PDF Oxu

Siyasət

  • 1 038

"Zəngəzur dəhlizi rifah modelinin əsas sütunlarından birinə çevrilə bilər" - ŞƏRH EDİLDİ

image

"İkinci Qarabağ müharibəsindən sonra regionda yaranmış yeni geosiyasi reallıqlar, xüsusilə də Azərbaycan tərəfindən əldə edilmiş hərbi-siyasi üstünlük Cənubi Qafqazda mühüm iqtisadi və nəqliyyat layihələrinin həyata keçirilməsi üçün əlverişli zəmin yaratdı. Bu reallıqlar fonunda ön plana çıxan ən strateji təşəbbüslərdən biri də Zəngəzur dəhlizidir. Zəngəzur dəhlizinin açılması təkcə Azərbaycanın deyil, eyni zamanda region ölkələrinin və regiondan kənarda yerləşən bir sıra dövlətlərin iqtisadi və siyasi maraqlarına cavab verir". Bu sözləri SİA-ya açıqlamasında politoloq Amid Əliyev deyib.Onun sözlərinə görə, bu dəhliz Cənubi Qafqazda yeni əməkdaşlıq formatlarının yaranmasına, iqtisadi inteqrasiyanın dərinləşməsinə və nəqliyyat infrastrukturunun modernləşməsinə böyük təkan verəcək:"Zəngəzur dəhlizi layihəsinə təkcə Azərbaycan-Ermənistan münasibətləri prizmasından baxmaq kifayət deyil. Bu layihə eyni zamanda Türkiyə, İran, Rusiya, Çin və hətta Avropa dövlətləri, o cümlədən Böyük Britaniya üçün də strateji əhəmiyyət daşıyır. Dəhliz, Orta Asiya ilə Avropa arasında alternativ və daha səmərəli bir nəqliyyat marşrutu kimi çıxış edərək, beynəlxalq ticarətin genişlənməsinə töhfə verə bilər. Eyni zamanda, Zəngəzur dəhlizi vasitəsilə Türk Dövlətləri Təşkilatı üzv ölkələrinin inteqrasiyası və qarşılıqlı əlaqələri də güclənəcək. Bu layihə regionun üç əsas ölkəsi – Azərbaycan, Gürcüstan və Ermənistan üçün mühüm imkanlar açır. İlk növbədə, dəhlizin istifadəyə verilməsi Azərbaycanın tranzit ölkə statusunu daha da möhkəmləndirəcək və ölkəyə əlavə iqtisadi dividendlər qazandıracaq. Azərbaycan artıq bu sahədə geniş təcrübəyə malikdir və Zəngəzur dəhlizi vasitəsilə bu təcrübəsini daha da inkişaf etdirəcək. Eyni zamanda, dəhlizin fəaliyyəti Ermənistan üçün də yeni iqtisadi fürsətlər yarada bilər. Hazırda qapalı iqtisadiyyat şəraitində fəaliyyət göstərən Ermənistan bu layihə vasitəsilə regional iqtisadi inteqrasiya proseslərinə qoşula və tranzit ölkəyə çevrilmək imkanına malik ola bilər. Bu isə Ermənistan üçün iqtisadi canlanma və beynəlxalq təcriddən çıxış baxımından önəmli addım ola bilər".Politoloq fikirlərinə davam edərək həmçinin qeyd edib ki, Rusiya-Ukrayna müharibəsi fonunda dünya iqtisadiyyatında və nəqliyyat zəncirlərində ciddi dəyişikliklər müşahidə olunmağa başladı: "Xüsusilə, şimal istiqamətində yerləşən ənənəvi marşrutların təhlükəsizliyi və iqtisadi səmərəliliyi sual altına düşdü. Belə bir şəraitdə, alternativ marşrutlara – xüsusilə Orta Dəhliz layihəsinə maraq əhəmiyyətli dərəcədə artdı. Bu dəhliz Çin və Orta Asiya ölkələrindən yüklərin Xəzər dənizi vasitəsilə Azərbaycana, buradan isə Gürcüstan və Türkiyə üzərindən Avropaya çatdırılmasını nəzərdə tutur. Zəngəzur dəhlizi isə Orta Dəhlizin ən mühüm halqasıdır. Dəhlizin tam şəkildə fəaliyyətə başlaması yüklərin daha qısa zamanda və daha az xərclə təyinat nöqtələrinə çatdırılmasını təmin edə bilər. Bu, qlobal logistik sistem üçün əhəmiyyətli bir üstünlükdür. Zəngəzur dəhlizi həmçinin enerji, logistika, rabitə və digər sahələrdə yeni əməkdaşlıq imkanları yaradacaq. Region ölkələri arasında qarşılıqlı asılılığın artması isə uzunmüddətli sülh və sabitliyin təmin olunmasına xidmət edəcək. Bu layihə yalnız iqtisadi deyil, eyni zamanda siyasi baxımdan da mühüm əhəmiyyət daşıyır. Əgər düzgün siyasi iradə və qarşılıqlı anlaşma təmin olunarsa, Zəngəzur dəhlizi bölgədə yeni əməkdaşlıq və rifah modelinin əsas sütunlarından birinə çevrilə bilər".

Müəllif: Arzu Qurbanlı

Digər xəbərlər