PDF Oxu

Siyasət

  • 455

Azərbaycan-Çin: əməkdaşlıqda keyfiyyətcə yeni mərhələ - TƏHLİL

image

Prezident İlham Əliyev: "Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk"


Prezident İlham Əliyevin müasir dövrün çağırışlarına uyğun olaraq həyata keçirdiyi siyasi iradəsinə əsaslanan uzaqgörən siyasəti dövlətimizin dünya birliyində mövqeyinin daha da güclənməsinə səbəb olur. Beynəlxalq müstəvidə etibarlı tərəfdaşlığın məntiqi nəticəsi olaraq ikitərəfli və çoxtərəfli münasibətlər inkişaf edir. Dünyanın ikinci ən böyük təşkilatı olan Qoşulmama Hərəkatı, İslam Əməkdaşlıq Təşkilatı, Türk Dövlətləri Təşkilatı və digər nüfuzlu təsisatların Azərbaycanla sıx əlaqələr qurmağa üstünlük verməsinə səbəb əlbəttə ki, dövlətimizə etimadın, inamın ifadəsidir. Bölgədə və dünyada söz sahibi olan Azərbaycanın bugünkü inkişafı siyasi, iqtisadi, hərbi, mədəni və s. sahələrdə qazandığı uğurlarla özünü büruzə verir. Bu günlərdə Prezident İlham Əliyevin Çinə səfəri iki ölkə arasında münasibətlərin dərinləşməsi və yeni strateji istiqamətlərdə əməkdaşlığın inkişafı baxımından mühüm tarixi hadisə kimi dəyərləndirilir. "Azərbaycan ilə Çin arasındakı qarşılıqlı fəaliyyət ikitərəfli gündəliyin bütün spektri üzrə möhkəmlənir. Bu, siyasi, iqtisadi-ticari, sərmayə, enerji, nəqliyyat-logistika sahələrini, rəqəmsal iqtisadiyyatın, elm və texnologiyanın, təhsil və mədəniyyətin inkişafını ehtiva edir. Bu ilin iyul ayından bəri hər iki ölkənin vətəndaşları üçün vizasız rejim tətbiq olunur ki, bu da turizmin inkişafına təkan verir". Bu fikirləri Azərbaycan Prezidenti İlham Əliyev sentyabrın 1-də Çinin Tiencin şəhərində "ŞƏT plyus" formatında keçirilən görüşdə çıxışı zamanı bildirib.

Qeyd edək ki, Azərbaycanın son illər beynəlxalq arenadan artan nüfuzunun, həmçinin Avrasiya məkanında əsas tranzit qovşağa çevrilməsi ölkənin ŞƏT üçün əhəmiyyətini daha da artırıb. Azərbaycan həm təhlükəsizlik, həm də iqtisadi inkişaf sahəsində daha mühüm rol oynamağa başlayan dövlət kimi ŞƏT ilə daha sıx əməkdaşlıqda maraqlıdır.
Həm ərazisinə, həm də əhalisinə görə dünyanın ən böyük ölkələrindən bir neçəsinin üzv olduğu Şanxay Əməkdaşlıq Təşkilatı 2001-ci ildə Qazaxıstan, Çin, Qırğızıstan, Rusiya, Özbəkistan və Tacikistan tərəfindən Şanxayda təsis olunub. Hazırda ŞƏT-in üzv dövlətlərin rəhbərləri ilə Azərbaycan arasında qarşılıqlı inam və etimada əsaslanan yüksək səviyyəli münasibətlər diqqəti çəkəndir. Təşkilatın əsas məqsədləri sırasında üzv dövlətlər arasında qarşılıqlı etimad və qonşuluq münasibətlərinin gücləndirilməsi, siyasət, ticarət və iqtisadiyyat, elm və texnologiya və digər sahələrdə effektiv əməkdaşlığın inkişaf etdirilməsi dayanır. Eyni zamanda regionda sülh, təhlükəsizlik və sabitliyin əldə edilməsi üçün birgə səylərin göstərilməsi, yeni siyasi və iqtisadi beynəlxalq düzənin yaradılması üçün addımların atılması müasir dövrün çağırışları olduğunudan məqsəd olaraq daim diqqətdə saxlanılır.


