Bakıda keçirilən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası Azərbaycanın beynəlxalq nüfuzunun, müasir inkişaf modelinin və şəhərsalma sahəsində qazandığı uğurların növbəti dəfə dünya ictimaiyyətinə təqdim olunması baxımından mühüm əhəmiyyət daşıyır. Prezident İlham Əliyevin Forumun açılış mərasimində etdiyi çıxış isə ölkəmizin şəhərsalma siyasətinin əsas prioritetlərini, tarixi irsə münasibətini və gələcək inkişaf istiqamətlərini aydın şəkildə ortaya qoydu.
Dövlət başçısı çıxışında qeyd etdi ki, Forumda 182 ölkədən 45 mindən artıq iştirakçının qeydiyyatdan keçməsi tədbirin qlobal əhəmiyyətini nümayiş etdirir. Bu göstərici Azərbaycanın beynəlxalq tədbirlərə uğurla ev sahibliyi etməsinin növbəti nümunəsidir. Prezident İlham Əliyevin də vurğuladığı kimi, bu tədbir COP29-dan sonra Azərbaycanda keçirilən ikinci ən böyük beynəlxalq platformadır.
Azərbaycanın coğrafi mövqeyi və tarixi inkişaf yolu ölkəmizin memarlığında və şəhərsalma ənənələrində də öz əksini tapır. Prezident İlham Əliyev Bakını qədimliklə müasirliyin harmoniyasını nümayiş etdirən şəhər kimi xarakterizə etdi. İçərişəhərin tarixi ab-havası ilə müasir Bakı arasında mövcud olan təbii vəhdət Azərbaycanın həm milli-mədəni irsə sadiqliyini, həm də müasir inkişaf strategiyasını göstərir. Bu yanaşma təkcə paytaxt Bakı üçün deyil, ölkənin digər şəhərləri üçün də əsas inkişaf prinsiplərindən birinə çevrilib.
Təsadüfi deyil ki, 2026-cı ilin “Şəhərsalma və Memarlıq İli” elan olunması da dövlətin bu sahəyə verdiyi xüsusi önəmin göstəricisidir. Son illərdə Azərbaycan şəhərsalma sahəsində mühüm layihələr həyata keçirib, xüsusilə işğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı yenidənqurma və bərpa işlərinə başlanılıb. Ağdam, Zəngilan və Xankəndidə keçirilən milli şəhərsalma forumları bu istiqamətdə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xidmət edir.
Prezident İlham Əliyev çıxışında Azərbaycanın qədim şəhərlərinin zəngin memarlıq irsini də xüsusi vurğuladı. Şamaxı, Naxçıvan, Gəncə, Şəki, Qəbələ və Lahıc kimi qədim yaşayış məskənlərinin timsalında Azərbaycanın əsrlər boyu formalaşmış memarlıq ənənələrinin bu gün də qorunaraq yaşadıldığı diqqətə çatdırıldı. Dövlət başçısı qeyd etdi ki, tarixi irsin qorunması yalnız keçmişə hörmət deyil, eyni zamanda gələcək nəsillər qarşısında məsuliyyətdir.
Forum çərçivəsində səsləndirilən ən mühüm məqamlardan biri Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və yenidənqurma prosesləri ilə bağlı idi. Prezident İlham Əliyev vurğuladı ki, 30 illik işğal nəticəsində tamamilə dağıdılmış şəhərlər bu gün müasir şəhərsalma prinsipləri əsasında yenidən qurulur. Böyük Qayıdış Proqramı çərçivəsində inşa olunan yollar, tunellər, körpülər, məktəblər, xəstəxanalar, hava limanları və yaşayış kompleksləri Azərbaycanın öz torpaqlarına həyat qaytardığını nümayiş etdirir. Bu layihələr təkcə infrastruktur quruculuğu deyil, həm də sosial rifahın və dayanıqlı inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət daşıyır.
Prezident İlham Əliyev şəhərsalma siyasətində ekoloji məsələlərin də xüsusi yer tutduğunu qeyd etdi. Bakı şəhərində uzun illər ərzində yaranmış ekoloji problemlərin aradan qaldırılması istiqamətində həyata keçirilən layihələr bu gün öz nəticəsini verməkdədir. Vaxtilə “Qara şəhər” kimi tanınan ərazilərin müasir “Ağ şəhər” layihəsinə çevrilməsi, yeni parkların və ictimai məkanların yaradılması, ekoloji nəqliyyat sistemlərinin tətbiqi Azərbaycanın yaşıl və dayanıqlı şəhər modelinə keçidini nümayiş etdirir.
Prezident İlham Əliyevin Ümumdünya Şəhərsalma Forumundakı çıxışı bir daha göstərdi ki, Azərbaycan şəhərsalma sahəsində yalnız regional deyil, qlobal səviyyədə də nümunəvi təcrübə formalaşdırır. Tarixi irsin qorunması, müasir infrastrukturun yaradılması, ekoloji tarazlığın təmin olunması və insan amilinin əsas prioritet kimi qəbul edilməsi ölkəmizin şəhərsalma siyasətinin əsas istiqamətlərini təşkil edir. Azərbaycanın bu sahədə qazandığı uğurlar isə gələcək inkişaf üçün möhkəm zəmin yaradır.
Fəsli Nəbiyev
YAP Gənclər Birliyinin sədr müavini
Azərbaycan artıq Çinin regiondakı əsas tərəfdaşlarından birinə çevrilib və ikitərəfli ticarətin 2025-ci ilə qədər təxminən 5 milyard dollara çatacağı gözlənilir...