqlı faydalı, o cümlədən iqtisadi münasibətlər qurulmalıdır.
Tərcümə - Elçin