PDF Oxu

Siyasət

  • 901

Xankəndi, Xocalı, Xocavənd və Ağdərə rayonları 30 il sonra yenidən dirçəlir - ŞƏRH

image

Azərbaycanın müasir tarixinin ən şanlı səhifəsini təşkil edən 44 günlük Vətən müharibəsində əldə olunmuş Zəfərin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz suverenliyini tam bərpa etdi. Bununla da Qarabağdakı son erməni terrorçu silahlı dəstələrinin ərazilərimizdən birdəfəlik çıxarılması təmin olundu. Bu hadisə bir daha bütün dünyaya xalqımızın suverenlik arzusunun dönməzliyini, ölkə rəhbərliyinin siyasi iradəsini, Müzəffər Ordumuzun mənfur düşmənin hər cür təxribat əməllərinə qətiyyətlə cavab vermək əzmini göstərdi.

Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyev 2023-cü il oktyabrın 15-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaldıb. 30 ildən sonra Qarabağ separatçılarının ölkəmizə qarşı məkrli planlar hazırladığı Xankəndi şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağının ucalması ölkəmiz, xalqımız üçün tarixi gün kimi yaddaşa yazıldı. Şübhəsiz ki, Xankəndidə Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən Azərbaycan bayrağının dalğalandırılması Ermənistan üzərində parlaq Zəfərimizin ən böyük təntənəsi idi.

Prezident İlham Əliyevin Xankəndidən verdiyi mesajlar qalib ölkənin vətəndaşlarında qürur və böyük coşğu yaratdı: “Bu gün tarixi bir gündür. Bu gün Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Bayrağı qaldırıldı. Bu münasibətlə bütün Azərbaycan xalqını ürəkdən təbrik edirəm. Düz 20 il bundan əvvəl Azərbaycan xalqı mənə böyük etimad göstərərək prezident seçkilərində prezident vəzifəsinə seçmişdir. O vaxt doğma xalqıma müraciət edərək söz vermişdim ki, Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli maraqlarını müdafiə edəcəyəm, Azərbaycanın ərazi bütövlüyünü qoruyacağam. Konstitusiyaya və “Qurani-Kərim”ə əl basaraq and içmişdim. Şadam ki, son 20 il ərzində verdiyim bütün vədlər, qarşıma qoyduğum bütün vəzifələr icra edildi. Bu gün bütün Azərbaycan xalqı ürəkdən sevinir, bütün Azərbaycan xalqı “Allaha şükür” deyir. Bu günü biz 30 ildən çox gözləmişdik. Ancaq hər birimiz, əminəm və inanırdıq ki, bu gün gələcək. İyirmi il bundan əvvəl Prezident kimi öz vəzifə borcumu yerinə yetirməyə başlayanda qarşıma bir nömrəli vəzifə qoymuşdum ki, Azərbaycan bayrağı o vaxt işğal altında olan bütün ərazilərdə, bütün torpaqlarda, bütün şəhər və kəndlərdə qaldırılsın. Hər gün, hər saat biz bu müqəddəs məqsədə doğru gedirdik. Hər gün biz bu müqəddəs anı yaxınlaşdırırdıq və dəfələrlə deyirdim ki, hər birimiz, hərə öz yerində öz işi ilə bu günü yaxınlaşdırmalıdır”.

2023-cü il noyabrın 8-də Xankəndi şəhərində Vətən müharibəsində əldə edilən Zəfərin üçüncü ildönümünə həsr olunan hərbi parad və Müzəffər Ali Baş Komandan İlham Əliyevin səsləndirdiyi fikirlər Vətən müharibəsində əldə olunmuş Zəfərin və Azərbaycanın dövlət suverenliyinin təntənəsidir. Qələbəmizin möhtəşəm simvoluna çevrilən bu parad Azərbaycan Ordusunun qüdrətini bir daha dünyaya göstərdi. Prezident İlham Əliyev möhtəşəm hərbi paraddakı çıxışında bildirirdi: “Azərbaycan xalqı mənə böyük etimad göstərəndə, 20 il bundan əvvəl Prezident kimi əziz xalqıma söz vermişdim: əlimdən gələni edəcəyəm ki, biz ərazi bütövlüyümüzü bərpa edək. Həm seçkilər ərəfəsində, həm andiçmə mərasimində doğma xalqıma söz vermişdim ki, gün gələcək biz Azərbaycanın Dövlət Bayrağını işğal altında olan torpaqların hər bir guşəsində qaldıracağıq. Xatırlayıram, beş il bundan əvvəl – 2018-ci ilin sentyabrında Bakının Azadlıq meydanında keçirilmiş hərbi paradda çıxış edərkən demişdim ki, gün gələcək Azərbaycan bayrağı bu gün hələ də işğal altında olan bütün torpaqlarda qaldırılacaqdır və bu gün gəldi”.

Ölkə başçısı çıxışında qeyd edirdi: “...Mən bu 20 il ərzində heç vaxt şübhə etmirdim ki, bu gün gələcək və Xankəndi şəhərində Azərbaycan Bayrağı altında hərbi parad keçiriləcək… Oktyabrın 15-də Ağdərədə, Əsgəranda, Xocavənddə, Xocalıda və Xankəndidə mən Azərbaycan Bayrağını qaldırdım. Bundan böyük xoşbəxtlik ola bilməz - həm mənim üçün, həm sizin üçün, həm Azərbaycan xalqı üçün, həm də bütün dünya azərbaycanlıları üçün”.

