PDF Oxu

Siyasət

  • 329

"Yol rahatlıqdır, inkişafdır" - TƏHLİL

image

Dövlət başçısının Sərəncamına əsasən, Göygöldə yol tikintisinə 2 milyon manat ayırıb



Azərbaycan Prezidenti İlham Əliyev "Göygöl rayonunun Göygöl–Topalhəsənli–Şəhriyar (8 km)–Zurnabad–Gəncə–Mollacəlilli avtomobil yolunun əsaslı təmiri ilə bağlı tədbirlər haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, iki min nəfər əhalinin yaşadığı 3 yaşayış məntəqəsini birləşdirən Göygöl–Topalhəsənli–Şəhriyar (8 km)–Zurnabad–Gəncə–Mollacəlilli avtomobil yolunun əsaslı təmiri məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 10 yanvar tarixli 445 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsində dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü"nün 1.19.21-ci yarımbəndində göstərilmiş məbləğin ilkin olaraq 2 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılıb.
Azərbaycanda yol infrastrukturuna ayrılan diqqət ölkəmizə müasir görkəm verməklə yanaşı, üzləşdiyimiz nəqliyyat axınında sıxlığın azaldılmasında da mühüm rol oynayır. Beynəlxalq tələblər səviyyəsində qurulan yollar, inşa olunan yeni körpülər, tunellər əlbəttə ki, piyadaların və sürücülərin rahat hərəkətində önəmli faktordur. Bu gün avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ilbəil artır. Yol infrastrukturunun müasir tələblər səviyyəsində qurulması prioritet vəzifələrdəndir. Son illərdə regionların sosial-iqtisadi inkişafı dövlət proqramlarının uğurla icrası nəticəsində ölkəmizdə magistral, respublika və yerli əhəmiyyətli avtomobil yolları əsaslı şəkildə yenidən qurulub.

"ÇALIŞMALIYIQ Kİ, YAXIN İLLƏRDƏ BÜTÜN KƏND YOLLARINI TİKƏK"

Əhalinin ən çox sıxlaşdığı yerlərdə yol çəkilişləri geniş vüsət alır. Bu layihələrin icrası insanların rifahının yaxşılaşdarılması məqsədilə həyata keçirilir. Azərbaycan Prezidentinin çıxışlarının birində bildirdiyi kimi, "Dövlət İnvestisiya Proqramında magistral yolların çəkilişinin davamı və yeni yolların çəkilişinin başlanması mühüm yer tutur. Biz son illər ərzində bu sahədə də çox işlər görmüşük, magistral yollarımızı böyük dərəcədə bərpa edə bilmişik və yeni yollar salınıbdır. İndi bütün magistral yollarda işlər gedir və bu işlər artıq tamamlanır. Bununla bərabər, şəhərlərarası yolların çəkilişi də gedir. Biz artıq bir neçə ildir ki, kənd yollarının çəkilişi ilə çox ciddi məşğul olmağa başlamışıq. Bütün rayonlarda bu layihələr icra edilir. Bu layihələrin icrası rayonlardan gəlmiş sifarişlər, əhalidən gələn müraciətlər əsasında təşkil edilir. İlk növbədə, biz çalışmışıq ki, əhalinin ən çox məskunlaşdığı kəndlərimizi yeni yollarla təmin edək. Kəndlərarası yolların çəkilişi geniş vüsət almışdır. Bu məqsədlər üçün həm dövlət büdcəsindən, həm Prezidentin Ehtiyat Fondundan böyük həcmdə vəsait ayrılır. Çalışmalıyıq ki, yaxın illərdə bütün kənd yollarını tikək".
Qarşıya qoyulan vəzifələrin uğurlu icrası sayəsində respublikamızın bütün bölgələrinin siması tamamilə dəyişmiş, rayonların ucqar kəndləri belə qazlaşdırılıb, yaşayış məntəqələri içməli su ilə təmin olunub və demək olar ki, şəhərlə kənd arasındakı fərq aradan qaldırılıb. Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir. Bakı şəhərinin ərazisində də avtomobil yollarının çəkilməsi istiqamətində əsaslı tədbirlər görülüb. Ölkəmizdə magistral, respublika və yerli əhəmiyyətli avtomobil yolları əsaslı şəkildə yenidən qurulur ki, bu da ölkəmizin getdikcə artan iqtisadi gücünün göstəricisidir.

