PDF Oxu

Siyasət

  • 519

Azərbaycan-Tacikistan: münasibətlərdə stratejı tərəfdaşlıq

image

Prezident İlham Əliyev: "Birgə səylərlə Azərbaycan ilə Tacikistan arasında dostluq əlaqələrinin inkişafına, qarşılıqlı fəaliyyətin daha da dərinləşməsinə nail olacağıq "

Azərbaycanın çoxşaxəli uğurlu xarici siyasətində Mərkəzi Asiya ölkələri ilə münasibətlər xüsusi yer tutur və bu ölkələrdən Tacikistanla əlaqələr mühüm əhəmiyyətə malikdir. Təbii ki, əlaqələrin inkişafında səmimi dostluq münasibətləri, dövlət başçılarının qarşılıqlı səfərlərinin intensivliyində və məhsuldarlığında özünü göstərir. Qeyd edək ki, Prezident İlham Əliyevin son 2-3 il ərzində Mərkəzi Asiya, o cümlədən regionun türkdilli ölkələrinə ardıcıl səfərləri və həmin dövlətlərin başçılarının Azərbaycana səfərləri əlaqələrimizin genişlənməsini, dərinləşməsini və strateji xarakter almasını şərtləndirir. Bu səfərlər zamanı imzalanan müqavilələr, sazişlər ölkələrimiz arasında münasibətlərin qarşıdakı dövr üçün əsas istiqamətlərini müəyyənləşdirir. Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığında Tacikistan ilə münasibətlər də özünəməxsus rol oynayır. Bu baxımdan, Tacikistanla da Azərbaycan arasında qarşılıqlı anlaşma mühiti mövcuddur. Xalqlarımızın əsrlərə söykənən tarixi, mədəni, dini bağlılığına əsaslanan bu münasibətlər xüsusilə son dövrlərdə dövlətlərimizin başçılarının siyasi iradəsi ilə daha da genişlənərək inkişaf edir. Hər iki dövlətin aktual regional və beynəlxalq məsələlərdə mövqeləri eynidir. "Azərbaycan ilə Tacikistan arasında münasibətlərin hazırkı yüksək səviyyəsi xalqlarımızın bir-birinə bəslədiyi dərin hörmət və etimaddan irəli gəlir. Bu ortaq iradədən qaynaqlanan dövlətlərarası əlaqələrimizin yüksələn xətlə inkişaf edərək strateji tərəfdaşlıq səviyyəsinə çatması məmnunluq doğurur". Bu fikirlər Azərbaycan Prezidenti İlham Əliyevin Tacikistan Prezidenti Emoməli Rəhmona bu ölkənin milli bayramı - Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda yer alıb. Prezident Emoməli Rəhmona və Tacikistan xalqına öz adından və Azərbaycan xalqı adından ən xoş arzularını çatdıran dövlətimizin başçısı qeyd edib: "Sizin müdrik rəhbərliyiniz altında qardaş Tacikistanda sosial-iqtisadi sahədə əldə edilən uğurlar, ölkənin beynəlxalq nüfuzunun artması bizi sevindirir". Azərbaycan Prezidenti əlavə edib ki, ali səviyyədə qarşılıqlı anlaşmanın mövcudluğu müxtəlif sahələrdə münasibətlərimizin genişlənməsi üçün əlverişli zəmin yaradır: "Cari ilin iyulunda Xankəndidə keçirilən İqtisadi Əməkdaşlıq Təşkilatının 17-ci Zirvə görüşündə iştirakınızı və Sizinlə görüşümüzü ən xoş təəssüratlarla xatırlayıram".

Dövlətimizin başçısı məktubunda əmin olduğunu bildirib ki, mövcud imkanlardan istifadə edərək birgə səylərlə Azərbaycan ilə Tacikistan arasında dostluq əlaqələrinin inkişafına, qarşılıqlı fəaliyyətin daha da dərinləşməsinə nail olacağıq".

Ölkələrimiz arasında rəsmən əsası qoyulan strateji tərəfdaşlıq hər iki xalqın bir-birinə daha da yaxınlaşmasına, dostluq və qardaşlıq münasibətlərinin daha da gücləndirilməsinə xidmət edir. Dost ölkə ilə strateji tərəfdaşlığın təsbit edilməsi, eyni zamanda, Azərbaycanın beynəlxalq siyasi sistemdə nüfuzunun artmasına və mövqeyinin möhkəmlənməsinə öz sözünü deyir.

