Azərbaycan tarixində dövlətçilik ənənələri minilliklər boyu müxtəlif sınaqlardan keçmiş, zaman-zaman süqut etsə də, xalqın yaddaşında və milli şüurunda silinməz iz buraxmış, müstəqil dövlətçilik arzusu heç vaxt sönməmişdir. Bu arzunun ən parlaq ifadəsi olan dövlət suverenliyi anlayışı Azərbaycan üçün sadəcə hüquqi bir norma və ya siyasi atribut deyil, milli varlığın bünövrəsi, mövcudluğumuzun və gələcək davamlılığımızın ideoloji dayağıdır. Məhz buna görə də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2024-cü ilin sentyabr ayının 19-da imzalanmış “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncam yalnız bir inzibati akt deyil, tarixi və siyasi mahiyyətinə görə milli dövlətçilik salnaməsinin ən mühüm hadisələrindən biri hesab olunur.
20 Sentyabr tarixi ilə bağlı qəbul edilmiş qərar Azərbaycan xalqının dövlətçilik yolunda keçdiyi mürəkkəb və çətin mərhələlərin rəsmi təsdiqi, milli mübarizə iradəsinin və müstəqillik uğrunda səylərinin dövlət səviyyəsində tanınmasıdır. Bu günün təsis olunması ilə Azərbaycan özünün müasir ideoloji inkişaf trayektoriyasını müəyyənləşdirərək suverenliyin sadəcə bir şüar deyil, real siyasi-hüquqi mahiyyət daşıdığını göstərmişdir. Dövlət suverenliyi hər bir millətin siyasi müstəqilliyinin, öz müqəddəratına sahib çıxmaq imkanının və beynəlxalq münasibətlərdə subyekt statusunun əsas şərtidir. Azərbaycanın bu istiqamətdə atdığı addımlar yalnız daxili siyasi həyatla məhdudlaşmır, həm də beynəlxalq müstəvidə özünütəsdiq prosesinin mühüm tərkib hissəsinə çevrilir.
Dövlət suverenliyi klassik siyasi nəzəriyyələrdə dövlətin ali hakimiyyətə malik olması, daxili və xarici siyasətində müstəqilliyini qoruması kimi izah olunur. Lakin Azərbaycan reallığında bu anlayış daha geniş mənaya malikdir. Burada söhbət yalnız dövlət orqanlarının hüquqi müstəqilliyindən deyil, həm də milli kimliyin qorunması, xalqın öz iradəsini sərbəst ifadə etməsi və milli maraqların təmin olunmasından gedir. Suverenlik həmçinin ideoloji simvol kimi milli həmrəyliyin, vətənpərvərliyin, dövlətə bağlılığın və xalqın öz gələcəyinə inamının ifadəsidir.
Azərbaycan xalqı XX əsrin sonunda uzun əsrlər boyu davam edən müstəqillik arzularını reallaşdırmaq imkanı əldə etdi. Sovet imperiyasının süqutu fonunda xalqımız milli azadlıq hərəkatı ilə öz sözünü dedi və dövlət müstəqilliyini bərpa etdi. Bu mübarizədə ən mühüm anlayışlardan biri də məhz dövlət suverenliyi idi. 1991-ci ildə qəbul olunmuş tarixi sənədlər – Dövlət Müstəqilliyi haqqında Konstitusiya Aktı və digər normativ sənədlər Azərbaycanın beynəlxalq münasibətlərdə müstəqil subyekt kimi tanınmasının əsasını qoydu. Bu prosesin ideoloji yükü isə 20 Sentyabr – Dövlət Suverenliyi Günündə öz ən parlaq ifadəsini tapdı.
