PDF Oxu

Siyasət

  • 286

Azərbaycan-Ruanda: əməkdaşlıqda yeni mərhələ

image

Prezident İlham Əliyev: "Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır"

Azərbaycan ilə Ruanda arasında son illərdə ikitərəfli münasibətlər intensivləşir. Bu, iki ölkə arasında əlaqələrin möhkəmlənməsinə qarşılıqlı marağın olduğunu təsdiqləyir. Ruanda Respublikasının Prezidenti Pol Kaqamenin sentyabrın 20-də Bakıya rəsmi səfəri əlaqələrin möhkəmliyinə söykənir. "Azərbaycan ilə Ruanda yaxşı tərəfdaş və dostlardır. Biz müxtəlif beynəlxalq təsisatlarda birgə iştirak edirik və hər zaman bir-birimizi dəstəkləyirik". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev Ruanda Prezidenti Pol Kaqame ilə mətbuata bəyanatı zamanı söyləyib.

Səfər çərçivəsində çərçivəsində imzalanan sənədlər əlaqələrin genişlənməsində mühüm rol oynayacaqdır. Sentyabrın 20-də Azərbaycan Respublikası ilə Ruanda Respublikası arasında imzalanmış sənədlərin Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin iştirakı ilə mübadiləsi mərasimi olub. "Azərbaycan Respublikası Hökuməti ilə Ruanda Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş", "Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Ruanda Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş", "Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi ilə Ruanda Respublikasının Kənd Təsərrüfatı və Heyvan Ehtiyatları Nazirliyi arasında Anlaşma Memorandumu", "Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi ilə Ruanda İnkişaf Şurası arasında qabaqcıl dövlət xidmətlərinin göstərilməsi mexanizminin yaradılması barədə əməkdaşlığa dair Anlaşma Memorandumu" və s. sənədlər imzalanıb.

"QOŞULMAMA HƏRƏKATINDA HƏMRƏYLİYİN GÜCLƏNDİRİLMƏSİNƏ YÖNƏLMİŞ TƏŞƏBBÜSLƏRİMİZİN ƏKSƏR HİSSƏSİNİ DƏSTƏKLƏMİŞ VƏ ONA QOŞULMUŞDUR"

Azərbaycan və Ruanda arasında diplomatik əlaqələr 2004-cü il mayın 28-də qurulub. Bu addım iki ölkə arasında münasibətlərin əsasını qoyub. Qeyd etmək lazımdır ki, uzun müddət ikitərəfli deyil, əsasən çoxtərəfli platformalarda inkişaf etdirilən əlaqələr son dönəmdə aktiv fazaya qədəm qoyub. Bakı ilə Kiqali arasında Birləşmiş Millətlər Təşkilatı, Qoşulmama Hərəkatı və İslam Əməkdaşlıq Təşkilatı dialoq üçün əsas platformalardır. Məhz bu təşkilatlar çərçivəsində Ruanda daim Azərbaycana dəstəyini ifadə edib. Bunun əyani sübutu Ruandanın Azərbaycanın Qoşulmama Hərəkatına Sədrliyinin uzadılmasının lehinə səs verməsi olub. Bundan əlavə, Ruanda COVID-19 pandemiyası dövründə Azərbaycanın Qoşulmama Hərəkatının sədri kimi irəli sürdüyü təşəbbüsləri fəal şəkildə dəstəkləyib. "Biz müxtəlif beynəlxalq təsisatlarda birgə iştirak edirik və hər zaman bir-birimizi dəstəkləyirik. Qoşulmama Hərəkatında sədrliyimiz dövründə Ruanda hər zaman bizə dəstək vermişdir. Siz bizə sədr seçilmək və sonra sədrliyimizin uzadılması üçün dəstək verdiniz. Ruanda, həmçinin Qoşulmama Hərəkatında həmrəyliyin gücləndirilməsinə yönəlmiş təşəbbüslərimizin əksər hissəsini dəstəkləmiş və ona qoşulmuşdur. Biz birmənalı olaraq BMT daxilində hər zaman fəal əməkdaşlıq edirik və bir-birimizə qarşılıqlı dəstəyi artırırıq".

