YAP Tərtər rayon təşkilatı və Tərtər Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikasının Dövlət Suverenliyi Gününə həsr olunmuş tədbir keçirilib.
Tədbirdə YAP Tərtər rayon təşkilatının sədri Eldar Əsədov, Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov, rayon ağsaqqallar şurasının sədri Faiq Məmmədov , şəhid ailələri, qazilər, Milli Məclisin deputatı Anar Məmmədovun köməkçisi Elçin Cahangirov, idarə, müəssisə, təşkilat rəhbərləri, İƏD üzrə nümayəndələr, bələdiyyə sədrləri, təhsil, səhiyyə, mədəniyyət işçiləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.
Əvvəlcə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin Mərkəzi Meydanda ucaldılmış abidəsini ziyarət edərək önünə gül-çiçək dəstələri düzüblər.
Sonra tədbir rayon icra hakimiyyətinin iclas zalında davam etdirilib.
Əvvəlcə Dövlət Himni səsləndirilib, Ümummilli lider Heydər Əliyevin və torpaqlarımızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərin ruhu bir dəqiqəlik sükutla yad edilib. Sonra dövlət suverenliyinə həsr edilmiş video-çarx nümayiş olunub.
Tədbiri giriş nitqi ilə Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov açaraq 20 Sentyabr-Dövlət Suverenliyi Gününün Azərbaycan tarixindəki əhəmiyyətindən, müstəqil dövlətçiliyimizin möhkəmlənməsində həlledici rolundan danışıb. Bildirib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilmiş, Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 19 sentyabr tarixli 294 nömrəli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilmişdir.
Rayon rəhbəri Qarabağ və Şərqi Zəngəzurda aparılan genişmiqyaslı bərpa-quruculuq işləri barədə də məlumat verib.
Sonra YAP Tərtər Rayon Təşkilatının sədri Eldar Əsədov, “Cəsur döyüşçü”, “Vətən uğrunda, “Suqovuşanın azad olunmasına görə” medalları ilə təltif edilmiş Vətən Müharibəsi şəhidi Mirzəli Rəşadın anası Afidə Mirzəyeva, rayon Ağsaqqallar Şurasının sədri Faiq Məmmədov, “Ağdamın azad olunmasına görə, “Vətən müharibəsi iştirakçısı” medalları ilə təltif edilmiş baş leytenant Səbuhi İbrahimov, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər rayonu üzrə nümayəndəsi Ceyhun İsmayılzadə çıxış edərək, tariximizin bu əlamətdar gününün Azərbaycanın dövlətçilik tarixində xüsusi önəm daşıdığını, ərazi bütövlüyünü tam bərpa edən Azərbaycan dövlətinin hazırda müstəqilliyinin ən gözəl günlərini yaşadığını diqqətə çatdırıblar.
E.G.Əsədov
YAP Tərtər rayon təşkilatının sədri