Prezident İlham Əliyev: "Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk"
Azərbaycan ilə dünyanın bir çox ölkələri arasında imzalanan sənədlər, ölkələr arasında münasibətlərin daha da genişləndirilməsi istiqamətində atılan addımlar siyasi, iqtisadi və mədəni sahədə əlaqələrin dərinləşməsi üçün yeni imkanlar açıb. Azərbaycanın iştirakçısı olduğu görüşlər, təşəbbüsləri, beynəlxalq layihələri ölkəmizin nüfuzunun artdığının və etimadının yüksəldiyinin daha bir göstəricisidir. Müasir dövrümüzdə böyük tərəqqi yolu keçən və Zəfər qazanan Azərbaycan dinamik inkişaf edən və bütün dünyada hörmət olunan ölkəyə çevrilib. Azərbaycanda bütün sahələrin inkişafı ilə yanaşı, beynəlxalq münasibətlər, diplomatik əlaqələr uğurla inkişaf edir. Bu gün Azərbaycanın bir çox dünya ölkələri ilə yanşı, Çinlə də əlaqələri uğurlu inkişaf yolundadır. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpinin dəvəti ilə avqustun 30-da bu ölkəyə işgüzar səfəri əlaqələrin yüksək səviyyədə oluğunun göstəricisidir. Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Çin Xalq Respublikasının Sədri Si Cinpin ilə görüşü olub.
Prezident İlham Əliyevi “mənim əziz dostum” - deyərək salamlayan Çin Xalq Respublikasının Sədri Si Cinpin dövlətimizin başçısına onun dəvətini qəbul edərək “ŞƏT plyus” formatında Zirvə toplantısında, həmçinin Çinin xarici hərbi müdaxilə və faşizm üzərində qələbəsinin 80 illiyi münasibətilə keçiriləcək təntənəli tədbirlərdə və hərbi paradda iştirakına görə təşəkkürünü bildirib. Si Cinpin Azərbaycan ilə Çin arasında 30 ildən artıq dövr ərzində uğurlu əməkdaşlıq münasibətlərinin qurulduğunu və hazırda əlaqələrimizin hərtərəfli strateji tərəfdaşlıq müstəvisində inkişaf etdiyini vurğulayaraq, Prezident İlham Əliyevin Çin Xalq Respublikasına dövlət səfərini məmnunluqla xatırlayıb, bu səfər çərçivəsində aparılmış müzakirələrin əhəmiyyətinə toxunub.
Dünyanın ən böyük dövlətlərindən olan Çinlə Azərbaycan arasında diplomatik əlaqələr 1992-ci ilin aprel ayının 2-də qurulmuşdur. Azərbaycan Respublikası yarandıqdan sonra onun müstəqilliyini tanıyan ilk ölkələrdən biri də Çin Xalq Respublikası olub. Milli Məclisin qərarı ilə 1993-cü il 3 sentyabrda Azərbaycan Respublikasının Çin Xalq Respublikasında səfirliyinin açılması qərarlaşdırılıb. Müstəqilliyini yenicə bərpa etmiş Azərbaycan Respublikasının dünya dövlətləri, xüsusilə Çin Xalq Respublikası kimi qüdrətli ölkə tərəfindən tanınması mühüm əhəmiyyət kəsb edir. Bu əlaqələrin inkişaf və möhkəmlənməsində Ulu Öndər Heydər Əliyevin rolu əvəzsizdir. Çin Azərbaycanla münasibətlərin inkişaf etdirilməsinə böyük əhəmiyyət vermiş və bütün sahələrdə dostcasına əməkdaşlığın daha da genişləndirilməsi üçün addımlar atılmışdır. Pekinlə Bakı arasında diplomatik münasibətlər yaradılması ikitərəfli əlaqələri genişləndirmək üçün əlverişli imkan açmışdır. Ötən müddət ərzində dövlətlərimiz arasında əlaqələr qarşılıqlı faydalı tərəfdaşlıq və dostluq prinsipləri əsasında uğurla inkişaf etdirilib. Bu əlaqələr xalqların mənafeyinə uyğun olaraq inkişaf edir. İkitərəfli əlaqələrin sürətlə inkişaf edərək hazırkı səviyyəyə çatmasında yüksək səviyyəli qarşılıqlı səfərlər və imzalanan sənədlər mühüm rol oynayıb. Ulu Öndərin siyasi kursunu uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin Çinə rəsmi səfərləri, əldə olunan razılaşmalar, həyata keçirilən birgə layihələr ikitərəfli əlaqələri daha da dərinləşdirib.