"İKİ QİTƏ ARASINDA MÜHÜM VƏ ƏN ƏLVERİŞLİ NƏQLİYYAT MƏRKƏZİ"

Son 22 ildə Azərbaycan Respublikasında yol infrastrukturunun inkişafı sahəsində əsas nailiyyətlərdən biri ümumilikdə 20,8 min km uzunluğunda (o cümlədən 6,6 min km respublika əhəmiyyətli, 11,6 min km yerli əhəmiyyətli və 2,6 min km isə Bakı şəhərində) yeni yolların tikilməsi, yenidən qurulması və təmir olunmasıdır. Bundan əlavə, ümumi istifadədə və Bakı şəhərində olan avtomobil yollarında ümumilikdə 335 ədəd körpü və yol ötürücüsü tikilmiş, 56 ədədi təmir edilmiş, 163 ədəd yeraltı və yerüstü piyada keçidi və 45 ədəd tunel tikilmişdir. Eyni zamanda qeyd etmək lazımdır ki, işğaldan azad olunmuş ərazilərdə ümumi uzunluğu 3.4 min km təşkil edən 44 avtomobil yolu layihəsi icra edilir ki, onlardan ümumilikdə 0.3 min km (6 layihə tamamilə, 1 layihə isə qismən) tikilib başa çatdırılmışdır. Bakı şəhərində və ətraf ərazilərdə mobilliyin artırılması və nəqliyyat axınının daha səmərəli idarə olunması məqsədilə 4 parklanma zonası üzrə 18 min parklanma yeri yaradılmışdır. Görülmüş işlər nəqliyyat vasitələrinin nizamlı şəkildə parklanmasını təmin etməklə, yollarda nəqliyyat sıxlığının azalmasına, eyni zamanda piyadalar üçün daha təhlükəsiz və rahat mühitin formalaşmasına xidmət edir. Bundan əlavə, beynəlxalq nəqliyyat əlaqələrinin təmin olunması üçün həyata keçirilən M-1 Bakı–Quba–Rusiya Federasiyası ilə dövlət sərhədi yeni avtomobil yolu, M-2 Bakı–Ələt–Qazax–Gürcüstanla dövlət sərhədi avtomobil yolu, 6 M-3 Ələt–Astara–İran İslam Respublikası ilə dövlət sərhədi avtomobil yolu, Şəki–Oğuz–Qəbələ və Füzuli–Şuşa (Zəfər yolu) kimi avtomobil yolu layihələri yüksək keyfiyyətli və təhlükəsiz hərəkət imkanları təqdim etməklə, həm yerli, həm də beynəlxalq tranzit daşımalarının sürətini artırmağa və yükdaşımaların effektivliyini yüksəltməyə kömək etmişdir.
Azərbaycan bu gün Avrasiya məkanında dinamik innovativ inkişaf edən lider dövlət, həm də iki qitə arasında mühüm və ən əlverişli nəqliyyat mərkəzidir. Dövlət başçımızın dediyi kimi: "Yol rahatlıqdır, inkişafdır. Yol olan yerdə inkişaf da var. Yol həm sosialyönümlü layihədir, həm də iqtisadi layihədir". Azərbaycan Prezidenti İlham Əliyevin imzaladığı sərəncamlar ölkədə yol infrastrukturunun təzələnməsini daha da sürətləndirir. Təbii ki, nəqliyyat-yol infrasturukturunun inkişafı və yenilənməsi hər bir ölkənin iqtisadi qüdrətinin göstəricisidir. Ölkənin istehsal və sənayenin bütün sahələrinin inkişafı birbaşa olaraq yol örtüyünün hansı vəziyyətdə olmasından asılıdır.
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu inkişaf strategiyası regionların davamlı sosial-iqtisadi tərəqqisinə mühüm töhfələr verir. Bu kontekstdə regionların sosial-iqtisadi inkişafı ilə bağlı qəbul edilən dövlət proqramları çərçivəsində görülən işlər bölgələrin tarazlı inkişafını şərtləndirir.