Beləliklə də, 2020-ci il noyabrın 8-də Şuşada Azərbaycan əsgərinin qəhrəmanlığı sayəsində əldə olunmuş tarixi Zəfərin xoşbəxtliyini xalqımız Xankəndidə keçirilən Zəfər paradında bir daha yaşadı. 44 günlük Vətən müharibəsində qazanılan zəfərin möhtəşəm nəticəsi idi ki, 2023-cü ilin payızında suverenliyimizin tam bərpasına nail olduq.

Xalqımıza şərəf və qürur yaşadan bu tarixi günlərin davamı olaraq Prezident İlham Əliyev 2024-cü il sentyabrın 18-də hər il sentyabrın 20-də Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri gününün qeyd olunması barədə Sərəncam imzaladı.

Sərəncama müvafiq olaraq artıq ikinci ildir ki, Azərbaycanda Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü təntənəli şəkildə qeyd olunur. Bu əlamətdar günün təsis olunması minlərlə azərbaycanlı igidin canı və qanı bahasına başa gəlib. Xankəndi, Xocalı, Xocavənd və Ağdərə gününün rəsmi şəkildə qeyd olunması həm də Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün əbədi və dönməz olduğunu göstərən rəmzi hadisədir.

Prezident İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva 2023-cü ildən bu günədək dəfələrlə Xankəndi, Xocalı, Xocavənd və Ağdərəyə səfərlər edərək burada aparılan bərpa-quruculuq işləri ilə yaxından tanış olmuş, yeni məktəblərin, bağçaların, hotellərin, teatrların, zavodların, yolların, məscidlərin və digər sosial infrastruktur obyektlərinin açılışlarında iştirak ediblər. Bu səfərlər regionda sürətlə aparılan bərpa-quruculuq işlərinin miqyas və vüsətindən və bu sahədə dövlət siyasətinin davamlılığından, Azərbaycan dövlətinin azad olunmuş torpaqlara xüsusi diqqətindən xəbər verir.

İşğaldan azad edilmiş ərazilərin iqtisadi potensialı, aparılan bərpa-quruculuq işləri, eləcə də əmək bazarının tələbləri regionda yüksəkixtisaslı kadrların hazırlığını həyata keçirən ali təhsil müəssisəsinin təşkili zərurətini meydana çıxarıb. Bu məqsədlə Prezident İlham Əliyevin 2023-cü il 28 noyabr tarixli Sərəncamı ilə Xankəndi şəhərində yerləşən ali təhsil müəssisəsinin əsasında Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin tabeliyində hazırda 2 mindən artıq tələbənin təhsil aldığı Qarabağ Universiteti qurulub. 2023-cü il dekabrın 5-də qəbul edilmiş qanuna əsasən Ağdam, Kəlbəcər və Tərtər rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilərək mərkəzi Ağdərə şəhəri olmaqla Ağdərə rayonu yaradılıb. 2023-cü il dekabrın 21-də Ağdamın “Qarabağ” komandası Azərbaycan kubokunun 1/8 final mərhələsindəki oyununu adını daşıdığı Qarabağ bölgəsinin mərkəzi şəhərlərindən olan Xankəndidə keçirdi. Prezident İlham Əliyev dekabrın 21-də Xankəndi stadionunda futbol üzrə Azərbaycan Kubokunun 1/8 final mərhələsində Ağdamın “Qarabağ” və Bakının MOİK komandaları arasında keçirilən görüşü izlədi. Bu, 30 illik fasilədən sonra Qarabağ bölgəsinin işğaldan azad edilən hissəsində ilk rəsmi oyun idi.

Prezidenti İlham Əliyev Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü ərəfəsində işğaldan azad olunmuş, hazırda quruculuq-abadlıq, tikinti işlərinin davam etdirildiyi şəhərlərimizə səfər edib. Dövlət başçısı sentyabrın 14-də Xocavənd rayonunun Qırmızı Bazar, Hadrut qəsəbələrində, Sos kəndində, Xocalı rayonunun Şuşakənd, Seyidbəyli kəndlərində olub. Füzuli rayonunun yeni salınacaq Qaraxanbəyli kəndinin təməlini qoyub. Sentyabrın 15-də Xocalı rayonunun Badara kəndində olub. Səfər çərçivəsində dövlətimizin başçısı Xankəndi şəhərində Qarabağ Universitetinin Klinikasının binasının, Tibb və sağlamlıq elmləri fakültəsinin tədris korpusunun açılışında iştirak edib.

Bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə rayonları 30 ildən sonra yenidən dirçəlir, vətəndaşlarımız yurd yerlərinə qayıdır. “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində görülən işlər sakinlərimizin öz evlərində xoşbəxt və rifah içində yaşamasını təmin edir.

İşğaldan azad edilmiş ərazilərdə yeni kəndlərin təməlinin qoyulması, hotellərin, konqres mərkəzlərinin, məktəblərin, uşaq bağçalarının, dəmir yolu və avtovağzal kompleksinin açılışı qısa müddətdə əldə edilən uğurların bariz nümunəsidir.

Bütün bunlar Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günündə qeyd etmək istədiyimiz quruculuq-abadlıq, inkişaf və tərəqqiyönümlü dəyişikliklərin bir hissəsidir.

Aytən Qurbanova

YAP Yasamal rayon "H.B.Zərdabi pr.61" (19 saylı Şəhər Poliklinikası) ünvanı üzrə ərazi partiya təşkilatının sədri, 19 saylı Şəhər Poliklinikasının baş həkimi

Digər xəbərlər