Bu gün Çin və Azərbaycan arasında əməkdaşlıq durmadan inkişaf edir. Ölkələr arasında dostluq əlaqələri qədim tarixi köklərə malikdir. Çin və Azərbaycan arasında diplomatik əlaqələrin yaradılması hər iki ölkənin tarixində yeni vacib bir səhifə açıb. Çin Xalq Respublikasının Sədri ölkələrimiz arasında ticarət dövriyyəsinin artdığını, energetika, o cümlədən bərpaolunan enerji, rəqəmsallaşma sahələrində əməkdaşlığın genişləndiyini vurğulayıb. Si Cinpin “Bir kəmər, bir yol” layihəsi çərçivəsində də Azərbaycan-Çin əməkdaşlığının möhkəmləndiyini deyərək, Azərbaycan ərazisindən Çin mallarının daşınmasının əhəmiyyətini qeyd etdi, bu xüsusda Trans-Xəzər marşrutunun önəminə toxunub.
"AZƏRBAYCAN “BİR KƏMƏR, BİR YOL” TƏŞƏBBÜSÜNÜ İLK DƏSTƏKLƏYƏNLƏRDƏN BİRİ OLUB VƏ BU İSTİQAMƏTDƏ CİDDİ PRAKTİKİ LAYİHƏLƏR HƏYATA KEÇİRİR"
"Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır". Bu barədə Prezident İlham Əliyev Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında keçirilən görüşdə çıxışı zamanı bildirib.
“Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk”, - deyə dövlət başçısı əlavə edib. Prezident İlham Əliyev onu da əlavə edib ki, Azərbaycan ÇXR Sədrinin irəli sürdüyü "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyənlərdən biri olub və bu istiqamətdə ciddi praktiki layihələr həyata keçirir.
Çin və Azərbaycan arasında əlaqələrin bütün sahələrdə daha da genişlənməsi üçün böyük potensial mövcuddur. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan özünəməxsus inkişaf yolu ilə irəliləyir. İki ölkə arasında nəqliyyat, kənd təsərrüfatı, turizm, energetika, informasiya və kommunikasiya texnologiyaları istiqamətlərində əməkdaşlığın artan dinamikası diqqətdədir. Azərbaycanın tranzit daşımaları sahəsində potensialını reallaşdırmaq baxımından Çinin "Bir kəmər, bir yol" təşəbbüsü ölkəmiz üçün mühüm önəm daşıyır. Azərbaycan bu layihəni dəstəkləyən ilk ölkələrdən oldu. "Bir kəmər, bir yol" strategiyasının həyata keçirilməsində Azərbaycan logistika mərkəzi, qovşaq və körpü rolunu oynayır. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyevin hələ 2015-ci ildə Çinə rəsmi səfəri çərçivəsində "İpək yolu iqtisadi kəməri"nin yaradılmasının birgə təşviqinə dair Anlaşma Memorandumu imzalanıb. Azərbaycan Çindən Avropaya və əks istiqamətdə yüklərin daşınmasında əhəmiyyətli rol oynayır və respublikamızdan keçən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu Çinin "Bir kəmər, bir yol" təşəbbüsü ilə uzlaşır və Çin tərəfi konteyner daşımaları baxımından bu dəhlizə böyük maraq göstərir. Bu gün Azərbaycan və Çin arasında olduqca yaxşı iqtisadi əməkdaşlıq mövcuddur.
İKİ ÖLKƏ ARASINDA ƏMƏKDAŞLIĞIN HƏRTƏRƏFLİ İNKİŞAFINA CİDDİ TƏKAN VERƏN SƏNƏD
Çin Xalq Respublikasının Sədri bildirib ki, ölkəsi Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələrinin genişlənməsini dəstəkləyir.
Si Cinpin Azərbaycan ilə Ermənistan arasında davamlı sülhün təmin olunması istiqamətində birbaşa dialoqun əhəmiyyətini qeyd edib. Həmçinin Çin Xalq Respublikasının Sədri ölkəmizin suveren inkişaf modelinin Çin tərəfindən dəstəkləndiyini diqqətə çəkib. Çinin başqa ölkələrin daxili işlərinə qarışmamaq prinsipinə sadiq olduğunu vurğulayıb.
Dövlətimizin başçısı dəvətə görə təşəkkürünü bildirib, Çin Xalq Respublikasının xarici hərbi müdaxilə üzərində qələbəsinin 80 illiyi münasibətilə təbriklərini çatdırıb.
Prezident İlham Əliyev də öz növbəsində Çin Xalq Respublikasına dövlət səfərini məmnunluqla xatırlayaraq, səfər zamanı Si Cinpinlə görüşlərini və aparılmış dialoqun iki ölkə arasında əməkdaşlığın hərtərəfli inkişafına ciddi təkan verdiyini qeyd edib, müfəssəl strateji tərəfdaşlığa dair imzalanmış sənədin əhəmiyyətini vurğulayıb.
