Müzəffər Ali Baş Komandan İlham Əliyevin sərkərdəlik məharəti və şanlı Azərbaycan Ordusunun sücaəti, qahrəmanlığı sayəsində Azərbaycanın haqq davası olan 44 günlük Vətən müharibəsi zamanı doğma torpaqlarımızı işğaldan azad etdi və tarixi ədalət bərpa olundu.
Qürur hissi ilə deyə bilərik ki, Vətən müharibəsi zamanı Azərbaycan xalqı öz Liderinin ətrafında sıx birləşərək bütün dünyaya öz gücünü, mətinliyini, mübarizliyini nümayiş etdirdi.
Eyni zamanda qeyd etmək lazımdır ki, 44 gün davam edən və işğal altındakı ərazilərimizin azad olunması ilə nəticələnən Vətən müharibəsi tariximizin ən parlaq səhifəsinə, Azərbaycan xalqının iftixar və qürur mənbəyinə çevrildi.
Bütün Azərbaycan xalqının, o cümlədən dünyanın müxtəlif yerlərində yaşayan soydaşlarımızın iftixarı və fəxri olan 44 günlük Vətən müharibəsi müstəqil dövlətçilik tariximizə qızıl hərflərlə yazıldı.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanının “Əl-Ərəbiyyə” telekanalına müsahibə verib.
Prezident cənab İlham Əliyevin müsahibəsi avqustun 26-da həmin telekanalda yayımlanıb. Müsahibə zamanı dövlət başçısı cənab İlham Əliyev bildirib ki, "Təqribən beş il bundan əvvəl 44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan ədaləti, beynəlxalq hüququ və öz ləyaqətini bərpa etdi, torpaqlarını geri qaytardı. Bundan sonra prosesdə müəyyən bir boşluq yarandı, çünki o zaman vasitəçilər artıq hansı addımı atmalı olduqlarını bilmirdilər və məhz Azərbaycan Ermənistanla sülh prosesinə başlamağı təklif etdi. Yenə də məhz biz danışıqlar formatının təşəbbüskarı olduq. Biz sülh sazişinin layihəsini təqdim etdik. Əslində, avqustun 8-də Vaşinqtonda paraflanmış sənəd Ermənistan–Azərbaycan münasibətlərinin dövlətlərarası çərçivədə necə qurulmalı olduğu barədə Azərbaycanın baxışına əsaslanır."
Tam əminliklə deyə bilərik ki, cənab İlham Əliyevin rəhbərliyi və yorulmaz fəaliyyəti nəticəsində ölkəmiz yeni uğurlara və qələbələrə imza atacaqdır. Bu gün Azərbaycan müstəqil siyasət yürüdür və öz milli maraqları çərçivəsində, beynəlxalq hüquq normalarına əsaslanaraq öz siyasi mövqeyini ortaya qoyur. Məhz bu siyasətin nəticəsidir ki, Azərbaycan nəinki regionda, beynəlxalq aləmdə böyük nüfuz sahibi olan bir dövlətə çevrilib.
Elmin MƏMMƏDOV
YAP Ağdam rayon təşkilatının əməkdaşı