PDF Oxu

Siyasət

  • 1 131

Böyük Qayıdış Proqramı uğurla icra edilir

image

Suverenlik dövlətin müstəqilliyinin, milli iradəsinin və beynəlxalq hüquqda subyekt kimi tanınmasının ən yüksək göstəricisidir. Hüquqi baza isə bu müstəqilliyin qorunmasının təminatıdır. Azərbaycan Respublikasında son illərdə qəbul edilən siyasi və hüquqi qərarlar məhz bu iki konseptual anlayışın – Konstitusiya və suverenliyin vəhdəti üzərində qurulub. 2025-ci ilin Prezident İlham Əliyevin Sərəncamı ilə “Konstitusiya və Suverenlik İli” elan olunması və sentyabrın 20-də Dövlət Suverenliyi Gününün təsis edilməsi bu istiqamətdə strateji xarakterli addımlar sırasına daxildir. Bu qərarlar yalnız hüquqi-siyasi məzmun daşımır, eyni zamanda, xalqın tarixi yaddaşını gücləndirən, milli dövlətçilik fəlsəfəsini möhkəmləndirən və gələcək nəsillərə ünvanlanan rəmzi hadisələrdir.

Dövlət başçısı İlham Əliyevin 19 sentyabr 2024-cü il tarixli “Azərbaycan Respublikasında Dövlət Suverenliyi Gününün təsis edilməsi haqqında” Sərəncamında qeyd edildiyi ki, hər bir xalq üçün öz taleyinə sahib olmaq, müstəqil dövlətini yaradaraq inkişaf etdirmək onun ən böyük nailiyyətidir. Tarixin müxtəlif mərhələlərində üzləşdiyi çətinliklərə, işğala, məhrumiyyətlərə baxmayaraq, heç bir qüvvə xalqımızın müstəqillik, dövlətçilik əzmini sarsıda bilməmişdir. Azərbaycan xalqı bu gün öz müstəqil dövlətinə sahibdir, qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı hesabına əldə edilmiş ərazi bütövlüyümüz, suverenliyimiz xalqımızın milli sərvətidir.
Cənab İlham Əliyev ötən il Dövlət Suverenliyi Günündə - 20 sentyabrda Xankəndi şəhərində Qarabağ Universitetinin müəllim və tələbə heyəti ilə görüşündə qeyd etmişdir ki, düz bir il bundan əvvəl qəhrəman Azərbaycan Ordusu dövlət suverenliyini tam bərpa etmişdir. Bir gündən az davam edən antiterror əməliyyatı nəticəsində separatçıların kökü kəsildi, Azərbaycan öz dövlət suverenliyini tam təmin etdi, beynəlxalq hüquq zəfər çaldı və Azərbaycan öz gücünü bir daha göstərdi. Bu il Dövlət Suverenliyi Günü ərəfəsində dövlət başçısı İlham Əliyev Xocalı və Xocavənd rayonlarında, Xankəndi şəhərində səfərdə oldu. Səfər zamanı Xocavənd rayonunun Qırmızı Bazar qəsəbəsində Qırmızı Bazar, Hadrut qəsəbələrinin və Sos kəndinin sakinləri ilə görüşündə bir daha bildirdi ki, son beş ilin tarixi Zəfər tarixidir, şanlı tariximizdir və şadam ki, siz artıq öz doğma dədə-baba torpağınıza gəlmisiniz, yerləşmisiniz: “Sizin üçün burada şərait yaradılıb, evlər tikilib, təmir edilib. Bütün şərait var - su, qaz, elektrik, istilik, məktəb, tibb məntəqəsi, yollar. Ən önəmlisi bura doğma Qarabağ diyarıdır. Gözəl mənzərəli yerlərdir, hər tərəf dağ, meşə, bulaq, su da boldur. Yəni, burada, sadəcə olaraq, rahat yaşamaq, qurub-yaratmaq, uşaqları böyütmək, onlara yaxşı tərbiyə vermək üçün bütün şərait var. Yəni, artıq Azərbaycan xalqı bundan sonra sülh içində yaşayacaq”.
O da qeyd edildi ki, bu gün biz bu gözəl Qarabağ diyarında yığışmışıq. Bunun əsas səbəbi xalqımızın birliyidir və gənc nəslin vətənpərvərlik ruhunda tərbiyə almasıdır. Biz bütün dünyaya sübut etmişik ki, güclü xalqıq, iradəli xalqıq, döyüş meydanında da qələbə qazanmışıq, sülhə də hər zaman hazır idik: “Amma sülh ədalətli sülh olmalı idi, beynəlxalq hüquq və tarixi ədalət üzərində sülh olmalı idi. Son beş ilin tarixi onu göstərdi ki, heç bir xarici qüvvə bizim iradəmizə təsir edə bilmədi. 2023-cü ilin sentyabr hadisələri, antiterror əməliyyatı bir daha göstərdi ki, heç kim bizim qabağımızda dura bilməz. Çünki bizim işimiz haqq işidir, biz öz torpağımız uğrunda vuruşmuşuq, bizim başqa ölkələrin torpağında gözümüz yoxdur, amma öz torpağımızdan bir qarış belə heç kimə güzəştə gedən deyilik və bunu sübut etmişik. Bu gün bütün dünya Azərbaycan xalqını haqlı olaraq müzəffər xalq kimi tanıyır. 44 gün və bir gün - heç bir ölkə son 80 il ərzində belə mütləq, tam və ədalətli qələbə qazanmamışdır”.
20 sentyabr, eyni zamanda, Prezident İlham Əliyevin Sərəncamı ilə Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü kimi qeyd edilir. 2023-cü ilin 8 noyabr tarixində Xankəndi şəhərində Vətən müharibəsində tarixi Zəfərimizin üç illiyinə həsr edilmiş hərbi parad keçirildi. Ümumilikdə Xankəndi hazırda beynəlxalq tədbirlərin keçirilməsi üçün ideal məkan kimi qəbul edilir. Xocalı şəhəri artıq sakinlərinə qovuşaraq həyatının yeni dövrünü yaşayır. Xocavənd və Ağdərə rayonları da genişmiqyaslı bərpa-quruculuq işləri ilə diqqətdədir. Prezident İlham Əliyevin qeyd etdiyi kimi, necə ki, müharibədə döyüşmüşük, vuruşmuşuq, eləcə də sülh şəraitində qurub-yaradırıq. Ermənilər bizim torpaqlarımızı viran qoyublar. Özlərinin yaşadıqları şərait elə idi ki, necə deyərlər, özünə hörmət edən insan heç vaxt orada yaşamazdı. Amma görün, biz beş il ərzində şəhərlər, kəndlər, körpülər, tunellər, su anbarları, elektrik stansiyaları qurmuşuq. Yəni, burada – Qarabağda və Zəngəzurda gedən quruculuq dünyanın heç bir yerində yoxdur. Əsas odur ki, Azərbaycan xalqı rahat yaşasın, xoşbəxt yaşasın, sülh içində yaşasın. Böyük Qayıdış Proqramı uğurla icra edilir.

Mehdi Balabəyov
YAP Şabran rayon təşkilatının sədri

Digər xəbərlər