PDF Oxu

Siyasət

  • 1 335

Suverenliyimiz xalqımızın milli sərvətidir

Suverenliyimiz xalqımızın milli sərvətidir

Müstəqil və suveren dövlətə sahib olmaq, milli-mənəvi dəyərlərə, həmrəylik, humanizm, ədalət və qanunun aliliyi prinsiplərinə əsaslanan inkişaf etmiş cəmiyyət qurmaq yüzillər boyu Azərbaycan xalqının ən böyük arzusu olmuşdur. Tarixin müxtəlif mərhələlərində kənar müdaxilələrə, məhrumiyyətlərə baxmayaraq, xalqımız milli kimliyini, mübarizə ruhunu qoruyub saxlamış, öz ideallarına həmişə sadiq qalmış və XX əsrin sonlarında dövlət müstəqilliyini bərpa etmişdir.

Bu gün Zəfər qazanan bütöv və suveren Azərbaycan tarixinin ən möhəşəm zamanını yaşayır. Vətən müharibəsindəki Zəfər sayəsində bu gün Azərbaycan Respublikasının Dövlət Bayrağı suverenliyimizin bərqərar olduğu bütün ərazilərdə əzəmətlə dalğalanmaqdadır. Bu gün üçrəngli Bayrağımız Qarabağın və Şərqi Zəngəzurun hər bir guşəsində - Cəbrayılda, Füzulidə, Zəngilanda, Qubadlıda, Kəlbəcərdə, Ağdamda, Şuşada, Hadrutda, Laçında, Əsgəranda, Xocavənddə, Ağdərədə, Xocalıda və Xankəndidə dalğalanır.

2023-cü il sentyabrın 20-də Azərbaycan Respublikasının bütün ərazisində qanunun aliliyinin təmin olunduğunu və Azərbaycan Respublikasının dövlət suverenliyinin bərpa edildiyini nəzərə alaraq Azərbaycan Prezidenti İlham Əliyev "Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında" Sərəncam imzalayıb. Sərəncama əsasən, hər il sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü kimi qeyd edilir. "Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi". Bu sözləri Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə məlum görüşündə söyləmişdi. Dövlətimizin başçısı onu da vurğulamışdı ki, 2020-ci ilin noyabrından 2023-cü ilin sentyabrına qədər bizim bütün addımlarımızı və gördüyümüz işləri təhlil etsəniz görərsiniz ki, hər bir addım əvvəlki addımın məntiqi davamı idi və hər bir addımın son məqsədi 20 Sentyabr - Dövlət Suverenliyi Günü idi. Prezident İlham Əliyev Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə hərbçilərimizin qəhrəmanlığından, peşəkarlığını da diqqəətə çatdırmışdı: "Bu günü bizə bəxş edən qəhrəman hərbçilərimizi hər zaman böyük minnətdarlıqla yad edirik. Vətən uğrunda canlarından keçən şəhidlərimizin əziz xatirəsini daim qəlbimizdə saxlayırıq və saxlayacağıq. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Vətən müharibəsi və antiterror əməliyyatı keçirilərkən bizim 3200-dən çox qəhrəman şəhidimiz şəhadət zirvəsinə ucalmışdır. Onların və digər qəhrəman hərbçilərimizin rəşadəti və vətənpərvərliyi Qələbənin əsas amilləridir. Vətən uğrunda İkinci Qarabağ müharibəsində 90 mindən çox gənc azərbaycanlı iştirak etmişdir."

Müstəqillik tariximizə yeni səhifə yazan Qarabağ Zəfərimizin davamı olaraq 2023-cü il sentyabrın 19-20-də Azərbaycan Ordusunun apardığı birgünlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz ərazi bütövlüyü, suverenliyi tam bərpa edildi. Məlumdur ki, həmin zamanda qanunsuz silahlı dəstələrin təminatı məsələləri Ermənistan dövləti tərəfindən həyata keçirilirdi. Qarabağa hərbi sursat və silah daşınması davam edir, Azərbaycan Ordusunun mövqeləri ilə üzbəüz yerlərdə fəal mühəndis-istehkam işləri aparılır, kəşfiyyat-diversiya qruplarının aktivliyi artır, ərazi və yollar yenidən minalanırdı. Ermənistan tərəfinin təxribatları bununla da bitmirdi. 2023-cü il sentyabrın 2-də baş nazir Nikol Paşinyan qondarma "Dağlıq Qarabağın müstəqillik bəyannaməsi"nin "ildönümü" ilə əlaqədar separatçı rejimə təbrik müraciəti ünvanlamışdı. Sentyabrın 9-da isə Azərbaycanın Qarabağ bölgəsində qondarma "prezident seçkiləri" keçirilmişdi. Beləliklə, özündə kapitulyasiya aktını ehtiva edən üçtərəfli Bəyanatın imzalandığı vaxtdan üç il keçməsinə baxmayaraq, davam edən təxribatlar və terror aktları antiterror tədbirlərinin keçirilməsini labüd etmiş oldu. Həmin hadisədən öncə ermənilər Qarabağda, Azərbaycanla Ermənistanın şərti sərhədində müxtəlif təxribatlara əl atmışdılar. Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyev dəfələrlə erməniləri əldə edilmiş razılaşmaları pozmamağa, məğlubiyyətləri ilə barışıb Azərbaycan Bayrağı altında, qanunlarımızın himayəsi ilə yaşamağı qəbul etməyə çağırmışdı. Əks təqdirdə isə "Dəmir yumruq yerindədir və əvvəlkindən də güclüdür" deyərək xəbərdar etmişdi. Bütün bunlara baxmayaraq, qeyd etdiyimiz kimi, iki il öncə sentyabrın 19-da Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələri bir sıra genişmiqyaslı hərbi təxribatlar və terror hücumu törətdilər.

Müzəffər Ordumuz Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ermənilərə qarşı qisas əməliyyatları keçirmiş və düşmən layiqli cəzasını aldı. 24 saatdan az davam edən bu əməliyyat ordumuzun şanlı Qələbəsi ilə başa çatdı. Azərbaycanın Qarabağ bölgəsindəki Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tör-töküntülərinə qarşı antiterror tədbirləri nəticəsində düşmənin atəş nöqtələri məhv edildi, mühüm yüksəklikləri işğaldan azad olundu, çoxlu sayda canlı qüvvəsi, silah və texnikası zərərsizləşdirildi. Ağır itkilər verən işğalçılar ağ bayraq qaldıraraq təslim oldular.

Azərbaycan Ordusunun 19 sentyabr 2023-cü ildə Qarabağda həyata keçirdiyi lokal xarakterli antiterror tədbirləri qürurla xatırlanır. Azərbaycan Dövlət Suverenliyi Gününü təntənə ilə qeyd edir. Sənəddə bildirildiyi kimi, "Hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir."

Möhtərəm Prezidentimiz İlham Əliyevin sözləri ilə desək, hər zaman Azərbaycan zəfər çalsın, hər zaman - əgər lazım olarsa, həm döyüş meydanında, həm iqtisadi sahədə, həm siyasi müstəvidə, hər bir yerdə Azərbaycan həmişə zirvələrdə olsun!

Natiq ALLAHVERDİYEV,

Yeni Azərbaycan Partiyası Qax rayon təşkilatının sədri

Digər xəbərlər