PDF Oxu

Siyasət

  • 1 029

Vaşinqton razılaşması Cənubi Qafqazda yeni siyasi mərhələnin başlanğıcıdır

image

Prezident İlham Əliyevin “Əl-Ərəbiyyə” telekanalına verdiyi müsahibə region və dünya miqyasında mühüm siyasi mesajlarla yadda qaldı. Dövlət başçısı söhbətində həm tarixi proseslərə nəzər saldı, həm də gələcək mərhələdə sülhün möhkəmləndirilməsi üçün atılacaq addımlardan danışdı. Prezident İlham Əliyev Vaşinqtonda əldə olunan razılaşmanı yüksək qiymətləndirərək bildirdi ki, bu sənəd Cənubi Qafqazda uzun illər davam edən qarşıdurmalara son qoyur və yeni siyasi imkanlar yaradır.

Prezident çıxışında Ermənistanın Azərbaycana qarşı təcavüz siyasətinin tarixi köklərinə toxundu. O xatırlatdı ki, 1990-cı illərin əvvəllərində Ermənistan xarici havadarlarının dəstəyi ilə Azərbaycan torpaqlarının 20 faizini işğal etmiş, nəticədə bir milyon insan doğma yurd-yuvasından məcburi şəkildə köçürülmüşdü. O dövrdə zəif orduya malik olan Azərbaycan, Ümummilli Lider Heydər Əliyevin qətiyyətli siyasəti nəticəsində dövlət müstəqilliyini itirmək təhlükəsindən xilas oldu.
1994-cü ildə atəşkəsin əldə olunması ölkədə sabitliyin bərpasına və dövlət quruculuğu istiqamətində mühüm işlərin başlanmasına şərait yaratdı. Məhz həmin dövrdən sonra güclənən Azərbaycan 2020-ci ildə İkinci Qarabağ müharibəsində tarixi Qələbə qazandı və beynəlxalq hüquqla tanınmış ərazilərini azad etdi.Prezident İlham Əliyev müsahibəsində qeyd etdi ki, danışıqlar prosesinin uzanmasına baxmayaraq, Azərbaycan həmişə sülhün tərəfdarı olub.
Vaşinqtonda paraflanmış sənəd isə sülhün gerçəkləşməsində mühüm mərhələdir. Dövlət başçısı bildirdi ki, Ermənistan konstitusiyasında Azərbaycanın ərazi bütövlüyünü şübhə altına alan müddəa aradan qaldırıldıqdan sonra formal imzalanma mərhələsi də baş tutacaq. Bu, həm Ermənistan, həm də bütün region üçün dayanıqlı inkişaf imkanları açacaq. İlham Əliyev vurğuladı ki, hər hansı qüvvə bu prosesə mane olmağa çalışsa, bütün beynəlxalq ictimaiyyətin təzyiqi ilə üzləşəcək.
Müsahibədə diqqət çəkən məqamlardan biri də ABŞ Konqresində qəbul olunmuş 907-ci düzəlişin ləğvi və ATƏT-in Minsk qrupunun fəaliyyətsizliyinə verilən qiymət idi. Prezident İlham Əliyev bəyan etdi ki, artıq münaqişə mövcud deyil və vasitəçilik missiyasının hüquqi əsasları qalmayıb. ABŞ Prezidenti Donald Trampın bu prosesdəki rolu, eləcə də onun ədalətli mövqeyi xüsusi vurğulandı.
Azərbaycanın tolerantlıq və multikulturalizm siyasəti də müsahibədə əhatəli şəkildə təqdim olundu. Dövlət başçısı bildirdi ki, Azərbaycanda müxtəlif dinlərin və etnik qrupların nümayəndələri sülh və qarşılıqlı hörmət şəraitində yaşayır. Şiə və sünnilərin birgə ibadət etməsi, digər dinlərin nümayəndələrinin sərbəst şəkildə fəaliyyət göstərməsi Azərbaycanın nümunəvi modelini ortaya qoyur. Bu, həm regionda, həm də İslam dünyasında yüksək dəyərləndirilir.
Enerji əməkdaşlığı və türk dünyasının birliyi məsələləri də Prezidentin diqqət mərkəzində idi. Azərbaycanın həm Avropa, həm də Yaxın Şərq ölkələrinə qaz ixrac etməsi enerji təhlükəsizliyinə böyük töhfə verir. Bununla yanaşı, Zəngəzur dəhlizi layihəsi türk dünyasının inteqrasiyasını gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub nəqliyyat marşrutlarını birləşdirəcək.Prezident İlham Əliyevin vurğuladığı kimi, Azərbaycanın mövqeyi aydın və prinsipialdır: ölkəmiz regionda qalib, etibarlı və nüfuzlu tərəfdaş olaraq öz sözünü deyir.

Təvəkkül Əliyev
YAP Şuşa rayon təşkilatının sədri

Digər xəbərlər