"Azərbaycan Hava Yolları" (AZAL) aviaşirkətinə məxsus təyyarənin vurulması nəticəsində qəzaya uğraması ilə bağlı sığorta ödənişlərinin həyata keçirilməsi məsələsi ilə əlaqədar Rusiya Federasiyası Xarici İşlər Nazirliyi tərəfindən sentyabrın 4-də verdiyi açıqlama təəccüb doğurmaqla yanaşı, ictimaiyyəti çaşdırır. SİA xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadənin Rusiya Xarici İşlər Nazirliyinin "Azərbaycan Hava Yolları" aviaşirkətinə məxsus təyyarə faciəsi ilə əlaqədar sığorta ödənişlərinin həyata keçirilməsi barədə 4 sentyabr tarixli mətbuat məlumatı və mətbuat katibinin Azərbaycan-Rusiya münasibətlərinə dair açıqlaması ilə bağlı şərhində deyilir.AZAL-a və sərnişinlərə Rusiyada qeydiyyatda olan sığorta şirkəti tərəfindən sığorta ödənişlərinin həyata keçirilməsi və təyyarənin vurulması ilə bağlı Azərbaycanın Rusiya hökumətindən kompensasiya tələb etməsi məsələləri tamamilə fərqli mövzulardır.Sözügedən şirkət tərəfindən qeyd edilən sığorta ödənişlərinin həyata keçirilməsi prosesi artıq 6 aydır həyata keçirilir. Ümumilikdə, bu ödənişlər məhz AZAL-ın sığorta müqaviləsi çərçivəsində, şirkətin təyyarəsini və sərnişinləri sığorta etməsi nəticəsində öhdəliklərə uyğun olaraq təmin edilir. Ödənişlərin məhz Rusiya sığorta şirkəti tərəfindən həyata keçirilməsi məsələsinə gəldikdə qeyd edək ki, adətən təyyarələrin sığortası müvafiq beynəlxalq sığorta şirkətləri vasitəsilə həyata keçirilir.