PDF Oxu

Siyasət

  • 1 016

270 il sonrakı ZƏFƏR: 44 gün + 23 saatla...

image

30 il işğal altında inləyən torpaqlarımızın azad edilməsi elə 30 il idi ki, bu xalqı narahat edən ən başlıca məsələ idi. Başımız aşağı, üzümüz qara idi. Bu namus məsələsi bizə başımızı dik tutub yeriməyə cəsarət vermirdi. Çünki hara gedirdiksə, harada söhbət düşürdüsə, torpaqları işğal olunmuş bir xalqın nümayəndələri olaraq qarşılanırdıq. Qarabağdan söhbət açılanda yaramızın qaysağını qoparırdılar elə bil. Yenə qanı süzürdü, yenə ağrısı ərşə qalxırdı. 30 il yaralarımız təkrar-təkrar soyuldu, qaysaqladı, yeniləndi, sağalmadı.

Unudulmaz tarix

Nə az, nə çox, 30 il torpaq həsrəti ilə yanıb yaxıldıq. Məcburi şəkildə çıxarıldığımız yurdlarımız yolumuzu gözlədi. Həyət-bacamız, bağ-bağatımız, min bir zəhmətlə qurduğumuz evlərimizə sadəcə yuxularımızda qonaq getdik. Əzizlərimizi itirdik. Onların “yurdum, evim” deməsinə illərlə şahid olduq. Ahi-naləsi qaldı qulaqlarımızda. Yurdu üçün axıtdığı yaşlar qaldı gözlərimizdə. Köçkünlüyün ilk illərində qarşılaşdığımız zülmün min bir üzü həkk oldu yaddaşımıza.

Ermənilərin gözlərimiz qarşısında övladlarımızı süngüyə taxması, yaşlılarımıza təhqiramiz şəkildə yanaşması, bizi silah burnunda evimizdən didərgin salması illərin acı xatirələrinə çevrildi. Həyatımız göz yaşları vərəqlərində saralan xatirə dəftərinə çevrildi. Bu dəftərin hər səhifəsi torpaq, yurd oldu bizə, lakin onların ətrini verə bilmədi.

Minlərlə övladımızı itirdik Birinci Vətən müharibəsində. Köksümüzə dağ çəkildi. Atamız, həyat yoldaşımız, nişanlımız, sevdiyimiz, qardaşımız şəhid oldu. Həm əzizlərimizi itirdik, həm də əzizimizdən də əziz torpağımızı, yurdumuzu. Həm yurdsuz qaldıq, həm də atasız, qardaşsız, yoldaşsız...

Düz 30 il hər gün günü ümidlə başlayıb ümidsizliklə bitirdik. Hər səhər gözlərimizi “bəlkə bu gün olar” deyə inamla açdıq. Lakin gecənin qaranlığında “bu gün də olmadı” deyə gözlərimizi yenidən bir inamsızlığıa qapatdıq. Torpağımızla, yurdumuzla, evimizlə bağlı qurduğumuz xəyalları günlər bizi ovuda-ovuda elə xəyal olaraq da saxladı. Bu xəyallar yurdumuzda övladımızın məktəbə getməsi, toyu-nişanı ilə bağlı idi. Bu xəyallar həyatda vidalaşmaq vaxtımız çatanda öz yurdumuzun torpağında dəfn olunmağımızla bağlı idi.

Lakin illər bir-birini əvəz etdikcə, bu xəyallar da xəyal olaraq qalırdı. Neçə-neçə soydaşımız elə yad yurddaca dünyaya “əlvida” deyib, yad yurdda da torpaq evə qonaq oldu. Neçələri yurdunda deyil, başqa yurdda birinci sinfi onbirinci etdi. Neçələri yurdunda yox, köçkünlükdə nişanlandı, toyu oldu, hətta övladları üçün də bu, eyni cür oldu. Öz evlərimiz nə gəlin qarşıladı, nə gəlin köçürdü. Ağsaqqal, ağbirçəklərimiz öz evlərimizdən qəbir evinə yollana bilmədi. Bütün bunlar isə ürəyimizə dağ boyda dağ çəkdi zaman-zaman...

