"Zəngəzur dəhlizi məsələsi təkcə Azərbaycanın deyil, bütövlükdə regionun gələcəyi üçün strateji əhəmiyyət daşıyan mövzudur. Hazırkı vəziyyəti qiymətləndirərkən bir neçə mühüm məqama diqqət yetirmək lazımdır". Bu sözləri SİA-ya açıqlamasında hərbi ekspert Şair Ramaldanov deyib.Onun sözlərinə görə, Zəngəzur dəhlizi həm Şərq-Qərb, həm də Şimal-Cənub nəqliyyat xəttinin ayrılmaz hissəsi ola bilər. Bu dəhlizin açılması təkcə Azərbaycan və Türkiyəni deyil, bütün türk dünyasını birləşdirən mühüm strateji yol olacaq. Həmçinin Avropa ilə Asiyanı birləşdirən tranzit imkanlarını gücləndirəcək. Bu baxımdan, dəhliz regionda geosiyasi balansın dəyişməsinə səbəb ola bilər. Ermənistanın mövqeyi isə hələ də qeyri-müəyyəndir, amma reallıq ondan ibarətdir ki, bu layihə onsuz da regional əməkdaşlığın tələbinə çevrilib: "Dəhlizin açılması Azərbaycanın tranzit imkanlarını genişləndirəcək, ölkəyə əlavə iqtisadi gəlirlər gətirəcək. Həmçinin Türkiyə vasitəsilə Avropa bazarlarına çıxışı daha da rahatlaşdıracaq. Bununla yanaşı, Orta Asiya dövlətləri də bu yoldan istifadə etməklə öz məhsullarını Qərbə daha qısa zamanda və daha az xərc ilə çatdırmaq imkanı əldə edəcəklər. Ermənistan isə bu dəhlizdən kənarda qalarsa, regiondakı iqtisadi proseslərdən təcrid olunacaq ki, bu da onun gələcəyi üçün mənfi nəticələr doğura bilər. Azərbaycan dəfələrlə bəyan edib ki, bu dəhliz ölkənin ərazi bütövlüyünə və suverenliyinə hörmət prinsipi əsasında fəaliyyət göstərəcək. Lakin eyni zamanda bu yolun təhlükəsizliyi tam təmin edilməlidir. Ermənistan tərəfindən hər hansı sabotaj və ya təxribat cəhdləri qəbuledilməzdir. Əks halda, bu, regionda yeni gərginlik ocağı yarada bilər. Ona görə də dəhlizin açılması prosesində həm regional, həm də beynəlxalq təhlükəsizlik mexanizmləri nəzərə alınmalıdır.Zəngəzur dəhlizinin açılması region dövlətlərinin qarşılıqlı asılılığını artıracaq və sülhə xidmət edəcək. Azərbaycan və Türkiyənin təşəbbüsləri nəticəsində bu dəhliz reallığa çevrilərsə həm Rusiya, həm də Avropa İttifaqı bundan faydalanacaq. Beləliklə, gələcəkdə bu layihə regional əməkdaşlığın əsas sütunlarından biri ola bilər. Ümumilikdə desək, Zəngəzur dəhlizi təkcə nəqliyyat layihəsi deyil, həm də siyasi, iqtisadi və hərbi-strateji mahiyyət daşıyır. Onun açılması Cənubi Qafqazda yeni reallıqlar yaradacaq və uzunmüddətli sülhün təmin olunmasına mühüm töhfə verəcək".
Müəllif: Ziya Hikmətoğlu