QARŞILIQLI MARAQ DOĞURAN SAHƏLƏRDƏ ƏMƏKDAŞLIQ

Qeyd edək ki, Azərbaycanın Mərkəzi Asiya dövlətləri arasında Tacikistanla münasibətləri xüsusi əhəmiyyətə malikdir. İki ölkə arasında diplomatik münasibətlər 1992-ci il mayın 29-da qurulub. 2007-ci ildə Azərbaycanın Tacikistanda, bir il sonra isə Tacikistanın Azərbaycanda səfirliyi fəaliyyətə başlayıb.

Ölkələrimizi tarixi dostluq əlaqələri, siyasi, humanitar və digər sahələrdə münasibətlər də birləşdirir. Azərbaycan və tacik xalqları arasında tarixi, mədəni və dini bağlılıqlar iki ölkə arasındakı əlaqələrin əsasını təşkil edir. İki ölkə arasında ümumilikdə 70-dən çox sənəd, o cümlədən 2007-ci il martın 15-də "Azərbaycan Respublikası və Tacikistan Respublikası arasında dostluq və əməkdaşlıq haqqında Müqavilə" imzalanıb. İki ölkə arasında elm və təhsil sahəsində münasibətlər də mühüm yer tutur. 2014-cü ildə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə Tacikistan Milli Universitetinin Fəxri Doktoru diplomu təqdim olunub. 2018-ci il avqustun 11-də Azərbaycanda rəsmi səfərdə olan Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmona ADA Universitetinin Fəxri Doktoru diplomu təqdim edilib. Hazırda Azərbaycanda onlarla tacikistanlı tələbə təhsil alır.

Azərbaycan-Tacikistan mədəni əlaqələri də məhsuldarlığı ilə seçilir. Ölkələrimiz arasında qarşılıqlı mədəniyyət günləri və kino həftəsi keçirilib. Belə ki, 2007-ci il dekabrın 18-22-də Azərbaycanda Tacikistan Mədəniyyət Günləri, bir il sonra noyabrın 9-12-də isə Tacikistanda Azərbaycan Mədəniyyət Günləri keçirilib. 2015-ci il martın 9-12-də Bakıda Tacikistan kinosu günləri baş tutub. Paytaxtla yanaşı, Gəncədə də keçirilən mədəniyyət günləri çərçivəsində Bakıda Tacik Kino Günləri də təşkil olunub. Düşənbədə azərbaycanlı heykəltaraşlar Fuad Əbdürrəhmanovun (Rudəkinin heykəli, 1964-cü il) və Ömər Eldarovun (Sədrəddin Ayinin heykəli, 1978-ci il və İbn Sinanın heykəli, 1980-ci il) əsərləri mövcuddur. 2022-ci ildən əvvəl Bakı və Düşənbə şəhərləri arasında Qardaşlaşma haqqında memorandum imzalanıb. Bundan başqa, Xocənd şəhəri və Gəncə qardaşlaşmış şəhərlərdir.

Ölkələrimiz arasında əlaqələrin inkişafında Azərbaycan Prezidenti İlham Əliyevin və Tacikistan Prezidenti Emoməli Rəhmonun şəxsi dostluq münasibətləri mühüm rol oynayır. Dövlət başçılarının qarşılıqlı səfərləri ölkələrimiz arasında münasibətlərin inkişafında yeni səhifə açır. Səfərlər ölkələrimiz arasında yüksək səviyyədə olan əlaqələrin daha da inkişafına və qarşılıqlı maraq doğuran sahələrdə əməkdaşlığın gücləndirilməsinə töhfə verməkdir.

AVROPA İLƏ ASİYA ARASINDA NƏQLİYYAT QOVŞAĞINA VƏ TRANZİT MƏRKƏZ

Məlumdur ki, Vətən müharibəsindən sonra Azərbaycanın nəqliyyat-logistika imkanlarının genişlənməsi, Zəngəzur dəhlizinin reallaşdırılması məsələsi ölkəmizi Şərqlə Qərb arasında mühüm nəqliyyat qovşağına çevirib. Təsadüfi deyil ki, bu gün Mərkəzi Asiya ölkələrindən, bir qədər də uzağa getsək, Çindən Avropaya gedən ən qısa və təhlükəsiz tranzit daşımalar məhz ölkəmizin ərazisindən həyata keçirilir, bu da Azərbaycana marağı getdikcə artırır. Dünyada cərəyan edən son hadisələr fonunda Azərbaycanın da üzərində yerləşdiyi Orta Dəhlizin əhəmiyyəti artmaqdadır. Dövlətimizin başçısının uzaqgörən siyasətinin nəticəsi olaraq Azərbaycanda müasir nəqliyyat-logistika infrastrukturu yaradılıb və ölkəmiz beynəlxalq nəqliyyat şəbəkələrinə inteqrasiya olunub. Azərbaycan reallaşdırdığı nəhəng infrastruktur layihələri ilə Avropa ilə Asiya arasında vazkeçilməz nəqliyyat qovşağına və tranzit mərkəzə çevrilməkdədir. Azərbaycan Prezidenti İlham Əliyev çıxışlarının birində "Azərbaycan isə Avropa ilə Asiyanın qovuşuğunda yerləşən birləşdirici ölkə kimi özünün nəqliyyat infrastrukturu ilə, əlbəttə ki, bu məsələdə mühüm rol oynayır", - deyə bildirib.