30 ilin acısını silən 44 gün

30 ilin hər saatı, hər dəqiqəsi Qarabağın işğaldan azad edilməsi üçün dövlətimiz çalışdı, danışıqlar apardı, haqq səsimizi dünyaya yaydı. Erməniləri dəfələrlə sülhə çağırdı. Özlərinin olmayan torpaqlardan əl götürməyə dəvət etdi. Lakin dünyanın karlığı, qonşuluqdakı erməninin tamahı səsimizi eşitməyə imkan vermədi. Beləliklə, bu işi yalnız özümüzün həll edəcəyinə qərar verdik. Bunun üçün ilk olaraq ölkəmizin çökmüş iqtisadiyyatını dirçəltməyə başladıq. Ordumuzu təkmilləşdirdik. Çünki Birinci Vətən müharibəsində məğlubiyyətimizin səbəblərindən biri də mükəmməl milli ordumuzun olmaması idi. Bu səbəbdən də düşmənin qarşısına layiqli ordu çıxarmaq dövlətimizin qarşısına qoyduğu əsas məqsəd oldu.

Qarabağ mövzusu 1993-2003-cü illərdə Ümummilli Liderimizin, 2003-cü ildən 2020-ci ilə qədər isə dövlətimizin başçısı cənab İlham Əliyevin fəaliyyətinin prioritetini təşkil etdi. Ölkə rəhbəri 20 ilə yaxın bir dövrdə Qarabağın sülh yolu-insan itkisi olmadan qaytarılması təklifi və təkidi ilə dünyanın bütün mötəbər kürsülərindən çıxış etdi. Lakin dünya susdu. Ermənilər özlərini karlığa vurdu.

Prezident, Ali Baş Komandanımız bütün çıxışlarında Qarabağ məsələsinin sülh yolu ilə həllinin mümkün olmadığı təqdirdə hərb yolu ilə həll olunacağını vurğulayırdı. Bu, sadəcə verilən söz deyildi. Bu söz böyük inam idi. Və bu sözün bir tərəfində də qurulmaqda, təkmilləşdirilməkdə olan Azərbaycan Milli Ordusu dayanırdı. Elə bir ordu ki, zaman gələcək, müharibə meydanında dövlətimizin başçısının verdiyi sözü öz gücü ilə təsdiqləyəcəkdi.

Belə də oldu. Dünyanın susduğunu, ermənilərin isə hər gün daha da azğınlaşdığını görən Azərbaycan dövləti bu məsələnin son yolunun hərbi yol olduğunu əsas götürərək, ermənilərə yerini göstərməyin vaxtı çatdığını dünyaya nümayiş etdirdi. 2020-ci ilin 27 sentyabrı İkinci Vətən müharibəsinin başlandığı tarix oldu.

Cəmi 44 gün davam etdi bu müharibə. 30 ilin ələm-qəmini, dərd-sərini, ağrı-acısını, utancını 44 günün saatları, dəqiqələri silə-silə irəliləyirdi. Düzdür, müharibə heç də asan iş deyil. Çətindən çətindir, həm maddi, həm mənəvi ağırlığı ilə. Bəlkə də Qarabağ uğrunda birinci müharibədən də çox acısı olacaqdı. Lakin xalq bu acıları artıq gözə almırdı. Çünki torpağını istəyirdi. Alnındakı qara ləkəni övladının qanı ilə silməli olsa da, bu ləkənin silinməyi vacib idi. Ona görə ki, azərbaycanlılar əsrlərin o üzündən bəri heç vaxt alnı ləkəli yaşamamışdı. Torpaq-namus məsələsi onların ən həssas duyğusu olub. Bu duyğularla oynamaq fikrində olanlar isə tarixin bütün dönəmlərində ağır cəza alıblar.

Elə bütün bunlara görə də xalq bir nəfər kimi Ali Baş Komandanın çağırışına səs verdi, Onun ətrafında birləşdi. Həmrəylik nümayiş etdirdi. Könüllü şəkildə cəbhəyə yollanmaq istəyənlərin, bunun üçün səfərbərlik idarələrinə müraciət edənlərin sayı-hesabı olmadı.

