Prezident İlham Əliyev: "Bu, bizim siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıran bir sənəddir"
Azərbaycanla Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında tarixi köklərə, mənəvi dəyərlərə, ənənələrə əsaslanan möhkəm dostluq münasibətləri uğurla inkişaf edir. Dövlətlərarası münasibətlərin genişlənməsini şərtləndirən çoxsaylı amillər mövcuddur. Hər iki ölkənin dövlət başçılarının qarşılıqlı səfərləri əlaqələrin genişlənməsinə töhfə verir. Daimi təmaslar, ikitərəfli və çoxtərəfli platformalarda baş tutan görüşlər, aparılan mühüm müzakirələr münasibətlərin xoş məram əsasında dərinləşməsində mühüm rol oynayır. Bu dövlət başçılarının bu il ərzində üçüncü görüşüdür. Cari ilin iyul ayında Əbu-Dabidəki görüş çox səmərəli və ikitərəfli əməkdaşlıq üçün yeni mərhələsinin əsası oldu.
Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanini ölkəmizə səfəri münasibələrin davamlığına əsaslanır. Sentyabrın 16-da Şuşada Prezidentlər İlham Əliyevin və Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın geniş tərkibdə görüşü olub. Görüşdə çıxış edən Prezident İlham Əliyevin bildirdiyi kimi, "Sizin səfəriniz ölkələrimiz arasındakı qardaşlıq, dostluq əlaqələrinə yeni təkan verəcək. Biz Sizinlə həm Azərbaycanda, həm də Birləşmiş Ərəb Əmirliklərində tez-tez görüşürük. Siz keçən il iki dəfə Azərbaycana səfər etmisiniz. Bu il bir neçə ay bundan əvvəl mən Sizin ölkənizə səfər etmişəm. Bugünkü səfəriniz xüsusi əhəmiyyət daşıyır. Çünki Siz Qarabağa, işğaldan azad edilmiş torpaqlara səfər edirsiniz və bu, bizi, bütün Azərbaycan xalqını çox məmnun edir. Bizim əlaqələrimiz qardaşlıq, dostluq üzərində qurulub".
"BİZİM SİYASİ ƏLAQƏLƏRİMİZ ÇOX UĞURLA İNKİŞAF EDİR"
Qeyd edək ki, istər ikitərəfli əsasda, istərsə də beynəlxalq təsisatlar çərçivəsində Birləşmiş Ərəb Əmirlikləri Azərbaycan Respublikasının suverenliyini və ərazi bütövlüyünü daim dəstəkləmişdir. Dövlətlərarası imzalanmış çoxsaylı sənədlər əlaqələri yeni səviyyəyə qaldırıb. İmzalanmış hər bir sənəd böyük əhəmiyyət daşıyır. Onların arasında xüsusilə Hərtərəfli Strateji Tərəfdaşlıq haqqında Birgə Bəyannaməni xüsusilə önəmlidir. "Bu, bizim siyasi əlaqələrimizi ən yüksək zirvəyə qaldıran bir sənəddir", - deyə Azərbaycan Prezidenti bildirib, "Bizim siyasi əlaqələrimiz çox uğurla inkişaf edir. Biz hər zaman beynəlxalq təşkilatlarda bir-birimizin yanındayıq, bir-birimizi dəstəkləyirik. Son vaxtlar qarşılıqlı sərmayə qoyuluşu bizi çox şad edir. Neft-qaz sahəsində əməkdaşlıq dərinləşir. Bu gün imzalanmış sənədlər arasında nəqliyyat sektorundakı əməkdaşlıq böyük perspektivə malikdir. Biz xüsusilə ölkənizə və ölkənizin şirkətlərinə minnətdarıq ki, Azərbaycanın bərpaolunan enerji növlərinin işlənilməsi istiqamətində bizə çox böyük dəstək vermişlər".
