"Böyük Qayıdış Proqramının artıq birinci mərhələsi yekunlaşır və dövlət başçısının sərəncamı ilə ikinci proqramın hazırlanıb həyata keçirilməsinə start verilir". Bu sözləri SİA-ya açıqlamasında siyasi şərhçi Taleh Əliyev deyib.O bildirib ki, keçən dövr ərzində demək olar ki, Qarabağın bütün ərazilərində infrastruktur layihələri böyük həcmdə reallaşdırılıb: "Xüsusilə Füzuli, Zəngilan və Laçında üç beynəlxalq aeroport istifadəyə verilib. İlk magistral yol kimi Zəfər yolu Füzulidən Şuşaya qədər çəkilib. Eyni zamanda dağların qoynunda Gəncə istiqamətindən Kəlbəcər və oradan da Laçın istiqamətinə yollar abadlaşdırılıb. Xocalı aeroportunda da yenidənqurma layihələri aparılır. Füzuli şəhərində ilk yaşayış kompleksi inşa edilib. Cəbrayıl şəhəri də ilk yaşayış məntəqəsi kimi formalaşdırılıb. Zəngilanın Ağalı kəndində “ağıllı kənd” layihəsi Böyük Qayıdış Proqramının uğurlu başlanğıcı kimi həyata keçirilib.Bu gün demək olar ki, işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bütün ərazilərində quruculuq və qayıdış proqramları icra olunur. Hazırda Qubadlı və Zəngilan şəhərlərindən başqa, digər rayon mərkəzlərinə köç prosesi başlanıb. Yaxın zamanda Ağdam şəhərinə də köçlərin həyata keçirilməsi planlaşdırılır.Beynəlxalq tərəfdaşlar arasında ən çox dəstək Türk dövlətlərindən, xüsusilə də qardaş Türkiyədən gəlir. Çətin relyefli dağlarda tunellərin və yolların tikintisində Türkiyə şirkətləri yaxından iştirak edib. Qazaxıstan, Özbəkistan və Qırğızıstan müəyyən rayonlarımızda məktəb və mədəniyyət mərkəzləri inşa etməklə mənəvi dəstək simvolu olan layihələr həyata keçiriblər. Bu obyektlərin açılışında həmin dövlətlərin başçıları da şəxsən iştirak ediblər. Bundan başqa, Tatarıstan Cəbrayıl bölgəsində “Araz Vadisi” iqtisadi layihələrində iştirak edir.Azərbaycan Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunun bərpasına başlayarkən elan etmişdi ki, bu region yaşıl iqtisadi zona olacaq. Bu, həm yaşayış məntəqələri, həm sənaye müəssisələri, həm də kənd təsərrüfatı sahələri üçün yaşıl texnologiyalar əsasında qurulacaq. Bu baxımdan inkişaf etmiş ölkələrin, tərəfdaş dövlətlərin təkcə maliyyə deyil, həm də yeni texnologiyaların ölkəyə gətirilməsi baxımından dəstəyi böyük əhəmiyyət kəsb edir. Son illərdə Azərbaycan–Ərəb ölkələri əməkdaşlığı, eləcə də Azərbaycan–Çin birgə layihələri buna bariz nümunədir.İkinci Qayıdış Proqramının artıq qazandığımız təcrübə əsasında daha yüksək səviyyədə həyata keçiriləcəyi gözlənilir. Bu mərhələdə məskunlaşma artdıqca, xarici tərəfdaşların və beynəlxalq təşkilatların Qarabağa investisiya yatırmaq və birgə layihələr icra etmək istiqamətində maraqları daha da artacaq".
Müəllif: Günel Fərzəliyeva