2020-ci ilin 44 günündə bir dastan yazıldı. Bu dastanda dövlətimizin yeri başqa, xalqın yeri başqa, bu xalqın övladlarının yeri isə başqa oldu. Hər kəs mövqeyindən asılı olmayaraq birlik göstərdi. Elə Qarabağ dastanının yaşanmasına və yazılmasına səbəb də bu birlik oldu. 44 günün hər anı qələbələrlə dolu oldu. Dövlətimizin başçısı dəfələrlə xalqa müraciət etdi və hər müraciətində yeni qələbə xəbərlərini xalqımıza çatdırdı, onu təbrik etdi.

Bu müraciətlər inamla dolu idi. Bu müraciətlərdən hər gün bir qədər də irəliyə addımlamağa cəsarət alırdıq. Düşmənin əzilməsini, məhv edilməsini, torpaqlarımızın da, bu torpaqlar uğrunda canlarından keçənlərin də qisasının alınması ilə dolu idi bu müraciətlər. Bu müraciətlərlə yurdlarımız yenidən bizim olurdu, bayrağımızın o yurdların ən yüksək zirvələrində dalğalanmasını görürdük. Bu müraciətlərdə xalqın sevinc göz yaşlarını görürdük. Yurd, doğma torpaq sevgisini görürdük.

Beləliklə, 44 gün başa çatdı, noyabr ayının 10-da Ali Baş Komandanımızın sərkərdəliyi ilə milli ordumuzun qətiyyəti qarşısında düşmən ağ bayraq qaldırıb təslim olduğunu elan etdi. Azərbaycan, Rusiya və Ermənistan arasında imzalanan üçtərəfli Bəyannamə ilə ermənilərin qarşısına öhdəliklər qoyuldu. Onlar bu öhdəliklərin yerinə yetiriləcəyinə söz verərək müharibənin dayandırılması üçün yalvardılar.

Azərbaycan isə 30 ilin qisasını 44 gündə düşməndən zərrə-zərrə aldı. Sonda isə Böyük Zəfər qazandı. Qarabağ 30 il sonra 44 gün içərisində yenidən anası Azərbaycana qovuşdu. Və Zəfərdən dərhal sonra da düşmən tərəfindən daşı daş üstündə qalmayan həmin torpaqlarda bərpa işlərinə başlandı ki, bir qərinəyə yaxın yurdundan didərgin salınmış soydaşlarımız qısa zamanda əzəli torpaqlarına, evlərinə qayıda bilsinlər.

Müharibədən sonrakı 3 il və 23 saat

Bəli, Zəfər qazandıq. 10 noyabr Bəyannaməsi ilə müharibə bitdi. Bu gün aradan 5 ilə yaxın bir vaxt keçir. Lakin Ermənistan nə sülh sazişinə əməl etdi, nə də Bəyannamədə üzərinə düşən öhdəlikləri yerinə yetirdi. Əksinə, Qarabağda və Şərqi Zəngəzurda atəşkəsi hər dəqiqə pozdu, illərlə minaladığı ərazilərin xəritəsini verməyərək bizim üçün olmazın problemlərini yaratdı. Ən əsası isə imza atdığı sənəddəki öhdəlikləri yerinə yetirməkdən boyun qaçırdı.

Ermənistan bizim ərazimizdə yaşayan soydaşları vasitəsilə talançılıq işlərini yenə də davam etdirdi. Silah-sursat toplamağa, separatçıları bu torpaqlarda yerləşdirməyə başladı. Dara düşəndə isə səsini dünya ictimaiyyəti ilə bir etdi ki, Azərbaycan bizə humanitar yardım üçün yol vermir, bizi incidir. Beləliklə də yeni problemlər meydana gəldi.

Erməni yalanı, ikiüzlülüyü yenə də işə başladı. Lakin düşmən nədənsə 44 günlük müharibədə Azərbaycanın verdiyi dərsi unutmağa başladı. Ötən müddətdə dirçəldiyini, yeni təxribatlara başlamağa özündə güc olduğunu zənn etdi. Bu yeni təxribatın əsası isə müxtəlif terror hadisələri, işğaldan azad edilmiş ərazilərimizə 2021-ci ildə Ermənistanda istehsal olunan minaların basdırılması, xidməti işlə bağlı həmin ərazilərdə olan soydaşlarımızın minaya düşüb həyatını itirməsi oldu.