"BİRLƏŞMİŞ ƏRƏB ƏMİRLİKLƏRİNİN ŞİRKƏTLƏRİ BURADA BİZİM STRATEJİ TƏRƏFDAŞLARIMIZDIR, ƏSAS İNVESTORDUR"
İyul ayında ölkələrimiz hərtərəfli iqtisadi əməkdaşlıq haqqında Saziş imzalamışdır. Bu sənəd iqtisadi əlaqələrə yeni bir təkan verib. Müştərək iqtisadi hədəfləri həyata keçirmək üçün həmin sənəd əhəmiyyətlidir. Birləşmiş Ərəb Əmirlikləri iqtisadiyyat, bərpaolunan enerji, qida təhlükəsizliyi, həmçinin mədəniyyət və digər sahələrdə əməkdaşlığı genişləndirməyə maraqlıdır.
Dövlət başçıları arasında siyasi dialoqun yüksək dinamizmi ölkələrin qarşılıqlı maraqlar əsasında iqtisadi əlaqələrini də genişləndirir. Xüsusilə də getdikcə genişlənən enerji əməkdaşlığı məmnunluq doğurur. Abşeronda, Naxçıvanda, işğaldan azad olunmuş ərazilərdə böyük yaşıl enerji potensialına malik olan Azərbaycan bu sahənin inkişafına, bərpaolunan mənbələrdən enerji alınmasına xarici investisiyaların cəlb olunmasına güclü siyasi iradə nümayiş etdirir. İndiyədək Azərbaycanın Energetika Nazirliyi ilə ayrı-ayrı xarici şirkətlər arasında müxtəlif layihələr üzrə investisiya müqavilələri imzalanıb. Bu sırada BƏƏ-nin "Masdar" şirkəti də yer alır. "Birləşmiş Ərəb Əmirliklərinin şirkətləri burada bizim strateji tərəfdaşlarımızdır, əsas investordur və Azərbaycanda istifadəyə verilmiş birinci Günəş Elektrik Stansiyasının tikintisi və investisiyaları ölkənizin bizə dəstəyi nəticəsində mümkün olmuşdur", - deyə Prezident onu da bildirib ki, planlarımız daha genişdir, bir neçə giqavat bərpaolunan enerji növünün yaxın gələcəkdə Azərbaycanda istehsalı məhz Sizin şəxsi göstərişinizin və ölkənizin şirkətlərinin fəaliyyəti nəticəsində mümkün olacaqdır: "Digər investisiyayönümlü layihələr üzərində işləyirik. Bugünkü nümayəndə heyətlərinin tərkibi özlüyündə bir göstəricidir. Bu göstərir ki, bizim əlaqələrimiz nə qədər çoxşaxəlidir, nə qədər dərindir, səmimidir və məhsuldardır".
QEYRİ-NEFT SEKTORUNDA TİCARƏT DÖVRİYYƏSİ 2,24 MİLYARD DOLLARA QƏDƏR ARTIB
Dövlətlərarası münasibətlərdə iqtisadi-ticari əlaqələr genişlənib və siyasi münasibətlər mükəmməl səviyyədədir. Azərbaycan ilə BƏƏ arasında əlaqələrin inkişafında enerji sektorunun payı olduğunu xüsusilə vurğulamaq lazımdır. Zəngin neft-qaz potensialı ilə Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayan Azərbaycan Prezidenti İlham Əliyevin uzaqgörən siyasəti nəticəsində bu sahədə imkanlarını daha da şaxələndirir. Birləşmiş Ərəb Əmirliklərinin Azərbaycanın bərpaolunan enerji sahəsinə qoyduğu investisiyalar da dostluğun və tərəfdaşlığın nümunəsinin göstəricisidir. Ölkələr ənənəvi enerji sahəsində yaxından əməkdaşlıq edirlər. Son illər ölkələrimiz arasında iqtisadiyyat, o cümlədən energetika sahəsində əlaqələr dinamik inkişafdadır. Bu sahənin inkişafında BƏƏ ilə əməkdaşlığımız xüsusi çəkiyə malikdirAzərbaycan ilə BƏƏ arasında əlaqələrin inkişafında enerji sektorunun xüsusi payının olması şübhəsizdir. 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, "AzərEnerji" ASC və Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələrin imzalanması və 2022-ci il martın 15-də "Gülüstan" sarayında Prezident İlham Əliyevin iştirakı stansiyanın təməlqoyma mərasimi ələqələrin inkişafında öz sözünün demiş oldu. Layihə üzrə işlər sürətlə və yüksək standartlar səviyyəsində icra olundu. 2022-ci il oktyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə 230 MVt gücündə Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimi baş tutdu. 2023-cü il oktyabrın 26-da Prezident İlham Əliyevin iştirakı ilə Azərbaycan Hökuməti ilə Birləşmiş Ərəb Əmirliklərinin "Masdar" şirkəti arasında yeni sənədlər imzalanıb.