"AZƏRBAYCAN REGİONDA ÇİNİN ETİBARLI TƏRƏFDAŞIDIR"

Əlbəttə ki, dövlət başçımızın Çinə növbəti səfəri təkcə siyasi dialoqun möhkəmləndirilməsi deyil, həm də iqtisadi, mədəni və humanitar əlaqələrin daha da genişlənməsi baxımından böyük əhəmiyyət kəsb edir. Səfər çərçivəsində keçirilən yüksəksəviyyəli görüşlərdə Çin tərəfinin Azərbaycanla əməkdaşlığa verdiyi önəm açıq şəkildə özünü biruzə vermiş oldu. Çin Azərbaycanın bölgədəki rolunu yüksək qiymətləndirərək, ölkəmizin beynəlxalq arenada etibarlı tərəfdaş olduğunu bir daha təsdiqlədi. "Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır. Biz beynəlxalq və regional sülhün və təhlükəsizliyin qorunmasına töhfə veririk, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələri həyata keçiririk", - deyə Azərbaycan Prezidenti çıxışında diqqətə çatdırıb. Azərbaycanla Çin arasında münasibətlər min ildən çox əvvəl qədim İpək yolu vasitəsilə başlayıb və bu əlaqələr bu günədək davamlı inkişaf edir. İki xalq arasında tarixi və mədəni əlaqələrin təməli, qədim dövrlərə gedib çıxsa da, son illər ərzində bu münasibətlər daha da möhkəmlənib və hər iki ölkənin rifahı naminə müxtəlif sahələrdə inkişaf edib. "Azərbaycan-Çin əlaqələri son iki ildə keyfiyyətcə yeni mərhələyə yüksəlib", - deyən Azərbaycan Prezidenti qeyd edib: "Azərbaycanla Çin arasında səmimi, dost münasibətlər və hərtərəfli strateji tərəfdaşlıq mövcuddur. Bu əlaqələrin dərinləşdirilməsi Azərbaycanın xarici siyasətinin mühüm istiqamətlərindən biridir". O, bu il iki ölkə arasında strateji tərəfdaşlığın yaradılmasına dair Birgə Bəyanatın imzalanmasını tarixi hadisə adlandırıb və bunun Azərbaycan-Çin münasibətlərində yeni səhifə açdığını vurğulayıb.

"ZƏNGƏZUR DƏHLİZİ HƏM ORTA DƏHLİZİN, HƏM DƏ ŞİMAL-CƏNUB DƏHLİZİNİN NÖVBƏTİ MÜHÜM SEQMENTİNƏ ÇEVRİLƏCƏK"

Azərbaycan ilə Çin arasında iqtisadi əlaqələrin inkişafı, ölkələrimizin strateji tərəfdaşlıq münasibətlərində mühüm yer tutur. Bu əlaqələrin genişləndirilməsi və mövcud problemlərin həlli məqsədilə 2009-cu ilin mayında Hökumətlərarası İqtisadi Komissiya yaradılıb. 2012-ci ildə Pekində, Azərbaycanın İqtisadi İnkişaf Nazirliyi ilə Çinin Kommersiya Nazirliyi arasında əməkdaşlıq haqqında memorandum imzalanıb. Həmçinin Azərbaycan 2016-cı ildə Asiya İnfrastruktur İnvestisiya Bankına üzv olaraq beynəlxalq iqtisadi layihələrə daha sıx inteqrasiya edib. Azərbaycanın "Kəmər və yol" təşəbbüsünə verdiyi önəm 2017-ci ilin oktyabrında Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı ilə öz təsdiqini tapıb. Bu mühüm layihə həm Azərbaycan, həm də Çin üçün iqtisadi əlaqələrin daha da möhkəmlənməsinə və regional ticarət marşrutlarının inkişafına xidmət edir. Çin hökuməti bu dəmir yolunun istifadəyə verilməsini və tikintisində Azərbaycanın oynadığı mühüm rolu yüksək qiymətləndirib. "Azərbaycan Çin Xalq Respublikasının Sədri tərəfindən irəli sürülmüş "Bir kəmər, bir yol" təşəbbüsünü ilk dəstəkləyən ölkələrdən biridir. Bu istiqamətdə ciddi praktiki layihələr reallaşdırırıq. Azərbaycan Avrasiyanın nəqliyyat-logistika mərkəzlərindən biridir. Biz beynəlxalq nəqliyyat dəhlizlərini fəal şəkildə inkişaf etdirir, müasir infrastruktur yaradırıq. Şərq-Qərb və Şimal-Cənub dəhlizləri yeni iqtisadi və nəqliyyat perspektivləri yaradıb.
Azərbaycan Ələt Beynəlxalq Dəniz Limanının buraxılış qabiliyyətini ildə 15 milyon tondan 25 milyon tona çatdırmaq niyyətindədir.
Orta Dəhliz Azərbaycan vasitəsilə Çin və Mərkəzi Asiyanı Avropa ilə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. 2022-ci ildən bəri Orta Dəhliz üzrə Azərbaycan vasitəsilə yükdaşımaların həcmi təxminən 90 faiz artıb. Yüklərin bu dəhliz üzrə keçid müddəti əhəmiyyətli dərəcədə azalıb", - deyə Azərbaycan Prezidenti bildirib. Dövlət başçımız onu da diqqətə çatdırıb ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan Muxtar Respublikası arasında bağlantının yaradılması üzrə bu yaxınlarda əldə olunmuş razılaşmalar beynəlxalq yükdaşımalar üçün tranzit imkanlarının genişlənməsinə xidmət edəcək: "Əminəm ki, yaxın gələcəkdə Zəngəzur dəhlizi həm Orta Dəhlizin, həm də Şimal-Cənub dəhlizinin növbəti mühüm seqmentinə çevriləcək, sülhü, çoxtərəfli tərəfdaşlığı möhkəmləndirəcək və Azərbaycan sərhədinin şərqində, qərbində, şimalında və cənubunda yerləşən yaxın və uzaq qonşularımıza fayda gətirəcək".