Təbii ki, Azərbaycan - Tacikistan münasibətləri ölkələr arasında əməkdaşlığı yeni inkişaf səviyyəsinə yüksəlib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmonun birgə imzaladıqları strateji tərəfdaşlıq haqqında Bəyannamə də əlaqələrin genişlənməsində öz sözünü deyir.

"BÜTÜN TÜRKDİLLİ ÖLKƏLƏRLƏ MÜNASİBƏTLƏR BİZİM ÜÇÜN PRİORİTETDİR"

Heç şübhəsiz, bu gün türk dövlətləri arasında münasibətlərin dərinləşməsində Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan mühüm rola malikdirlər və prosesə böyük töhfələr verirlər. Məhz Azərbaycan və Türkiyə liderlərinin səyləri və qətiyyəti sayəsində reallaşan Bakı-Tbilisi-Ceyhan boru kəməri Azərbaycan, Türkmənistan və Qazaxıstan neftini dünya bazarlarına fasiləsiz çatdırır. Onurğa sütununu TANAP-ın təşkil etdiyi Cənub Qaz Dəhlizi sayəsində türk dövlətləri Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayırlar.

Türk dünyası ölkələri ilə əlaqələrin, qardaşlıq münasibətlərinin möhkəmləndirilməsi Azərbaycan üçün xarici siyasətin əsas prioritetlərindən biridir. Azərbaycan Prezidenti İlham Əliyev bununla bağlı çıxışlarının birində bildirib: "Təsadüfi deyil ki, hətta mənim səfərlərimin və qardaş ölkələrin dövlət başçılarının səfərlərinin son xronologiyasına baxsaq, bizim bu məsələyə əlavə dinamizm verdiyimizi görmək olar. Bütün türkdilli ölkələrlə münasibətlər bizim üçün prioritetdir. Xüsusən indiki geosiyasi vəziyyətdə biz qarşılıqlı dəstəyin, dövlətlərimizin müstəqilliyinin, suverenliyinin möhkəmləndirilməsinin, əməkdaşlığımıza konkret məzmun verməyin zəruriliyini nəzərə alaraq ümumi maraqlar ətrafında daha sıx birləşməliyik".

Siyasi müstəvidə BMT, İƏT, Qoşulmama Hərəkatı və digər beynəlxalq qurumlarda bir-birinin yanında olmaq, sülh və təhlükəsizlik uğrunda birgə mübarizə aparmaq bu ölkələrin əsas hədəflərindəndir. İqtisadi müstəvidə isə qarşılıqlı mənfəətə əsaslanan əməkdaşlıq getdikcə güclənir.

İqtisadi əlaqələrə gəldikdə vurğulamaq lazımdır ki, iki dost ölkə arasında siyasi münasibətlər yüksək səviyyədə olsa da, iqtisadi sahədə əlaqələr ölkələrimizin potensialını tam əks etdirmir. Hər iki ölkənin iqtisadi potensialı ticarət dövriyyəsinin əhəmiyyətli dərəcədə artırılmasına imkan verir. Tacikistan Transxəzər Beynəlxalq Nəqliyyat Dəhlizindən (Orta Dəhliz) də fəal istifadə edir.

Azərbaycan Tacikistanın etibarlı dostu və tərəfdaşıdır. Ölkələrimizi zamanın sınağından çıxmış münasibətlər birləşdirir. Əldə edilən razılaşmalar qardaş xalqların dərin maraqlarına cavab verir və Tacikistan-Azərbaycan münasibətlərinin möhkəm təməlinə çevrilib. İki ölkə arasında münasibətlərin inkişafı üçün böyük potensial var və qarşılıqlı səfərlər əməkdaşlığın sürətlə genişləndirilməsi baxımından mühüm imkanlar yaradır və ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsinə yeni töhfələr verir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər