Türk dünyasının birliyinin, həmrəyliyinin gücləndirilməsi bütün dövrlər üçün aktuallığını qoruyur. Tarixi Zəfərimizdən sonra bu birliyə xidmət edən addımlar davamlılığı ilə diqqətdədir. Türkdilli ölkələrin dövlət başçılarının qarşılıqlı səfərləri dinamik xarakter daşıyır.
Bu günlərdə cənab İlham Əliyev Türkmənistanda işgüzar səfərdə oldu. Avaza şəhərinə ikinci dəfə səfər etdiyini söyləyən dövlətimizin başçısı bildirdi ki, burada gedən inkişaf, aparılan quruculuq işləri Türkmənistanın etibarlı əllərdə olduğunu aydın şəkildə göstərir. Qurbanqulu Məlikquliyeviçin müdrik rəhbərliyi sayəsində təkcə Avaza deyil, bütün digər şəhər və kəndlər sürətlə inkişaf edir, abadlaşır, yeni yaşayış məntəqələri salınır, müasir infrastruktur layihələri gerçəkləşdirilir.
Türkmənistan ilə Azərbaycan arasında münasibətlərin qədim tarixi var. Azərbaycanlıları və türkmənləri eyni kök, mədəniyyət, qədim tarixi ənənələr, eyni zamanda, dil və din eyniliyi birləşdirir. Ölkələrimizin diplomatik münasibətlərinin əsası 1992-ci il iyunun 9-da yaradılıb. O vaxtdan indiyədək dövlət başçıları səviyyəsində qarşılıqlı səfərlər həyata keçirilib və müxtəlif sahələr üzrə əməkdaşlıq müqavilələri imzalanıb.
Azərbaycan ilə Türkmənistan arasında yüksəksəviyyəli siyasi dialoq qarşılıqlı hörmət və bərabərhüquqluluq prinsiplərinə söykənir. Ölkə rəhbərlərinin bir-birinə qarşılıqlı hörməti, aktual siyasi məsələlərə koordinasiyalı yanaşma münasibətlərimizin təməlini təşkil edir.
Səfər çərçivəsində imzalanan mühüm sənədlər arasında Arxadağ və Füzuli şəhərlərinin qardaşlaşması barədə razılaşma xüsusi rəmzi məna daşıyır. Cənab İlham Əliyev bildirdi ki, Füzuli və Arxadağ şəhərləri arasında qardaşlaşma əlaqələrimizin yaradılması mədəni və humanitar əməkdaşlıq üçün yeni imkanlar açır. Bütün bunlar göstərir ki, Azərbaycan-Türkmənistan münasibətləri yüksəliş dövrünü yaşayır. Biz bu münasibətlərin bütün sahələrdə inkişafı üçün birgə səylərimizi davam etdirəcəyik.
Əsrlər boyu bir ailə kimi yaşayan Azərbaycan və Türkmənistan xalqları bu gün də müstəqil dövlətlər olaraq ortaq ənənələrə sadiqdir və yeni üfüqlərə doğru birlikdə addımlayır. Dövlətimizin başçısı çıxışlarında bu məqamı da xüsusi qeyd etdi ki, iki ölkə arasındakı münasibətlər təkcə siyasi və iqtisadi tərəfdaşlıqla məhdudlaşmır. Bu, dostluq, gələcək əməkdaşlıq modelidir. Azərbaycan və Türkmənistanın mövqeləri tam üst-üstə düşür, hər iki tərəf gələcək əməkdaşlığa hazırdır və regionun inkişafı üçün ortaq addımlar atmağa sadiqdir.
Onu da qeyd edək ki, səfər həm iki ölkənin münasibətlərinin gələcək inkişafı, həm də yeni əməkdaşlıq formatının yaradılması üçün stimul oldu. Belə ki, Türkmənistan, Azərbaycan və Özbəkistan arasında yüksəksəviyyəli görüş keçirildi. Prezident İlham Əliyev görüşdəki çıxışında qeyd etdi ki, Azərbaycan, Türkmənistan və Özbəkistan Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən mühüm geostrateji mövqeyə malikdir. Ölkələrimizin qarşısında nəqliyyat-tranzit əməkdaşlığı sahəsində yeni vəzifələr və imkanlar durur. Bunların arasında Orta Dəhliz, limanların genişləndirilməsi, dəmir yolu məsələlərini biz bu gün hörmətli qardaşım Qurbanqulu Məlikquliyeviçlə geniş müzakirə etdik. Bu məsələləri Şavkat Miromonoviçlə də son görüşümüzdə müzakirə etmişik. Yəni, üç ölkənin nəqliyyat, tranzit, logistika istiqamətində birgə səylər göstərməsi nəinki ölkələrimiz üçün, böyük region üçün mühüm əhəmiyyət daşıyacaq.
Həmçinin, bildirilib ki, energetika sahəsində əməkdaşlıq etmək üçün gözəl imkanlar var. Azərbaycanın Türkmənistanla ənənəvi energetika əməkdaşlığı mövcuddur. Biz Özbəkistanla da bu sahəyə artıq qədəm qoymuşuq. SOCAR artıq Özbəkistanda neft yatağının işlənilməsinə də başlayıb, kontrakt imzalanıb. Cənab İlham Əliyev vurğuladı ki, ümid edirik yaxın bir-iki il ərzində bizə gözəl xəbərlər verəcəklər. Özbəkistanda böyük neft yatağının kəşf edilməsi xəbərini biz hamımız səbirsizliklə gözləyirik.
Dövlətimizin başçısı çıxışlarında onun dəvəti ilə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun iyul ayında Azərbaycanda səfərdə olduğunu önə çəkərək qeyd etdi ki, bu səfər zamanı iki gün ərzində həm Bakıda, həm də Qarabağ bölgəsində bir sıra mühüm görüşlər keçirildi. Həmin görüşlər zamanı iqtisadi, siyasi və mədəni sahələrdə qarşılıqlı maraq doğuran məsələlər geniş müzakirə olundu. İki qardaş ölkə bundan sonra da çiyin-çiyinə irəliləyəcək.
Zirvə görüşünün Avazada yüksək səviyyədə təşkilinə və səmimi qəbula görə Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədova dərin minnətdarlığımı bildirən cənab İlham Əliyev əminliklə qeyd etdi ki, bu gün biz xalqlarımızın mədəni və tarixi yaxınlığına, ortaq dəyərlərə və strateji maraqlara əsaslanaraq, üç dost və qardaş dövlətin əməkdaşlığı tarixində yeni bir səhifə açırıq.
Şəhla Abdullayeva
YAP Ucar rayon təşkilatının sədri