PDF Oxu

Siyasət

  • 1 003

Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır

image

“Xarici siyasətimizin əsas tərkib hissələrindən biri ikitərəfli əlaqələrin qurulması və zaman keçdikcə yeni istiqamətlər üzrə inkişaf etdirilməsidir. Bu baxımdan Azərbaycan-Çin münasibətlərinin möhkəm təməl üzərində uğurlu inkişafı diqqətdən kənarda qalmır. Yeni dünya düzənində Çinin həm güclü iqtisadiyyatı, həm də siyasi iradəsi ilə daha böyük rol oynayacağı heç kəsdə şübhə doğurmur.

Bu baxımdan Azərbaycan-Çin münasibətlərinin yüksək səviyyədə olması milli maraqlarımız baxımından xüsusi əhəmiyyətə malikdir. Azərbaycan ilə Çin arasında formalaşan strateji tərəfdaşlıq münasibətləri təkcə ikitərəfli əməkdaşlıq çərçivəsində deyil, həm də regional və qlobal səviyyədə sülhə, sabitliyə və inkişafa töhfə verən nümunəvi model kimi çıxış edir. Tarixi qədim İpək yolu dövrünə gedib çıxan Azərbaycan-Çin münasibətləri ölkəmiz müstəqilliyini bərpa etdikdən sonra yeni mərhələyə qədəm qoydu. Azərbaycan-Çin münasibətlərinin yaranmasında və inkişafında Ümummilli Lider Heydər Əliyevin müstəsna rolu olub. Ulu Öndərin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev də BMT Təhlükəsizlik Şurasının daimi üzvü, iqtisadiyyatın həcminə görə dünyada ikinci dövlət olan Çin ilə münasibətlərin inkişafını daim diqqətdə saxlayır. Dünyada liderlərin dostluq əlaqələrinin töhfələri sayəsində yaxşı dövlətlərarası münasibətlər nümunəsindən danışsaq, Azərbaycan-Çin əməkdaşlığını qeyd edə bilərik. Dövlət başçılarının görüşləri, telefon danışıqları əsasında formalaşmış sıx dialoqu, qarşılıqlı hörmət və etimadı Azərbaycan-Çin münasibətlərinin müxtəlif sahələrdə dərinləşməsində əvəzsiz rol oynayır. Dövlətimizin başçısı İlham Əliyevin bu günlərdə Çinə işgüzar səfəri münasibətlərimizin dünəninə baxış əsasında qarşıdakı dövrdə atılacaq addımların müəyyənləşdirilməsində əhəmiyyətli rol oynadı. Ümumilikdə qarşılıqlı səfərlər əlaqələrin daha sıx inkişafında əsas faktorlardan biridir”.Bu fikirləri Milli Məclisin deputatı Malik Həsənov bildirib.Millət vəkili qeyd edib ki, dünyadakı mürəkkəb geosiyasi vəziyyət, iqlim dəyişmələri, sülh və sabitliyin təminatı kimi qlobal çağırışlar beynəlxalq və regional təşkilatların daha fəal rol oynamağa, daha sıx çoxtərəfli dialoq qurmağa vadar edir: “Bu baxımdan ərazi və əhali sayına görə dünyanın ən böyük regional təsisatı olan Şanxay Əməkdaşlıq Təşkilatı mühüm rola malikdir. Təşkilat 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. ŞƏT-in tamhüquqlu iştirakçıları 10 ölkə - Rusiya, Belarus, Hindistan, İran, Qazaxıstan, Qırğızıstan, Çin, Pakistan, Tacikistan və Özbəkistandır. Hazırda Əfqanıstan və Monqolustan təşkilatda müşahidəçi, Azərbaycan, Bəhreyn, Misir, Kamboca, Ermənistan, Qətər, Küveyt, Maldiv, Myanma, Nepal, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı, Türkiyə və Şri-Lanka isə təşkilatın dialoq tərəfdaşı statusuna malikdirlər. ŞƏT-in məqsədi regionda sabitliyin və təhlükəsizliyin təmin edilməsi, iqtisadi əməkdaşlığın, enerji tərəfdaşlığının, elmi və mədəni fəaliyyətin inkişafıdır. Təşkilata üzv dövlətlərin başçılarının