Sentyabrın 19-u Azərbaycan Silahlı Qüvvələrinin Qarabağda keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən iki il ötür.Lokal xarakterli antiterror tədbirlərinə üçtərəfli bəyanatın müddəalarının təmin olunması, Qarabağ iqtisadi rayonunda törədilən genişmiqyaslı təxribatların qarşısının alınması, Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərksilah edilərək Azərbaycan ərazilərindən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi, işğaldan azad edilmiş ərazilərə qayıdan dinc əhali, habelə bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçuların təhlükəsizliyinin təmin olunması və ölkənin Konstitusiya quruluşunun bərpa edilməsi məqsədilə başlanılmışdı.
Dövlət başçısı, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev 2023-cü il sentyabrın 20-də xalqa müraciətində bu mühüm məqamı xüsusi qeyd etdi. “Qeyd etməliyəm ki, antiterror tədbirləri nəticəsində bizim hərbçilərimiz böyük qəhrəmanlıq, şücaət, peşəkarlıq göstərmişlər” söyləyən ölkə Prezidenti onu da əlavə etdi ki, ağır relyef, düşmən tərəfindən uzun illər böyük mühəndislik işləri nəticəsində istehkamların mövcudluğu şəraitində, düşmən mövqelərinin təpələrdə, əlverişli yerlərdə yerləşdirilməsinə baxmayaraq hərbçilərimiz qəhrəmanlıq, peşəkarlıq göstərmişlər və qısa müddət ərzində bütün istiqamətlər üzrə əhəmiyyətli dərəcədə hərbi uğurlar əldə etmişlər. Ermənistan dövlətinin Azərbaycan ərazisində qanunsuz yerləşdirilmiş və işğalçı dövlətin öhdəliyinə baxmayaraq, bu günə qədər çıxarılmamış ordunun böyük hissəsi tamamilə məhv edildi. Hərbi texnika sıradan çıxarıldı.
Antiterror əməliyyatı xüsusi nəzərdə tutulmuş bir əməliyyat olduğuna görə qarşıya qoyulmuş əsas məqsəd mülki əhaliyə və infrastruktura ziyan yetirmədən hədəflərə nail olmaq idi. Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev antiterror əməliyyatının mülki əhaliyə ziyan vurmadan aparılmasını zəruri sayaraq demişdir: "Əməliyyat başlamazdan əvvəl mənim tərəfimdən bütün hərbi birləşmələrimizə bir daha ciddi tapşırıq verilmişdir ki, aparılan antiterror tədbirləri nəticəsində Qarabağ bölgəsində yaşayan erməni əhalisi zərbə altına düşməməlidir və mülki əhali qorunmalıdır. Göstəriş verilmişdir ki, mülki infrastruktura da heç bir zərbə dəyməməlidir, ancaq hərbi infrastruktur sıradan çıxarılmalıdır".
Şanlı Azərbaycan Ordusu dünya hərb tarixində daha bir nadir əməliyyatı mükəmməl şəkildə həyata keçirərək gözlənilən uğuru qazandı. Separatçılara qarşı aparılan və bir sutkadan da az çəkən əməliyyat nəticəsində bölgədəki mülki əhaliyə və obyektlərə ziyan vurulmadan erməni hərbi qüvvələri diz çökdürüldü. Uzun illərdən bəri Qarabağda kök salmış erməni separatizminə son qoyuldu, daşnak yuvası darmadağın olundu.
Azərbaycan Müdafiə Nazirliyinin məlumatına görə, cəmi bir sutka ərzində 406 kvadratkilometr ərazi yad ünsürlərdən təmizlənərək Ordumuzun tam nəzarəti altına alındı. Əməliyyat zamanı düşmən ölən 310 nəfər və yaralı 614 nəfər olmaqla xeyli canlı qüvvə itirdi. Ordumuzun dəqiq zərbələri nəticəsində düşmənin 8 tankı, 22 artilleriya qurğusu, 14 minaatanı, 3 zenit kompleksi, 8 radioelektron mübarizə vasitələri, 9 hərbi nəqliyyat vasitəsi olmaqla çoxsaylı silah və texnikası məhv edildi. Bundan başqa, 1731 müxtəlif döyüş texnikası, eləcə də 18 min 664 atıcı silah ələ keçirildi. Yüksək dəqiqliyə malik ən müasir silahların və radioelektron mübarizə vasitələrinin effektiv tətbiqi əməliyyatın uğurla nəticələnməsində xüsusi rol oynadı. İlk növbədə düşmənin hava hücumundan müdafiə və radioelektron mübarizə vasitələrinin, idarəetmə orqanlarının və bütünlükdə idarəetmə sisteminin sıradan çıxarılması müqavimət göstərməyə çalışan qüvvələrin idarəetməsini iflic vəziyyətinə saldı və Milli Ordu bölmələrinin sürətlə irəliləməsini təmin etdi. Əməliyyatın gündüz başlamasına və əlverişsiz hava şəraitində, dağlıq-meşəlik ərazidə keçirilməsinə baxmayaraq, bölmələrimizin döyüş hazırlığı, yüksək idarəetmə və uzlaşma sayəsində qarşıya qoyulan hər bir tapşırıq uğurla yerinə yetirildi.
19-20 sentyabr 2023-cü ildə uğurla həyata keçirilən antiterror əməliyyatı nəticəsində Azərbaycanın ərazi bütövlüyü və suverenliyi tam təmin edildi. Xalqımız bu möhtəşəm tarixlə fəxr edir və öyünür.
Malik Mirzəyev
YAP Lerik rayon təşkilatının sədri