Dövlət suverenliyi Azərbaycanın mövcudluğunun əsasıdır. Müstəqil dövlətin mövcudluğu yalnız hüquqi sənədlərlə deyil, xalqın siyasi iradəsi, milli həmrəyliyi və institusional davamlılığı ilə təmin olunur. Suverenlik olmadan dövlət sadəcə inzibati vahidə çevrilər, milli kimlik isə başqa güclərin hegemonluğu altında itirilərdi. Buna görə də suverenlik həm tarixi, həm də siyasi baxımdan milli təhlükəsizliyin təminatıdır. Azərbaycanın müasir inkişaf modeli də məhz bu anlayış üzərində qurulmuşdur.
Müstəqil Azərbaycan dövlətinin möhkəmlənməsi və suverenlik ideyasının milli ideologiyanın mərkəzinə yerləşdirilməsi Ulu Öndər Heydər Əliyevin tarixi xidmətləri ilə bilavasitə bağlıdır. 1993-cü ildə xalqın təkidli tələbi ilə yenidən hakimiyyətə qayıdan ümummilli lider Heydər Əliyev Azərbaycanı xaosdan, parçalanma və dövlətçiliyin süqutu təhlükəsindən xilas edərək suverenliyin real məzmununu təmin etdi. Onun rəhbərliyi ilə qəbul olunan milli Konstitusiya, dövlət institutlarının qurulması, ordunun yaradılması, xarici siyasətdə balanslı kursun müəyyənləşdirilməsi və neft strategiyası Azərbaycanın müstəqil, suveren dövlət kimi möhkəmlənməsinin ideoloji və siyasi əsaslarını formalaşdırdı. Ulu öndər Heydər Əliyev suverenliyi yalnız siyasi atribut kimi deyil, həm də milli kimliyin, dövlətçiliyin və xalqın öz tarixi taleyinə sahib çıxma imkanının əsası kimi təqdim etdi.
Ulu Öndərin siyasi kursunun davamı olaraq Prezident İlham Əliyev müasir dövrdə dövlət suverenliyini daha da möhkəmləndirdi, onu regional və beynəlxalq miqyasda nümunəvi inkişaf modeli səviyyəsinə qaldırdı. Onun rəhbərliyi ilə Azərbaycan iqtisadi cəhətdən güclənərək müstəqil siyasət yürütmək üçün etibarlı baza yaratdı. Xüsusilə, ordu quruculuğunda əldə olunan nailiyyətlər dövlət suverenliyinin qorunmasının təminatına çevrildi. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan heç bir təzyiq və diktəyə boyun əymədən milli maraqlarına uyğun siyasət yürüdərək müstəqilliyini daha da möhkəmləndirdi. 2020-ci ildə əldə olunan tarixi Zəfər – Qarabağın işğaldan azad olunması dövlət suverenliyinin bərpası, milli iradənin və dövlət ideologiyasının təntənəsi oldu. Bu qələbə suverenliyin yalnız hüquqi anlayış deyil, real siyasi və hərbi gücün ifadəsi olduğunu sübut etdi.
2023-cü il 19–20 sentyabr tarixlərində Azərbaycan Silahlı Qüvvələri tərəfindən həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı isə dövlət suverenliyinin bərpası prosesində son və həlledici mərhələ kimi tarixə düşdü. Qarabağ bölgəsində separatçı silahlı birləşmələrin mövcudluğu Azərbaycanın suverenliyinə və milli təhlükəsizliyinə təhdid idi. Antiterror əməliyyatı nəticəsində bu təhlükə birdəfəlik aradan qaldırıldı və ölkəmizin tam ərazi bütövlüyü, konstitusiya quruluşu bərpa olundu. Bu əməliyyat yalnız hərbi-strateji deyil, həm də siyasi-ideoloji baxımdan mühüm hadisədir. O göstərdi ki, Azərbaycan dövləti suverenliyinə qarşı yönələn istənilən təhdidi aradan qaldırmaq iradəsinə, gücünə və qətiyyətinə malikdir. 20 Sentyabr – Dövlət Suverenliyi Günü bundan sonra həm də həmin əməliyyatın ideoloji-siyasi məzmunu ilə daha da dərin mənəvi məna kəsb edir.