görüşləri 2002-ci ildən hər il keçirilir. Dünyanın ən böyük regional qurumu kimi ŞƏT-ə üzv ölkələrin Avrasiya ərazisinin təxminən 60 faizini, dünya əhalisinin 40 faizini, qlobal ümumi daxili məhsulun 25 faizini təmin etdiyini nəzərə alsaq Şanxay Əməkdaşlıq Təşkilatının nə dərəcədə vacib quruma çevrildiyini təsəvvür etmək çətin deyil”.Malik Həsənov vurğulayıb ki, beynəlxalq və regional təşkilatlarda fəal iştirak edən Azərbaycanın son illər Şanxay Əməkdaşlıq Təşkilatı ilə əlaqələri genişlənir: “Azərbaycana dialoq tərəfdaşı statusunun verilməsinə dair qərar təşkilatın 2015-ci ilin iyulunda Ufada keçirilən Zirvə görüşündə qəbul edilib. Ölkəmizlə təşkilat arasında mövcud əməkdaşlıq sahələri 2016-cı ildə tərəflər arasında imzalanmış memorandumda öz əksini tapıb. Ötən müddətdə Azərbaycan təşkilat çərçivəsində keçirilən müxtəlif tədbirlərdə fəal iştirak edir. Dövlət başçısı İlham Əliyev 2022-ci ildə Səmərqənddə və 2024-cü ildə Astanada Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantılarında iştirak etdi. Çin Xalq Respublikasının Sədri Si Cinpin cənab İlham Əliyevi təşkilatın Çinin Tiencin şəhərində keçirilən Zirvə toplantısına dəvəti iki ölkə arasında münasibətlərin, dövlətimizin başçısının nüfuzunun bir daha təsdiqi oldu. Tiencin sammitində 20-dən çox ölkənin liderləri və 10 beynəlxalq təşkilatın rəhbərləri iştirak etdilər. Şanxay Əməkdaşlıq Təşkilatı region ölkələrinin təhlükəsizlik və sabitliyi qorumaq, habelə birgə inkişafı təşviq etmək üçün mühüm əməkdaşlıq platformasıdır”.Millət vəkili bildirib ki, dövlətimizin başçısı İlham Əliyev Çinin Tiencin şəhərində “ŞƏT plyus” formatında görüşdəki çıxışında “Azərbaycanla Çin arasında səmimi dostluq münasibətləri və hərtərəfli strateji tərəfdaşlıq bağları mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir” söyləyərək onu da əlavə etdi ki, Azərbaycan ilə Çin arasındakı qarşılıqlı fəaliyyət ikitərəfli gündəliyin bütün spektri üzrə möhkəmlənir. Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk. Azərbaycan Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş “Bir kəmər, bir yol” təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktiki layihələr reallaşdırırıq. Cənab İlham Əliyev Azərbaycanın Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən birinə çevrildiyini önə çəkərək vurğuladı ki, beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradırıq. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb. Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. Bu əminlik də ifadə edildi ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək.Malik Həsənov qeyd edib ki, hər bir səfər, hər bir Zirvə görüşü münasibətlərdə yeni səhifənin açılmasıdır: “Hər zaman əməkdaşlığa, əlaqələrin yeni istiqamətlər üzrə inkişafına xüsusi önəm verən Azərbaycanın Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərlə həm iki, həm də çoxtərəfli çərçivədə əlaqələri yüksələn xətlə inkişaf edir. Cənab İlham Əliyevin Çinə işgüzar səfəri çərçivəsində müxtəlif ölkələrin, o cümlədən Çin şirkətlərinin rəhbərləri ilə keçirdiyi çoxsaylı görüşlər də özündə bu məqamları ehtiva edir”.

Digər xəbərlər