Milli Məclisin deputatı Ağalar Vəliyevin təşəbbüsü və maliyyə dəstəyi ilə Xaçmaz rayonunda yüksək balla ali məktəblərə qəbul olunmuş tələbələrin mükafatlandırma mərasimi təşkil edilib.
Xaçmaz Rayon İcra Hakimiyyətinin (RİH) təşkilati dəstəyi ilə keçirilən tədbirdə millət vəkili ilə yanaşı, RİH başçısı Elnur Rzayev, Quba–Xaçmaz Regional Təhsil İdarəsinin müdiri Coşqun Əliyev, Yeni Azərbaycan Partiyası Xaçmaz rayon təşkilatının sədri Məhəmməd Balaqadaşov, rayon ictimaiyyətinin nümayəndələri, şəhid ailələri, qazilər, təhsil müəssisələrinin rəhbərləri, müəllimlər, valideynlər və tələbələr iştirak ediblər.
Tədbirdə vurğulanıb ki, Ulu Öndər Heydər Əliyevin təhsil sahəsində müəyyənləşdirdiyi strategiyaya əsaslanan və Prezident İlham Əliyevin ardıcıl şəkildə həyata keçirdiyi islahatlar nəticəsində Azərbaycan təhsili dinamik inkişaf edir. Dövlət başçısının rəhbərliyi ilə insan kapitalının formalaşdırılması istiqamətində həyata keçirilən siyasət, həmçinin Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə icra olunan layihələr nəticəsində təhsil infrastrukturunun müasirləşdirilməsi təmin olunub.
Dövlət siyasətinə dəstək olaraq təhsilin inkişafının stimullaşdırılması və tədrisdə uğur qazananların həvəsləndirilməsi məqsədilə Ağalar Vəliyev tərəfindən mərasimdə 57 saylı Xaçmaz şəhər Seçki Dairəsi üzrə cari ildə ali məktəblərə qəbul olunan tələbələr mükafatlandırılıb. Belə ki, 400–500 bal aralığında nəticə göstərən 72 tələbəyə, 500–600 bal toplayan 27 tələbəyə, 600–650 bal aralığında nəticə göstərən 7 tələbəyə, 650–700 bal toplayan 8 tələbəyə, eləcə də topladığı baldan asılı olmayaraq tələbə adını qazanmış 2 şəhid övladına, ümumilikdə 116 nəfərə müxtəlif məbləğlərdə pul mükafatları təqdim olunub.
Tədbir iştirakçıları təhsilin inkişafına, bu sahədə çalışanlara və tələbələrə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını ifadə ediblər.