PDF Oxu

Siyasət

  • 717

Azərbaycan-Özbəkistan: ortaq tarixi, dili, mədəniyyəti paylaşan xalqlar

image

Prezident İlham Əliyev: "Biz qardaş Özbəkistanla əməkdaşlığımızı genişləndirmək əzmindəyik"

Azərbaycan və Özbəkistanı çoxəsirlik qardaşlıq münasibətləri birləşdirir. Ümummilli Lider Heydər Əliyev siyasi məktəbinin layiqli davamçısı, Azərbaycan Prezidenti İlham Əliyevin uğurlu xarici siyasi fəaliyyəti və qətiyyətli mövqeyi sayəsində Azərbaycan bölgədə böyük nüfuz sahibi olan ölkəyə çevrilmişdir. Azərbaycan dünyada özünü etibarlı tərəfdaş kimi təsdiq edərək beynəlxalq arenada nüfuzunun daha da yüksəlməsinə nail olmuşdur. Azərbaycan Mərkəzi və Orta Asiya ölkələri ilə də sıx siyasi və iqtisadi əlaqələrə malikdir. Xalqlarımızın dil, din, mədəniyyət, mənəvi dəyərlər baxımından yaxınlığı, eyni zamanda ortaq tarixə malik olması bu əlaqələrə təsir göstərən mühüm amillərdəndir. Ölkəmizin Mərkəzi və Orta Asiyanın türkdilli dövlətləri arasındakı münasibətləri yüksələn xətlə inkişaf etməsinə Azərbaycanın Özbəkistanla olan əlaqələrini misal göstərmək olar. Azərbaycan-Özbəkistan əlaqələrinin bütün sahələrdə uğurla inkişafı, iki ölkə arasında imzalanan sənədlər strateji münasibətlərin və müttəfiqlik əlaqələrinin daha da mökəmlənməsinə, ölkələrimiz arasında əməkdaşlığın ildən-ilə güclənməsinə gətirib çıxarır. "Biz qardaş Özbəkistan ilə gündən-günə yeni məzmunla zənginləşən əməkdaşlığımızı, xüsusilə də iqtisadi-ticari, enerji, investisiya, kənd təsərrüfatı, nəqliyyat-logistika sahələrində səmərəli fəaliyyətimizi bundan sonra da birgə səylərimizlə genişləndirmək əzmindəyik. Yüksək səviyyədə qarşılıqlı anlaşmanın, etimad və inamın mövcudluğu bunun üçün əlverişli zəmin yaradır". Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Özbəkistan Prezidenti Şavkat Mirziyoyevə bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə ünvanlandığı məktubda yer alıb.

"ÇOXŞAXƏLİ FƏALİYYƏTİNİZİN, UZAQGÖRƏN SİYASƏTİNİZİN, VƏTƏNƏ VƏ XALQA ŞƏRƏFLİ XİDMƏTİNİZİN NƏTİCƏSİDİR"

Şavkat Mirziyoyevə və Özbəkistan xalqına öz adından və Azərbaycan xalqı adından təbriklərini çatdıran dövlətimizin başçısı məktubunda qeyd edib: "Bu gün Sizin müəyyən etdiyiniz yeni Özbəkistan strategiyası əsasında ölkənizin sürətli və hərtərəfli inkişafı, bütün sahələrdə tərəqqisi, iqtisadi gücünün artması, qlobal müstəvidə nüfuzu və mövqelərinin möhkəmlənməsinin şahidi olmaqdan qardaş ölkə olaraq sevinc hissi duyuruq. Özbəkistanın əldə etdiyi bütün nailiyyətlər Sizin çoxşaxəli fəaliyyətinizin, uzaqgörən siyasətinizin, Vətənə və xalqa şərəfli xidmətinizin nəticəsidir".

Prezident İlham Əliyev bildirib ki, Azərbaycan-Özbəkistan münasibətləri ortaq tarixi, dili, mədəniyyəti paylaşan xalqlarımız arasında formalaşmış qardaşlıq əlaqələrinin xoş ənənələrini özündə bariz şəkildə əks etdirir.

