“Azərbaycan – Çin əlaqələri son illər keyfiyyətcə yeni bir mərhələyə yüksəlib və hər iki ölkə arasında iqtisadi – ticari, nəqliyyat, enerji, mədəniyyət, turizm sahələrində əməkdaşlığın möhkəmlənməsinə imkanlar yaratmışdır.” Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.Komitə sədri qeyd edib ki, tərəflər arasında hərtərəfli strateji tərəfdaşlığın mövcud olması, dostluq, qardaşlıq münasibətlərinin genişlənməsi xalqların, dövlətlərin milli maraqlarına xidmət edir və gələcək inkişafa hesablanmışdır.“Azərbaycan Prezidenti cənab İlham Əliyev Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısında çıxışı zamanı ölkələrimiz arasında münasibətlərə böyük önəm vermiş və bir daha bildirmişdir ki, “Azərbaycan regionda Çinin etibarlı tərəfdaşıdır”. Bu, real amallara və amillərə arxalanan ifadələrdir. Azərbaycan bu gün beynəlxalq və regional sülhün, təhlükəsizliyin qorunmasına, təmin edilməsinə, genişmiqyaslı iqtisadi, nəqliyyat və enerji layihələrinin həyata keçirilməsinə öz töhfələrini verir və bu sahədə səylərini artırmaqdadır. Bunun nəticəsidir ki, Azərbaycan ilə Çin arasında tranzit daşımalarının həcmi 2024-cü ildə rekord səviyyəyə, 378 min tona satmışdır. Bu əvvəlki illə müqayisədə 8 faiz çoxdur. Ötən il Çindən Azərbaycana ixrac və tranzit rejimində orta dəhlizlə 287 marşrut qatarı yola salınmışdır.Prezidentimizin bildirdiyi kimi bu gün Orta Dəhlizin strateji çəkisi durmadan artır və dünya ölkələrinin bu dəhlizə marağı böyükdür. Çindən Avropaya, Avropadan Asiyanın dərinliklərinə uzanan yol həm etibarlı, həm də qısa müddətli olması ilə seçilir. Yüklərin Çindən Avropaya ən qısa vaxtda çatdırılmasını təmin edir. “Şimal-Cənub” və “Şərq-Qərb” dəhlizlərinin inkişafı Bakını bir tranzit mərkəzinə çevirir və nəqliyyat infrastrukturu sahəsində mövqelərini möhkəmləndirir. Azərbaycanla Çin arasında ən mühüm sahələrə dair imzalanmış 100-dən artıq sənəd deməyə imkan verir ki, əlaqələr çoxşaxəlidir, münasibətlər sağlamdır və qarşılıqlı səfərlər, görüşlər hər iki xalqın xoşbəxtliyinə, ölkələrin inkişafına istiqamətləndirilmişdir.Azərbaycan Prezidentinin sülh, təhlükəsizlik, əminamanlıq, dostluq və əməkdaşlıq çağırışları Çin Xalq Respublikası rəhbərləri tərəfindən dəstəklənir və yüksək qiymətləndirilir. Dövlətimizin rəhbərinin bu ölkəyə son səfərləri, yüksək səviyyədə, böyük hörmət və ehtiramla qarşılanması, keçirilən yüksək səviyyəli görüşlər bunun aydın ifadəsidir və qürurvericidir”, deyə Tahir Rzayev bildirib.
Müəllif: İnam Hacıyev