NƏQLİYYAT SİSTEMİNDƏ YENİ ÇAĞIRIŞLAR

Bakı şəhərinin 2020-2040-cı illəri əhatə edən Baş Planında qlobal trendlər nəzərə alınaraq, şəhərin perspektiv inkişaf istiqamətləri məhz polisentrik yanaşma əsasında müəyyən edilmişdir. Son 22 ildə ölkə üzrə əhalinin orta illik artım tempi 1% təşkil etdiyi halda, Bakı şəhərində və ətraf ərazilərdə bu göstərici 1.3% olmuşdur. Həmin dövr üzrə Bakı şəhərində hər 1000 nəfərə düşən avtomobillərin sayı 132-dən 320-dək artmışdır. Əhali sayının sürətli artımı şəhərin infrastrukturuna və xidmət sahələrinə, xüsusilə nəqliyyat sektoruna əlavə təzyiq göstərir. Artan tələbat nəqliyyat sistemində yeni çağırışlar yaratmış, bunlara ictimai nəqliyyatın genişləndirilməsi, tıxacların azaldılması və ekoloji cəhətdən davamlı nəqliyyat həllərinin tətbiqi daxildir. Bununla belə, fərdi nəqliyyat vasitələrindən ictimai nəqliyyata və fərdi mobil nəqliyyat vasitələrinə keçid infrastrukturun inkişafından asılıdır. İnfrastrukturun təkmilləşdirilməsi məqsədilə 100 km-dən çox velosiped zolaqlarının inşası, sərnişinlərin ictimai nəqliyyat və digər nəqliyyat vasitələri ilə səyahət təcrübəsinin tam rəqəmsallaşdırılması planlaşdırılıb. Ölkədə nəqliyyat infrastrukturuna investisiyalar qoyulmasına və müxtəlif nəqliyyat növləri üzrə ayrı-ayrı layihələrin icra olunmasına baxmayaraq, nəqliyyat növlərinin koordinasiyalı fəaliyyəti ilə bağlı çatışmazlıqlar müşahidə olunurdu. Bakı şəhərinin 2040-cı ilədək olan Baş Planında nəqliyyat sisteminin inkişaf konsepsiyasına uyğun olaraq, Böyük Bakı Regionunun nəqliyyat infrastrukturunun inkişafı üzrə vahid konsepsiyanın hazırlanması, şəhərin əsas yollarındakı nəqliyyat yüklənməsinin aradan qaldırılması, şəhərətrafı ərazilərdən nəqliyyat axınlarının idarə edilməsi, şəhərətrafı ərazilərdə yerləşən yaşayış məntəqələri arasındakı yola sərf olunan vaxtın mümkün səviyyədə qısaldılması, nəqliyyat qovşaqlarının yaradılması məsələlərinin həll edilməsi hədəflənib.

Son illər yeni yolların çəkilməsi, köhnə yol-nəqliyyat strukturunun müasir tələblərə uyğun yenidən qurulması da diqqət mərkəzində saxlanılır. Çünki hansı bölgəyə, şəhər və qəsəbəyə yol çəkilirsə, həmin ərazidə yeni infrastruktur yaradılır, investisiya cəlb olunur, Müasir yol dövlətin iqtisadi qüdrətini nümayiş etdirməklə yanaşı, həm də yeni həyatın başlanğıcı deməkdir.

Zümrüd BAYRAMOVA

Digər xəbərlər