Dövlətlərarası əlaqələrimizin hazırda yüksələn xətt üzrə dinamik inkişaf etməsində ali səviyyəli qarşılıqlı səfərlərin və görüşlərin mühüm rol oynadığını diqqətə çatdıran Azərbaycan Prezidenti iyul ayında Özbəkistan Prezidentinin Azərbaycana dövlət səfərini ikitərəfli münasibətlərin müttəfiqlik xarakterini bir daha təsdiqlədiyini ifadə edib: "İnanıram ki, Azərbaycan-Özbəkistan əlaqələrinin gələcək fəaliyyət istiqamətlərinə dair əldə etdiyimiz mühüm razılaşmalar, müxtəlif sahələr, xüsusilə də iqtisadi tərəfdaşlığın şaxələndirilməsi üzrə imzalanmış bir sıra sənədlər əməkdaşlığımızın əhatə dairəsinin genişlənməsinə, müttəfiqlik münasibətlərimizin daha da möhkəmlənməsinə və dərinləşməsinə töhfələr verəcəkdir".

"AZƏRBAYCAN-ÖZBƏKİSTAN QARDAŞLIĞI BUNDAN SONRA DA BÜTÜN BİRGƏ TƏŞƏBBÜSLƏRİMİZİN GERÇƏKLƏŞMƏSİNDƏ MÜHÜM ROL OYNAYACAQ"

Bildiyimiz kimi, Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev cari ilin iyulun 2-də Azərbaycan Respublikasına dövlət səfəri iki ölkə arasında çoxəsrlik dostluq münasibətlərinin inkişafında mühüm əhəmiyyət kəsb edir. Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana növbəti dövlət səfəri iki ölkə arasında strateji tərəfdaşlığın yeni mərhələyə qədəm qoyduğunu nümayiş etdirir. Bu səfər təkcə siyasi və diplomatik əhəmiyyət daşımır, həmçinin iqtisadi əməkdaşlığın dərinləşdirilməsi və institusional çərçivədə möhkəmləndirilməsi baxımından ciddi irəliləyişlərə zəmin yatmış oldu.

Şübhəsiz ki, son illərdə Azərbaycan-Özbəkistan əlaqələri əməkdaşlığımızın gələcəkdə daha da möhkəmlənəcəyini göstərir. Hazırda ölkələrimiz arasında bütün sahələri əhatə edən strateji və çoxşaxəli əməkdaşlıq getdikcə dərinləşir və ikitərəfli münasibətlərin gələcək inkişafı üçün möhkəm təmələ çevrilir.

Səfər çərçivəsində iyulun 2-də Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin iştirakı ilə mübadiləsi mərasimi olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikasının və Özbəkistan Respublikasının Ali Dövlətlərarası Şurasının ikinci iclasının Qərarını imzalamışdılar. Keçən il isə Daşkənddə qarşılıqlı müttəfiqlik fəaliyyəti haqqında Müqavilə imzalanıb. Bu, ölkələrin münasibətlərində ən yüksək və əhəmiyyətli sənəddir.

Prezident İlham Əliyev, həmçinin əmin olduğunu bildirib ki, Azərbaycan-Özbəkistan qardaşlığı bundan sonra da bütün birgə təşəbbüslərimizin gerçəkləşməsində mühüm rol oynayaraq, ölkələrimizin inkişafına, xalqlarımızın rifahına xidmət edəcək.

"BİZ ÖZBƏKİSTANIN SÜRƏTLİ İNKİŞAFINI, BÜTÜN SAHƏLƏRDƏ GENİŞMİQYASLI İSLAHATLARIN HƏYATA KEÇİRİLMƏSİNİ BÖYÜK MARAQ VƏ SEVİNCLƏ MÜŞAHİDƏ EDİRİK"

Vurğulamaq yerinə düşər ki, 2022-ci il Azərbaycan-Özbəkistan əlaqələrinin inkişafı baxımından məhsuldar olub. Dövlətimizin başçısının Özbəkistana üç dəfə səfər etməsi Azərbaycan Prezidentinin qardaş ölkə ilə əməkdaşlığın inkişafına böyük önəm verməsinin göstəricisidir. 2023-cü il noyabrın 8-də isə Prezident İlham Əliyev İqtisadi Əməkdaşlıq Təşkilatının 16-cı Zirvə toplantısında iştirak etmək üçün Özbəkistanda səfərdə olub. Dövlətimizin başçısının bütün bu səfərləri zamanı əldə edilmiş razılaşmalar Mərkəzi Asiyanın aparıcı ölkələrindən olan Özbəkistanla əlaqələrimizin yeni mərhələdə əsas konturlarını müəyyənləşdirib.