Erməni terror dəstələrinin, bu dəstələrin quldur başçılarının qarşılarına qoyduqları məqsəd bizim üçün aydın olsa da, lakin özləri üçün aydın deyildi ki, 44 gündə axı başımız olmazın müsibətlərini çəkdi. Biz başımızı yenə hara qaldırırıq...

Azərbaycan isə hərzamankı “torpaqlarımıza göz dikənlərin, ərazi bütövlüyümüzü, konstitusiya quruluşumuzu pozanların hər biri cəzasını alacaqdır” bəyanatı ilə yenidən gündəmə gəldi. Çünki bunu erməni separatçılarının özləri belə istədilər.

Beləliklə, 19 sentyabr saat 13.00-da Azərbaycan erməni terrorizminə qarşı lokal antiterror tədbirlərinə başladı. Və göstərmək istədi ki, heç kim Azərbaycan ərazisində təxribat törədə, at oynada bilməz. Bu tədbirin müsbət tərəfi həm də onunla xarakterizə olunur ki, antiterror təbdirləri Ali Baş Komandanımızın mülki əhaliyə və mülki obyektlərə zərər vurulmaması əmri ilə həyata keçirildi. Bu isə bizim həm 1-ci, həm də 2-ci Vətən müharibəsində ermənilərdən fərqliliyimizi, insanlığa, beynəlxalq hüququn normalarına sayğı və məsuliyyətlə yanaşdığımızı təsdiq edən məqam idi.

Bizim işimiz təbii ki, erməni xalqı ilə deyil, separatçı qüvvələr ilə idi. Bu ünsürlər də cəmi 23 saatda zərərsizləşdirildi, 44 günün sonunda olduğu kimi, yenə də ağ bayraq qaldırıb təslim oldular və danışıqlara razı olduqlarını bildirdilər.

Beləliklə, Qarabağ və Şərqi Zəngəzur dövlətimizin apardığı uzaqgörən siyasət, qətiyyətli addımla erməni revanşistlərindən bir daha azad edildi. Bir qarış da olsun torpağımız düşmən əlində qalmadı. Bununla da ərazi bütövlüyümüz və konstitusiya quruluşumuz tamamilə bərpa olundu.

Qarabağda və Şərqi Zəngəzurda yeni həyat başladı, 44 gündən sonra başlayan yeni həyatdan da gözəl və təhlükəsiz. Qarşıda yəqin ki, Ermənistan 10 noyabrda üzərinə götürdüyü öhdəlikləri də yerinə yetirər. Çünki bu öhdəliklər tək Azərbaycan üçün deyil, həm də region dövlətlər üçün əlverişlidir. Hələ istəsə, özü üçün də əhəmiyyətli ola bilər...

***

Zaman-zaman min bir fitnə ilə bizdən qoparılan, düşmən tərəfindən işğal edilən torpaqlarımız olub. Lakin son 270 illik zaman kəsiyində doğma torpaqları azad etmək mümkün olmamışdı. Bu uzun boşluqdan sonra tariximizin şanlı səhifələrinə 30 ilə 44 gündə, 3 ilə 23 saatda aydınlıq gətirən bir tarix də əlavə olundu. Bu, bizim qürur tariximizdir. Namus və şərəf məsələmizin həlli, alnımızı açıq, başımızı dik edən, həm də 270 illik zaman kəsiyindən sonra hünər və rəşadətimizi göstərən, mənliyimizi, kimliyimizi təsdiqləyən, Azərbaycanın dövlət suverenliyinin tam bərpa olunduğu bir tarixdir. Odur ki, bu tarixi də, bu tarixi yazanları, qürur dolu günləri bizə yaşadanları da tarix boyu unutmayacağıq... Ətrafında birləşdiyimiz “Dəmir yumruq” Qarabağın və Şərqi Zəngəzurun nicatı olaraq müasir tariximizin ilk səhifəsidir. İlk dərs kimi həyat boyu xatırlayacağımız ilk səhifə...

Mətanət Məmmədova

Digər xəbərlər