Qaradağ Günəş Elektrik Stansiyası Xəzər regionunda və MDB məkanında ən böyük günəş elektrik stansiyasıdır. Stansiya 262 milyon ABŞ dolları dəyərində xarici sərmayə hesabına tikilib. Ölkəmizdə xarici investisiya cəlb edilməklə reallaşdırılan sənaye miqyaslı ilk günəş elektrik stansiyasıdır. Qaradağ Günəş Elektrik Stansiyasının rəsmi açılış mərasimində Azərbaycan Prezidenti İlham Əliyev çıxışında bunu əlamətdar nailiyyət kimi dəyərləndirib.
Birləşmiş Ərəb Əmirlikləri ilə Azərbaycan arasında münasibətlər ötən onilliklər ərzində ardıcıl inkişaf etmiş və xüsusilə də qeyri-neft sektorunda ticarət dövriyyəsi 2024-cü ildə 2,24 milyard dollara qədər artmışdır.
STRATEJİ TƏRƏFDAŞLIQ VƏ İMZALANAN SƏNƏDLƏR
Ölkələrimiz arasında hərtərəfli strateji tərəfdaşlığa dair imzalanmış Bəyannamə hər iki tərəfin qarşılıqlı münasibətlərini daha da inkişaf etdirmək və yüksək səviyyəyə qaldırmaq iradəsini əks etdirir.
Qeyd edək ki, Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın iştirakı ilə mübadiləsi mərasimi olub. Birləşmiş Ərəb Əmirliklərinin Prezidenti Şeyx Məhəmməd bin Zayed Al Nəhyanın ölkəmizə səfəri çərçivəsində "Azərbaycan Respublikası ilə Birləşmiş Ərəb Əmirlikləri arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Əlaqələri haqqında Birgə Bəyannamə", "Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin İnsan Resursları və Əmirlikləşmə Nazirliyi arasında işçi qüvvəsinin mütəşəkkil qaydada müvəqqəti işə cəlb olunması sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Energetika və İnfrastruktur Nazirliyi arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Energetika və İnfrastruktur Nazirliyi arasında enerji sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”, “Azərbaycan Respublikasının Baş Prokurorluğu ilə Birləşmiş Ərəb Əmirliklərinin Federal Dövlət Prokurorluğu arasında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Dövlət Reklam Agentliyi ilə Birləşmiş Ərəb Əmirliklərinin Media Şurası arasında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə "Masdar" şirkəti arasında Azərbaycan Respublikasının yaşıl enerji zonalarında əməkdaşlıq haqqında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə "Presight" şirkəti arasında Azərbaycan Respublikasının 2025–2028-ci illər üçün Süni İntellekt Strategiyasının icrası üzrə əməkdaşlığa dair Anlaşma Memorandumu"və başqa sənədlər imzalanıb.
Azərbaycan Respublikası və Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) arasında ali və yüksək səviyyədə səfər mübadilələri və fəal təmaslar, eləcə də beynəlxalq platformalarda səmərəli əməkdaşlıq, aktiv parlament diplomatiyası və müxtəlif sahələrdə dinamik qarşılıqlı fəaliyyət ikitərəfli əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə qalxmasına gətirib çıxarıb. Yüksək siyasi münasibətlər, BƏƏ sərmayələrinin iri həcmdə dövlətimizin xüsusən də bərpa olunan enerji sahəsinə qoyulmasını, ölkələrimiz arasında aktiv ticari-iqtisadi əməkdaşlığı şərtləndirən başlıca amildir. Qarşılıqlı əlaqələrin bütün sahələrdə inkişafına dair hər iki ölkə rəhbərinin siyasi iradəsi Azərbaycan-BƏƏ münasibətlərinin geniş perspektivlərə malik olduğuna dəlalət edir.
Zümrüd BAYRAMOVA