Bakıda keçirilən COP29 çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyevin və Ruanda Prezidenti Pol Kaqamenin görüşü iki ölkə arasında münasibətlərin artan əhəmiyyətini bir daha vurğulayıb.

Azərbaycan ilə Ruanda arasında münasibətlər qarşılıqlı faydalı əməkdaşlıq müstəvisində də inkişaf edir. 2023-cü ildə BMT Baş Assambleyasının 78-ci sessiyasının yüksəksəviyyəli həftəsi çərçivəsində "Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi və Ruanda Respublikasının Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyi arasında siyasi məsləhətləşmələr haqqında Anlaşma Memorandumu" və "Azərbaycan Respublikası Hökuməti və Ruanda Respublikası Hökuməti arasında diplomatik və xidməti pasport sahiblərinin viza tələbindən azad edilməsi haqqında Saziş" imzalanıb.

Son illər ərzində Azərbaycan ilə Afrika ölkələri arasında münasibətlər ənənəvi siyasi dialoq çərçivəsindən kənara çıxaraq irəliləyib. 1992-2012-ci illərdə Afrika dövlətlərinin əksəriyyəti ilə diplomatik münasibətlərin qurulması ilə başlayan bu proses fəal xarici siyasət sayəsində inkişaf edib. Azərbaycanın Qoşulmama Hərəkatına sədrliyi Afrika ölkələri ilə münasibətlərin daha da dərinləşməsinə imkan yaradıb. 2019-cu ildə Qoşulmama Hərəkatının COVID-19-a qarşı mübarizə üzrə Təmas Qrupunun Bakıda keçirilən Zirvə görüşü, eləcə də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransı Misir, Əlcəzair, Konqo və Somali kimi Afrika dövlətlərinin rəhbərləri ilə yüksəksəviyyəli görüşlər üçün mühüm platforma rolunu oynayıb. Konqo Prezidentinin 2024-cü ildə ikitərəfli razılaşmaların imzalandığı səfər, həmçinin Somali və Qvineya-Bisau prezidentlərinin oxşar səfərləri də müdafiə, təhsil və digər sahələrdə əməkdaşlığın genişlənməsinə təkan verib.

Azərbaycan ilə Ruanda arasında münasibətlər son zamanlar əsasən çoxtərəfli dialoqdan aktiv ikitərəfli əməkdaşlığa qədəm qoyub. Hər iki ölkə təcrübə mübadiləsinə və əsas sahələrdə tərəfdaşlıq qurmağa qarşılıqlı maraq göstərir. Ruandanın ölkəmizin "ASAN Xidmət" modelinə marağı Prezident İlham Əliyev və Prezident Pol Kaqame arasında COP29 zamanı keçirilmiş görüşdə rəsmi şəkildə ifadə olunub. Nəticədə bu istiqamətdə konkret addımlar atılıb. Bu ilin iyun ayında Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin nümayəndə heyətinin Ruandaya səfəri zamanı "ASAN Xidmət" modelinin tətbiqi və Ruandada oxşar mərkəzin yaradılması ilə bağlı Anlaşma Memorandumu imzalanıb.

Kiçik və orta sahibkarlıq sahəsində də qarşılıqlı əlaqələr intensivləşib. Belə ki, Ruandadan gələn nümayəndə heyəti Azərbaycanda səfərdə olarkən "Bakı KOB evi"nin fəaliyyəti ilə tanış olub. "KOB evi"nin təcrübəsi nümayəndə heyəti tərəfindən yüksək qiymətləndirilib və bu da qeyd olunan sahədə təcrübə mübadiləsi üçün geniş imkanlar açıb.

Həmçinin ölkələr arasında münasibətlər iqtisadi müstəvidə də genişlənir. İki ölkə arasında qarşılıqlı ticarət, dağ-mədən sənayesi və turizm sahələrində tərəfdaşlıq imkanlarının inkişafı üçün kifayət qədər geniş potensial mövcuddur. Tərəflər strateji sahələrdə də əməkdaşlıq edir. ADEX-2022 beynəlxalq müdafiə sərgisi çərçivəsində Azərbaycan ilə Ruanda arasında hərbi-texniki əməkdaşlıq haqqında razılaşma əldə olunub. Bu, ölkələr arasında münasibətlərin daha geniş xarakter aldığını göstərir.