Mühüm nəqliyyat marşrutlarının üzərində yerləşən ölkələrimiz bu sahədə də fəal əməkdaşlıq həyata keçirir. Prezident İlham Əliyevin uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda bir sıra mühüm nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Bütün bunlar Azərbaycan vasitəsilə Mərkəzi Asiya ölkələrindən, o cümlədən Özbəkistandan yükdaşımaların həcminin daha da artmasına təkan verir. Prezident İlham Əliyevin 2022-ci ilin iyununda Özbəkistana dövlət səfəri zamanı imzalanan "Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında beynəlxalq avtomobil əlaqələri haqqında Saziş" bu baxımdan mühüm əhəmiyyətə malikdir.

Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində diqqətə çəkib ki, biz Özbəkistanın sürətli inkişafını, bütün sahələrdə genişmiqyaslı islahatların həyata keçirilməsini böyük maraq və sevinclə müşahidə edirik. Özbəkistanın beynəlxalq arenada imicinin ildən-ilə artmasına, iqtisadi potensialının güclənməsinə, sosial həyatının bir çox məsələsinin həll olunmasına şadıq: "Bütün bunlar Prezidentin, Özbəkistan rəhbərliyinin düşünülmüş siyasətinin nəticəsidir. Bunların hamısı konkret proqramlarda da öz əksini tapır. Biz, dost və qardaşlar olaraq buna ürəkdən sevinirik".

"ÖZBƏKİSTANA İNVESTİSİYALAR AZƏRBAYCAN ÜÇÜN PRİORİTETDİR"

Azərbaycan ilə Özbəkistan arasında iqtisadi-ticarət münasibətləri davamlı müsbət dinamika nümayiş etdirir. Bu ilin ilk beş ayında Özbəkistanla ticarət dövriyyəsi ötən ilin eyni dövrü ilə müqayisədə üç dəfədən çox artaraq 200 milyon dolları ötüb. Ötən il Azərbaycan-Özbəkistan ikitərəfli tərəfdaşlığı üçün mühüm hadisələrlə zəngin olub. May ayında Quba şəhərində II Regionlararası Forum keçirilib, onun çərçivəsində Füzuli və Gülüstan, Biləsuvar və Tərmiz, Mingəçevir və Namanqan şəhərləri arasında qardaşlaşma sazişləri imzalanıb.

"Özbəkistana investisiyalar Azərbaycan üçün prioritetdir. Birincisi, ona görə ki, bu, dost, qardaş ölkədir. İkincisi, çünki Özbəkistan Prezidentinin düşünülmüş islahatları nəticəsində ölkədə çox yaxşı investisiya mühiti yaradılıb", - deyə Azərbaycan Prezidenti çıxışlarının birində bildirib.

Özbəkistan da dost ölkələr kimi, Qarabağın bərpasına öz töhfəsini verir. "Öz təşəbbüsü ilə Qarabağ bölgəsinin bərpasına dərhal yardım edən Prezident Mirziyoyev dünyada ilk lider olub. Sosial təhsil infrastrukturunun ilk obyekti isə məhz Özbəkistanın tikdirdiyi bu məktəbdir və mən Şavkat Miromonoviçlə onun açılışını etmişik. O, özbək xalqının böyük oğlu Mirzə Uluqbəyin adını daşıyır və burada öz əcdadlarının torpağına qayıdan uşaqlar təhsil alırlar", - deyə dövlət başçımız bildirib.

Azərbaycan və Özbəkistan prezidentlərinin mütəmadi şəkildə həyata keçirilən qarşılıqlı səfərləri növbəti dəfə də öz ənənəsinə sadiq qaldı. Belə ki, Özbəkistan Prezidenti Şavkat Mirziyoyevin Azərbaycana dövlət səfəri çərçivəsində Bakıda Özbəkistanın Azərbaycandakı səfirliyinin yeni binasının açılışında iştirak ediblər. Müasir tələblərə cavab verən yeni kompleks iki qardaş ölkə arasında çoxtərəfli strateji tərəfdaşlıq münasibətlərinin və müttəfiqliyin gələcək inkişafına yönəlib. "Özbəkistan" parkının təməlini qoyulması, ölkələrimiz arasında imzalanmış sənədlərin mübadilə edilməsi, Özbəkistan səfirliyinin yeni binasının açılışı münasibətlərimizin müsbət strateji inkişaf prosesi yaşadığını və çoxşaxəli əməkdaşlığın sürətlə genişləndiyini sürətləndiyini deməyə imkan verir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər