PDF Oxu

Siyasət

  • 343

“Dövlət Suverenliyi Günü”nün təsis edilməsi - ŞƏRH

image

Müstəqillik və suverenlik yalnız hüquqi və siyasi kateqoriyalar deyil, həm də xalqın milli kimliyini, onun mədəni və tarixi varlığını təsdiqləyən dəyərlərdir. Bu baxımdan, 2024-cü il 19 sentyabr tarixində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə təsis edilmiş Dövlət Suverenliyi Günü müasir Azərbaycan tarixinin ən mühüm dönüm nöqtələrindən biridir. 20 sentyabr 2025-ci il tarixində isə ölkəmiz bu günü ilk dəfə rəsmi olaraq qeyd edir. Suverenlik dövlətin əsas atributu hesab edilir. Beynəlxalq hüquq normalarına görə, suveren dövlət – ərazisi müəyyən olunmuş, daimi əhalisi olan, ali hakimiyyətə malik və digər dövlətlərlə bərabərhüquqlu münasibətlər qura bilən müstəqil siyasi qurum deməkdir. Azərbaycanın suveren dövlət kimi mövcudluğu yalnız beynəlxalq hüquqi sənədlərlə deyil, həm də xalqımızın qəhrəmanlıq mübarizəsi ilə təmin edilmişdir. Xüsusən də, 1990-cı illərin əvvəllərində Ermənistanın hərbi təcavüzü nəticəsində ölkəmizin beynəlxalq səviyyədə tanınmış ərazilərinin işğalı, bir milyondan artıq soydaşımızın məcburi köçkünə çevrilməsi, şəhər və kəndlərimizin dağıdılması, Xocalı soyqırımı kimi insanlığa qarşı cinayətlər Azərbaycan xalqının iradəsini sınağa çəkdi. Lakin bütün bu faciələrə baxmayaraq, Azərbaycan suveren dövlət olaraq mövcudluğunu qorudu və ərazi bütövlüyünün bərpası uğrunda mübarizəsini davam etdirdi.

2020-ci ilin 27 sentyabrında başlanan və 44 gün davam edən II Qarabağ müharibəsi Azərbaycanın müasir tarixində dönüş nöqtəsi oldu. Ermənistanın növbəti hərbi təxribatlarına cavab olaraq, Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi ilə misilsiz qəhrəmanlıq göstərərək düşməni darmadağın etdi. Müharibə nəticəsində Azərbaycanın tarixi torpaqlarını işğaldan azad edildi, Kəlbəcər, Ağdam və Laçın rayonları isə diplomatik-siyasi vasitələrlə, bir güllə atılmadan geri qaytarıldı. Bu qələbə Azərbaycan xalqının illərlə gözlədiyi ədalətin bərpası, həm də beynəlxalq hüququn real həyatda təmin olunması idi. II Qarabağ müharibəsində qazanılan tarixi Zəfər Azərbaycanın dövlət suverenliyini daha da gücləndirdi və müstəqilliyimizin dönməzliyini bütün dünyaya nümayiş etdirdi. 2023-cü il 23 aprel tarixində Azərbaycan hökuməti mühüm addım ataraq Laçın-Xankəndi yolunun başlanğıcında nəzarət-buraxılış məntəqəsi yaratdı. Bu addım ölkəmizin suveren hakimiyyətinin bərpasında strateji mərhələ oldu. Artıq Ermənistanın silah və sursat daşıması, separatçı rejimlə qanunsuz əlaqələri tamamilə dayandırıldı. Azərbaycanın beynəlxalq səviyyədə tanınmış bütün sərhədləri boyunca dövlət nəzarəti təmin olundu. Bu hadisə dövlətimizin heç bir güllə atmadan əldə etdiyi ən mühüm nailiyyətlərdən biri kimi tarixə düşdü.

Müstəqilliyin qorunması hər bir dövlətin əsas prioritetlərindən biridir və bu baxımdan Dövlət Suverenliyi Günü Azərbaycanın beynəlxalq arenada özünü müstəqil, güclü və sabit bir dövlət kimi təqdim etməsi üçün xüsusi əhəmiyyət daşıyır. Bu gün, həmçinin, Azərbaycan xalqının birliyi və dövlət qurumlarının möhkəmləndirilməsi, milli suverenliyin təmin edilməsi məqsədilə keçirilən tədbirlərlə qeyd olunacaq. Azərbaycanın geosiyasi mövqeyi, enerji resurslarına malik olması və regionda mühüm strateji rol oynaması ölkənin suverenliyini qorumaq və müdafiə etmək üçün xüsusi diqqət tələb edir. Bu baxımdan Dövlət Suverenliyi Günü yalnız tarixi bir hadisə deyil, həm də Azərbaycanın beynəlxalq arenada öz yerini gücləndirmək və milli maraqlarını qorumaq üçün vacib bir simvoldur . Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir. 20 sentyabr Azərbaycan dövlətinin, xalqımızın tarixində ən parlaq səhifələrdən biridir. Bütün dünya azərbaycanlıları artıq qürurla Dövlət Suverenliyi Gününü qeyd edir. Azərbaycanın ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçən bütün şəhidlərimizin ruhu şaddır. Suverenliyimiz də müstəqilliyimiz kimi əbədi və dönməz olacaqdır. Suverenlik dövlətin daxili və xarici işlərdə müstəqilliyini və tam səlahiyyətə malik olmasını təmin edən fundamental prinsipdir. Azərbaycan xalqının tarixi mübarizəsi nəticəsində suverenliyi bərpa edərək müstəqil dövlət qurulmuşdur. Azərbaycan öz müstəqilliyini elan etdikdən sonra Konstitusiya bu suverenliyi möhkəmləndirmiş və hüquqi əsaslar yaratmışdır. 2025-ci ilin “Konstitusiya və Suverenlik ili” elan olunması Azərbaycan dövlətçiliyinin əsaslarını daha dərindən dərk etmək və gələcək nəsillərə ötürmək üçün əhəmiyyətli bir addım idi.

Konstitusiya və suverenlik Azərbaycan dövlətinin dayaqlarıdır və bu dəyərlərin qorunması ölkənin gələcək inkişafı üçün mühüm rol oynayır. Azərbaycanın əsil müstəqilliyini, hüquqi dövlət quruculuğunu və milli suverenliyinin tam bərqərar olunmasını Ulu Öndər Heydər Əliyevin başladaraq həyata keçirdiyi və cənab Prezident İlham Əliyevin qətiyyətlə davam etdirdiyi siyasi kurs təmin etdi. Bu gün şanlı üçrəngli bayrağımız bütün ərazilərimizdə əzəmətlə dalğalanaraq, Azərbaycanın milli suverenliyini bütün dünyaya vüqarla bəyan etməkdədir.

Niyaməddin Əsgərov

Yeni Azərbaycan Partiyası Beyləqan rayon təşkilatının sədr müavini

Digər xəbərlər