"BİZİM ƏLA SİYASİ MÜNASİBƏTLƏRİMİZ VAR VƏ BİZƏ BÜTÜN DİGƏR SAHƏLƏRDƏ DƏ EYNİ MÜNASİBƏTLƏR SƏVİYYƏSİ LAZIMDIR"

Ölkələrimiz arasında əməkdaşlıq ənənəvi siyasət və iqtisadiyyatdan kənara da çıxır. Belə ki, Heydər Əliyev Fondunun dəstəyi ilə həyata keçirilən humanitar diplomatiya əlaqələrin inkişafına və tərəfdaşlığa möhkəm zəmin yaratmaq üçün əsas vasitəyə çevrilib. Bunun əyani sübutu 2024-cü ildə Rvamaqana şəhərindəki məktəbdə içməli su probleminin həll olunmasıdır. Məktəb binasının yerləşdiyi ərazidə Fondun dəstəyi ilə su quyusu qazılaraq saatda 3 tona yaxın içməli suyun verilməsi təmin edilib. İnfrastruktur layihələri ilə yanaşı, mədəni və təhsil mübadiləsinə də xüsusi diqqət yetirilir. Təhsil və mədəniyyət sahələrində mübadilə proqramları Azərbaycan ilə Ruanda arasındakı münasibətlərdə xüsusi rol oynayır. "Son illərdə münasibətlərimiz daha da nəticəyönümlü olub. Azərbaycandan Ruandaya müxtəlif nümayəndə heyətləri səfər edib. Heydər Əliyev Fondunun nümayəndə heyəti ötən il Ruandaya səfər edib", - deyən Prezident bildirib ki, Heydər Əliyev Fondunun ölkənizdə təhsil proqramlarını dəstəkləmək şansı oldu: "Yeri gəlmişkən düşünürəm ki, bu sahə ikitərəfli münasibətlərimizdə prioritetlərimizdən biri olmalıdır. Mən cənab Prezidentin səfərindən əvvəl bəzi məlumatlara baxdım və gördüm ki, Azərbaycanda Ruandadan cəmi bir tələbə təhsil alır. Hesab edirəm ki, biz tələbələrin sayını artırmaq üçün birgə işləyə bilərik. Bu, Azərbaycanın dövlət təqaüdü çərçivəsində ola bilər. Əməkdaşlıq qurmaq məqsədilə Xarici İşlər Nazirliyinin nümayəndə heyəti, eləcə də "ASAN xidmət" kimi oxşar qurumun yaradılması məqsədilə dövlət xidmətləri agentliyi hesab olunan "ASAN xidmət"in nümayəndə heyəti bu il Ruandada olmuşlar. Mən bunu cənab Prezidentlə artıq müzakirə etdim."

Azərbaycan Prezidenti onu da bildirib ki, bu gün biz enerji sektorunda imkanları müzakirə etdik: "Hər iki ölkə bunun üzərində fəal çalışır və əməkdaşlığımızın gücləndirilməsi potensialı olan mədən işləri sahəsində də iş aparır. Bizə, sadəcə, müxtəlif səviyyələrdə daha çox təmasların qurulması, birgə biznes və investisiya imkanlarının müzakirəsi üçün biznes, eləcə də müxtəlif nazirliklərin nümayəndə heyətlərinin mübadiləsi lazımdır. Mən Ruandada sərmayə layihələrində iştirak etməyə hazır olduğumuzu vurğuladım və əminəm ki, cənab Prezidentin səfəri və müzakirələrimiz, eləcə də mətbuat konfransından sonrakı söhbətlərimiz iqtisadi və ticari sahədə tərəfdaşlıq üçün çox möhkəm zəmin yaradacaq. Bizim əla siyasi münasibətlərimiz var və bizə bütün digər sahələrdə də eyni münasibətlər səviyyəsi lazımdır"

Beləliklə, Azərbaycan ilə Ruanda arasında münasibətlər çoxşaxəli və qarşılıqlı faydalı tərəfdaşlığa çevrilərək keyfiyyətcə yeni səviyyəyə qalxıb. Bu əməkdaşlıq hər iki ölkənin xarici əlaqələrinin şaxələndirilməsində strateji marağı əks etdirir.

Nəzakət ƏLƏDDİNQIZI

Digər xəbərlər