PDF Oxu

Siyasət

  • 990

"Minaların təmizlənməsi Böyük Qayıdışın əsas şərtinə çevrilib" - HƏRBİ EKSPERT ŞƏRH ETDİ

image

"İşğaldan azad olunmuş ərazilərdə minaların təmizlənməsi prosesi Azərbaycan üçün həm təhlükəsizlik, həm də sosial-iqtisadi baxımdan strateji əhəmiyyət daşıyan bir məsələdir. Ermənistanın uzun illər ərzində bu əraziləri geniş miqyasda minalaması həm hərbi, həm də mülki əhali üçün ciddi təhlükə yaradır". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Ramil Məmmədli deyib.Onun sözlərinə görə, ən ağrılı məqam isə ondan ibarətdir ki, minalar yalnız müdafiə xətlərində deyil, yaşayış məntəqələrinin içərisində, kənd təsərrüfatı sahələrində, meşə zolaqlarında və su hövzələri yaxınlığında da basdırılıb. Bu isə bölgənin bərpası və insanların doğma yurdlarına təhlükəsiz şəkildə qayıdışını ləngidən əsas maneələrdən biridir: "Hazırda Azərbaycan dövləti bu istiqamətdə böyükmiqyaslı fəaliyyət həyata keçirir. ANAMA və digər aidiyyəti qurumlar müasir texnika və peşəkar mütəxəssislərin iştirakı ilə genişmiqyaslı mina təmizləmə əməliyyatları aparır. Bu işdə Türkiyə, Böyük Britaniya, Avropa İttifaqı və BMT kimi beynəlxalq tərəfdaşların dəstəyi də xüsusi rol oynayır. Təhlükəsizliyin təmin olunması üçün ən müasir texnologiyalar – pilotsuz uçuş aparatları, xüsusi zirehli texnika və mina aşkarlayıcı qurğular istifadə edilir.Minaların təmizlənməsi yalnız təhlükəsizliyi təmin etmir, həm də Böyük Qayıdış proqramının uğurla icra olunmasının əsas şərtidir. Çünki mina təmizlənməsi olmadan nə infrastruktur layihələrinin həyata keçirilməsi, nə də insanların kənd təsərrüfatı ilə məşğul olması mümkündür. Hər bir təmizlənmiş hektar torpaq həm insanların həyatını xilas edir, həm də regionun sosial-iqtisadi inkişafına yeni imkanlar açır.Əlavə olaraq qeyd etmək lazımdır ki, Ermənistanın minaların dəqiq xəritələrini tam şəkildə təqdim etməməsi prosesi xeyli çətinləşdirir. Bu, beynəlxalq humanitar hüququn kobud şəkildə pozulmasıdır və nəticədə mülki şəxslər arasında çoxsaylı itkilərə səbəb olur. Ümumilikdə, minaların təmizlənməsi prosesi uzunmüddətli və resurs tələb edən bir proses olsa da, bu istiqamətdə aparılan işlər Azərbaycanın gücünü, iradəsini və azad olunmuş əraziləri tam bərpa etmək əzmini göstərir. Bu əməliyyatların uğurlu aparılması yaxın illərdə təhlükəsiz, yaşayış üçün əlverişli mühitin formalaşmasına, əhalinin doğma torpaqlarına qayıdışının sürətlənməsinə və bölgənin iqtisadi potensialının tam reallaşmasına imkan verəcək".

Müəllif: Ziya Hikmətoğlu

Digər xəbərlər