İnstitusional davamlılıq dövlət suverenliyinin ən vacib şərtlərindən biridir. Azərbaycan müstəqilliyini bərpa etdikdən sonra ilk vəzifə möhkəm dövlət institutlarının qurulması oldu. Konstitusiyanın qəbul edilməsi, qanunverici, icraedici və məhkəmə hakimiyyətlərinin formalaşması, milli ordunun yaradılması, diplomatik xidmətin təşkili və iqtisadi müstəqilliyin təmin edilməsi bu prosesin əsas istiqamətləri idi. Bu addımlar nəticəsində Azərbaycan dövləti yalnız hüquqi baxımdan deyil, həm də siyasi və institusional baxımdan möhkəmləndi.
Dövlət suverenliyi həmçinin beynəlxalq münasibətlərdə Azərbaycanın müstəqil siyasət yürütməsini təmin edən ideoloji əsasdır. Azərbaycan heç bir geosiyasi blokun tam təsir dairəsində olmadan öz milli maraqlarına uyğun balanslaşdırılmış siyasət həyata keçirir. Bu siyasətin ideoloji əsasında da məhz suverenlik dayanır. Çünki yalnız suveren dövlət öz resurslarını sərbəst idarə edə, öz ərazisində vətəndaşlarının hüquqlarını təmin edə və beynəlxalq münasibətlərdə öz sözünü deyə bilər.
Müasir dövrdə qloballaşma prosesləri milli dövlətlərin suverenliyinə ciddi təzyiqlər göstərir. Lakin Azərbaycan nümunəsi göstərir ki, güclü siyasi iradə və xalqın milli həmrəyliyi ilə bu təzyiqlərə qarşı durmaq mümkündür. Azərbaycanın Qarabağ zəfəri və 2023-cü il antiterror əməliyyatı bunun ən bariz sübutudur. Bu hadisələr göstərdi ki, suverenlik uğrunda mübarizə yalnız hüquqi və siyasi müstəvidə deyil, həm də praktiki müstəvidə aparılmalı və daim qorunmalıdır. Dövlətçilik ideologiyası yalnız qanunlarda deyil, xalqın şüurunda və gündəlik həyatında möhkəmlənməlidir. Suverenlik sadəcə dövlətin atributu deyil, hər bir vətəndaşın həyat fəlsəfəsi, vətənpərvərlik borcudur. Azərbaycan Respublikasının inkişafında Dövlət Suverenliyi Gününün xüsusi rolu var. Bu gün xalqımızın siyasi təfəkküründə milli həmrəylik və birlik ideyasını gücləndirir. Suverenlik anlayışı siyasi-ideoloji sistemin mərkəzinə yerləşdirilir və bütün dövlət siyasəti bu prinsip üzərində qurulur. İqtisadi inkişaf, ordu quruculuğu, diplomatiya, mədəniyyət siyasəti – bütün bunların hamısı dövlət suverenliyini möhkəmləndirmək və gələcək nəsillər üçün təmin etmək məqsədi daşıyır.
Nəticə etibarilə 20 Sentyabr – Dövlət Suverenliyi Günü Azərbaycanın müasir tarixində dövlətçilik ideologiyasının ən mühüm simvoluna çevrilmişdir. Bu gün bir daha təsdiqləyir ki, Azərbaycan xalqı öz dövlətinə sahib çıxmaq iradəsinə malikdir və bu iradə heç vaxt sarsılmayacaqdır. Dövlət suverenliyi xalqımızın mövcudluğunun əsası, institusional davamlılığın təminatı, milli kimliyin qorunması və gələcək inkişafın əsas şərtidir. 20 Sentyabr sadəcə bir əlamətdar günü deyil, həm də milli ideologiyanın, siyasi iradənin və dövlət müstəqilliyinin rəmzidir. Azərbaycanın gələcəyi məhz bu ideoloji prinsiplər üzərində qurulur və suverenlik anlayışı gələcək nəsillər üçün əbədi dəyər olaraq qalacaqdır.
Bəxtiyar Nəbiyev
YAP Yasamal rayon təşkilatının sədri