Azərbaycan Prezidenti ölkəmizin xarici siyasətində Çin Xalq Respublikası ilə əlaqələrin inkişaf etdirilməsinin prioritet istiqamətlərdən biri olduğunu bildirib.
Dövlətimizin başçısı Azərbaycanın Tayvan, Honkonq və Sincan-Uyğur Muxtar Rayonu məsələlərində Çinin mövqeyini dəstəklədiyini və Tayvanda keçirilmiş seçkiləri pisləyən ilk ölkələrdən biri olduğunu qeyd edib.
Prezident İlham Əliyev ölkələrimiz arasındakı ticarət münasibətlərində əsaslı artımın müşahidə olunduğunu diqqətə çatdırıb. Dövlətimizin başçısı "Bir kəmər, bir yol" layihəsinə toxunaraq, onun vacib tərkib hissəsi olan və Azərbaycan ərazisindən keçən Orta Dəhliz vasitəsilə daşımaların, xüsusilə Çin yüklərinin daşınmasının artmasını bu dəhlizin səmərəliliyinin və cəlbediciliyinin nümunəsi kimi qiymətləndirib.
Prezident İlham Əliyev, həmçinin Azərbaycan ilə Ermənistan arasında normallaşma və sülh gündəliyi üzrə danışıqların ikitərəfli əsasda aparıldığını deyərək, artıq iki ölkə arasında sülhün bərqərar olduğunu vurğulayıb.
"ÖLKƏLƏRİMİZ BEYNƏLXALQ TƏŞKİLATLAR ÇƏRÇİVƏSİNDƏ DƏ DAİM BİR-BİRİNİ DƏSTƏKLƏYİR"
Görüşdə ölkələrimizin beynəlxalq təşkilatlar çərçivəsində də daim bir-birini dəstəklədiyi məmnunluqla qeyd edilib. Vizasız gediş-gəlişə dair sənədin qüvvəyə minməsindən sonra son dövrlərdə turizm sahəsində əlaqələrin inkişaf etdiyi vurğulanıb. Söhbət zamanı Azərbaycanla Çin arasında əməkdaşlığın perspektivlərinə dair geniş fikir mübadiləsi aparılıb.
"Azərbaycan Çinin beynəlxalq sülh, təhlükəsizlik və inkişafı təşviq etmək üçün irəli sürdüyü Qlobal İnkişaf Təşəbbüsünü, Qlobal Təhlükəsizlik Təşəbbüsünü və Qlobal Sivilizasiya Təşəbbüsünü fəal şəkildə dəstəkləyib". Bu sözləri Prezident İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında keçirilən iclasda çıxışı zamanı söyləyib. “Biz, həmçinin Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş Qlobal İdarəetmə Təşəbbüsünü dövlətlərin suveren bərabərliyi, BMT Nizamnaməsi və beynəlxalq hüquqa hörmət əsasında beynəlxalq münasibətlərin yaxşılaşdırılmasına yönəlmiş mühüm və vaxtında atılmış bir addım kimi alqışlayırıq”, – deyə dövlətimizin başçısı əlavə edib.
"ƏLDƏ OLUNMUŞ RAZILAŞMALAR BEYNƏLXALQ YÜKDAŞIMALAR ÜÇÜN TRANZİT İMKANLARININ GENİŞLƏNMƏSİNƏ XİDMƏT EDƏCƏK"
Azərbaycan Prezidenti İlham Əliyev çıxışında 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcminin təxminən 90 faiz artdığını da bildirib. Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. Dövlətimizin başçısı bu dəhlizlə yüklərin daşınması vaxtının xeyli azaldığını qeyd edib. Prezident, həmçinin bildirib: “Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək".
"Yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal–Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək", - deyən Azərbaycan Prezidenti vurğulayıb ki, Zəngəzur dəhlizi Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək.
"AZƏRBAYCANLA ÇİN ARASINDA SƏMİMİ, DOST MÜNASİBƏTLƏR VƏ HƏRTƏRƏFLİ STRATEJİ TƏRƏFDAŞLIQ MÖVCUDDUR"
Çinin Tiencin şəhərində Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) illik sammiti keçirilib. Genişmiqyaslı illik sammitdə 21 ölkədən liderlər və 10-dan çox beynəlxalq təşkilat iştirak edir. "Azərbaycan-Çin əlaqələri son iki ildə keyfiyyətcə yeni mərhələyə yüksəlib". Bu barədə Prezident İlham Əliyev Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında keçirilən görüş zamanı bildirib. Dövlətimizin başçısı qeyd edib: "Azərbaycanla Çin arasında səmimi, dost münasibətlər və hərtərəfli strateji tərəfdaşlıq mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir". Dövlətimizin başçısı bu il iki ölkə arasında strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyanatın imzalanmasını tarixi hadisə adlandırıb və bunun Azərbaycan-Çin münasibətlərində yeni səhifə açdığını vurğulayıb.