MÜNASİBƏTLƏRDƏ YENİ SƏHİFƏ

Çin öz növbəsində dünyanın fövqəldövləti kimi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat marşrutlarının kəsişməsində yerləşən Azərbaycanla əməkdaşlığa böyük diqqət ayırır. Bu əməkdaşlıq yalnız iki ölkə arasındakı əlaqələri möhkəmləndirməklə məhdudlaşmır, həm də regional və qlobal iqtisadi inteqrasiyanı gücləndirmək üçün mühüm amildir. Bakı-Tbilisi-Qars dəmir yolu, "Şimal-Cənub" Beynəlxalq Nəqliyyat Dəhlizi və Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu (Orta Dəhliz), həmçinin Xəzərdə ən iri limanlardan biri olan Bakı Beynəlxalq Dəniz Ticarət Limanı "Kəmər və yol" təşəbbüsü çərçivəsində iqtisadi və nəqliyyat imkanlarının reallaşdırılması üçün yeni perspektivlər açır. Orta Dəhliz Avropa və Mərkəzi Asiyanı Xəzər dənizi vasitəsilə Çinlə birləşdirən etibarlı və təhlükəsiz marşrutdur. Heç şübhəsiz ki, Azərbaycanın strateji mövqeyi və "Bir kəmər, bir yol" təşəbbüsündə oynaya biləcəyi rol Çin üçün xüsusi önəm daşıyır.
Ölkələrimiz arasındakı ticarət dövriyyəsində də müsbət dinamika müşahidə edilir. Azərbaycan ilə Çin arasında əmtəə dövriyyəsinin həcmi artıb və Çin ölkəmizin 4-cü ən böyük ticarət tərəfdaşıdır.
2024-cü ildə Azərbaycanın xarici ticarətinin ümumi həcminin 7,9 faizi Çinin payına düşür və Azərbaycanın ixrac malları daşıyan ilk dəmir yolu qatarı Bakıdan Çinə yola salınıb. Çinin şəhərlərində Azərbaycan ticarət evləri yaradılır, Azərbaycan xalçaları, nar şirələri və başqa yüksək keyfiyyətli məhsullar isə minlərlə çinli ailənin evinə daxil olur. Azərbaycan ticarət və şərab evləri artıq ÇXR-in Pekin, Şanxay, Urumçi, Tsindao, Çendu, Nankin və Çjantszyatsze şəhərlərində fəaliyyət göstərir və ikitərəfli ticari münasibətlərimizin inkişafında mühüm əhəmiyyət daşıyır. Azərbaycanda Çin kapitalı ilə 375 şirkət qeydə alınıb, onlardan 298-i ölkəmizdə aktiv fəaliyyət göstərir.
Azərbaycan ilə Çin arasında tranzit daşımaların həcmi 2024-cü ildə 378 min ton olub və bu göstərici 2023-cü illə müqayisədə 86 faiz çoxdur. 2024-cü il ərzində Çindən Azərbaycana ixrac və tranzit rejimində Orta Dəhlizlə 287 marşrut qatarı yola salınıb.
Prezident İlham Əliyevin Çinə səfəri Azərbaycan–Çin münasibətlərində yeni səhifə açdı. Çin tərəfinin göstərdiyi diqqət, səmimiyyət və xoşməramlı münasibət növbəti dəfə sübut etdi ki, bu əməkdaşlıq yalnız siyasi və iqtisadi maraqlarla məhdudlaşmır, həm də xalqlarımız arasında dərin dostluq münasibətlərinə əsaslanır.


Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər