“Əminəm ki, bundan sonra həyatınızda ancaq sevincli günlər olacaq. O əzab-əziyyət, ədalətsizlik, haqsızlıq arxada qaldı. Azərbaycan dövləti sizin üçün bütün şəraiti yaradıb. Evlər gözəl təmir olunur, bütün infrastruktur - yollar, təbii qaz və elektrik enerjisi, su. Ən önəmlisi isə siz doğma Qarabağ diyarında artıq əbədi yaşayacaqsınız - siz və sizin davamçılarınız. Bu, ədalətin təntənəsidir. Biz ədaləti bərpa etdik, ilk növbədə, öz haqqımızı bərpa etdik, erməni işğalına son qoyduq. Bunu mərhələli yollarla etdik.” Dövlət başçısı İlham Əliyev bu günlərdə Xocalı rayonunun Badara kəndində Badara, Daşbulaq, Seyidbəyli və Şuşakənd kəndlərinin sakinləri ilə görüşündə onu da qeyd etdi ki, bildiyiniz kimi, İkinci Qarabağ müharibəsi başa çatanda hələ ki, biz bu bölgəyə nəzarət etmirdik. Bunun səbəblərini də bilirsiniz. Ancaq 2020-ci il noyabrın 10-dan ta 2023-cü il sentyabrın 19-na qədər bizim bir məqsədimiz var idi - ölkə suverenliyini tam bərpa etmək. Bunu da etdik, erməni işğalına son qoyduq, separatçılığa son qoyduq, haqq-ədaləti bərpa etdik və indi qurub-yaradırıq. Uzun illər köçkün həyatı yaşamış insanlar ən gözəl şəraitə layiqdirlər: “Mən xatırlayıram, o vaxt işğal dövründə köçkünlərlə çoxsaylı görüşlərimdə deyirdim ki, sizin üçün dövlət şərait yaratmağa çalışır və biz bunu etmişdik. Təqribən 300 minə yaxın keçmiş köçkün dövlət tərəfindən evlərlə, mənzillərlə təmin edilmişdi. Ancaq hər dəfə çadır şəhərciyinin açılışında deyirdim ki, bu, müvəqqəti yaşayış yeridir. Qarabağ azad olunandan sonra sizin üçün Qarabağda daha gözəl şərait yaradacağıq, o da oldu”.
Bu gün qürurla tarixi Zəfərimizdən, onun ardınca suverenliyimizin tam bərpasından, cənab İlham Əliyevin Sərəncamı ilə təsis edilən Dövlət Suverenliyi Günündən bəhs edirik. Dövlət Suverenliyi Günü - Azərbaycanın mövcudluğunun və institusional davamlılığının əsasıdır. Özünün siyasi, mədəni tarixinə, taleyinə sahib çıxmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək hər xalqa nəsib olmur. Buna sahib olmaq xalqın ictimai-siyasi həyatında ən böyük nailiyyətidir. Tarix boyunca qarşılaşdığı iqtisadi, siyasi, hərbi çətinliklərə, işğala baxmayaraq, xalqımızın müstəqillik, dövlətçilik arzusu və mübarizəsi əsrlər boyu davam edib, heç bir qüvvə onun bu əzmini sındıra bilməyib.
İki il bundan öncə sentyabrın 19-da Azərbaycanın Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması və Ermənistan silahlı qüvvələrinin qalıqlarının tərk-silah edilərək torpaqlarımızdan çıxarılması, həmin ərazilərdə Azərbaycan Respublikası konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə antiterror tədbirlərinə başlandı. Cəmi 23 saat 43 dəqiqə davam edən əməliyyat nəticəsində müzəffər Azərbaycan Ordusu qarşısındakı bütün vəzifələri yüksək peşəkarlıqla yerinə yetirdi. Qondarma Dağlıq Qarabağ rejimi özünü buraxdığını elan etdi. Bununla da Azərbaycanın bütün əraziləri üzərində suverenliyini tam bərpa etdi. Hakimiyyətin aliliyi və nəzarət funksiyası tam şəkildə bərpa olundu. Bu, Azərbaycanın dövlət suverenliyinin təşəkkülündə mühüm bir mərhələ hesab edilir.
Dövlət Suverenliyi Günü Azərbaycanın 1991-ci ildə müstəqilliyinin bərpası ilə başlayan hadisələrin kulminasiya nöqtəsi olan ərazi bütövlüyü və müstəqillik uğrunda onilliklər boyu davam edən mübarizənin rəmzi sonunu əks etdirir. Bu yeni tarixin təqvimdə rəsmi yer alması 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılan Qələbənin, 2023-cü ildə antiterror tədbirlərinin və XXI əsrdə ölkənin müstəqilliyinin möhkəmləndirilməsinin əhəmiyyətini bir daha vurğulayır.
20 Sentyabr tarixi, həmçinin Xankəndi, Xocalı, Xocavənd, Ağdərə şəhərləri günüdür. Dövlət başçısı İlham Əliyev ötən il bununla bağlı Sərəncam imzaladı. Bu əlamətdar günün təsis olunması minlərlə azərbaycanlı igidin canları və qanları bahasına başa gəlmişdir. Bu günün təsis edilməsi həmçinin Ermənistanın və qondarma Dağlıq Qarabağın terrorçu silahlı dəstələrinin tör-töküntülərinin tərk-silah edilərək ərazilərimizdən birdəfəlik çıxarılması ilə bağlıdır. Bu şəhər günləri azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işlərini geniş şəkildə təqdim etməyə imkanlar yaradır. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, bütün Qarabağ, Şərqi Zəngəzur tikinti meydançasıdır. Qısa müddət ərzində bu gözəl evlərin bərpası, tikintisi, bütün infrastrukturun yaradılması gücümüzü, niyyətimizi göstərir. Əsas odur ki, bütün siyasi addımlarımızın mərkəzində Azərbaycan vətəndaşı dayanır: “Siz - Azərbaycan vətəndaşları, erməni işğalından əziyyət çəkən Qarabağ bölgəsinin sakinləri bu gün ən gözəl şəraitə layiqsiniz”.
Həbib Cəfərov
YAP Astara rayon təşkilatının sədri