Təşkilat 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. ŞƏT-in tamhüquqlu iştirakçıları 10 ölkə: Rusiya, Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır. Hazırda Əfqanıstan və Monqolustan təşkilatda müşahidəçi statusuna, Azərbaycan, Bəhreyn, Misir, Kamboca, Ermənistan, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka isə təşkilatın dialoq tərəfdaşı statusuna malikdirlər. ŞƏT-in məqsədi regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi, iqtisadi əməkdaşlığın, enerji tərəfdaşlığının, elmi və mədəni fəaliyyətin inkişafıdır. Təşkilata üzv dövlətlərin başçılarının görüşləri 2002-ci ildən hər il keçirilir. Ümumilikdə ŞƏT-in 23 sammiti keçirilib.
Beynəlxalq və regional təşkilatlarda fəal iştirak edən Azərbaycanın da son illər ŞƏT ilə əlaqələri genişlənir. Azərbaycana dialoq tərəfdaşı statusunun verilməsinə dair qərar təşkilatın 2015-ci ilin iyulunda Ufada keçirilən Zirvə görüşündə qəbul edilib. Ölkəmizlə təşkilat arasında mövcud əməkdaşlıq sahələri 2016-cı ildə tərəflər arasında imzalanmış memorandumda öz əksini tapıb. Ötən müddətdə Azərbaycan təşkilat çərçivəsində keçirilən müxtəlif tədbirlərdə fəal iştirak edib.
İKİTƏRƏFLİ GÖRÜŞLƏR
Sentyabrın 1-də Çinin Tiencin şəhərində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşü olub. Görüşdə qardaşlıq və strateji müttəfiqliyə əsaslanan ikitərəfli əlaqələrimizin bütün istiqamətlərdə, o cümlədən enerji, nəqliyyat sahələrində daha da genişlənməsindən məmnunluq ifadə olunub. Söhbət zamanı SOCAR ilə Türkiyənin "Botaş" şirkəti arasında əməkdaşlığa toxunulub və bu xüsusda Azərbaycan qazının Qətərin maliyyə dəstəyi ilə Türkiyə ərazisindən Suriyaya çatdırılmasının önəmi qeyd edilib. Həmçinin Azərbaycanla Türkiyənin digər ölkələrdə birgə enerji layihələrinin icrasına dair məsələlər müzakirə olunub. Bir neçə gün əvvəl Qars-İğdır-Dilucu dəmir yolu xəttinin təməlinin qoyulmasının əhəmiyyəti vurğulanıb, Azərbaycanda, o cümlədən Naxçıvan regionunda həyata keçirilən dəmir yolu layihələri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə Azərbaycanla Ermənistan arasında normallaşma prosesi müzakirə olunub və bu xüsusda Türkiyənin regional məsələlərdə sabitləşdirici rolu yüksək qiymətləndirilib.
Türk Dövlətləri Təşkilatının bu il Azərbaycanda keçiriləcək növbəti Zirvə görüşünün əhəmiyyətinə toxunulub.
Dövlət başçıları Azərbaycan-Türkiyə strateji müttəfiqlik əlaqələrinin perspektivləri və qarşılıqlı maraq doğuran digər məsələlərlə bağlı fikir mübadiləsi aparıblar.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 1-də Çinin Tiencin şəhərində Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti Cin Liqun ilə də görüşüb. Görüşdə Azərbaycanla Asiya İnfrastruktur İnvestisiya Bankı arasında əlaqələrin mövcud səviyyəsindən məmnunluq ifadə olunub, bankın ölkəmizlə müxtəlif sahələrdə, o cümlədən yaşıl enerji sahəsində uğurlu əməkdaşlığı qeyd edilib. Söhbət zamanı Orta Dəhliz, metro tikintisi, su, yaşıl enerji ilə bağlı gələcək əməkdaşlıq məsələləri müzakirə olunub. Sonda strateji əməkdaşlıq üzrə imzalanmış birgə bəyannamə dövlətimizin başçısının və bankın prezidentinin iştirakı ilə mübadilə edilib.
Göründüyü kimi, yüksək səviyyəli qarşılıqlı səfərlər, keçirilən görüşlərlar və imzalanan çoxsaylı sənədlər ölkələr arasında əlaqələri daha da dərinləşdirib.
Zümrüd BAYRAMOVA