PDF Oxu

Siyasət

  • 600

Separatçılığın son çırpınışları

image

2023-cü ilin 19 sentyabr tarixində Azərbaycanın Qarabağ bölgəsində yerləşən qeyri-qanuni erməni silahlı birləşmələri tərəfindən törədilən genişmiqyaslı hərbi təxribatlar və terror aktları ölkənin suverenliyinə, ərazi bütövlüyünə və bölgədəki sülh prosesinə ciddi təhdid yaratdı. Hədəflənmiş hərbi mövqelərlə yanaşı, mina terroru nəticəsində mülki şəxslərin və polis əməkdaşlarının həlak olması bu təxribatların məqsədli və planlı şəkildə həyata keçirildiyini göstərdi. Ermənistanın uzun illər boyu bölgədə qurduğu qanunsuz hərbi-siyasi strukturların qalıqları, 2020-ci ildə imzalanmış üçtərəfli Bəyanatın müddəalarına zidd olaraq, bölgədə qeyri-qanuni silahlı birləşmələri saxlamaqda davam edirdi. Azərbaycan dəfələrlə xəbərdarlıq etməsinə baxmayaraq, separatçı rejim və onu dəstəkləyən qüvvələr bu təxribatçı fəaliyyətlərdən əl çəkmədilər. Nəticədə, dövlətin daxili təhlükəsizliyinə və vətəndaşlarının həyatına real təhdidlər yarandığı üçün Azərbaycan Silahlı Qüvvələri konstitusion hüququna əsaslanaraq lokal xarakterli antiterror tədbirlərinə başladı. Bu əməliyyatlar yalnız hərbi obyektləri və legitim hədəfləri əhatə etməklə, mülki əhalinin təhlükəsizliyinin təmin olunması prinsipi əsasında həyata keçirildi. 24 saatdan az müddətdə əldə olunan nəticə – erməni silahlı birləşmələrinin təslim olması və onların tam tərk-silah edilməsinə razılıq verməsi – Azərbaycanın güclü və qətiyyətli mövqeyinin bariz göstəricisi oldu. 19 sentyabr təxribatları əslində separatçılığın son çırpınışları idi və buna cavab olaraq həyata keçirilən antiterror tədbirləri təkcə Azərbaycanın daxili sabitliyini deyil, həm də regionda real və dayanıqlı sülhün bərqərar olunması yolunda həlledici dönüş nöqtəsi oldu.

Ordumuz yalnız legitim hədəfləri vurdu, mülki əhalini qorudu. Humanitar dəhlizlər yaradıldı, əhaliyə dəstək göstərildi.Cəmi bir gün davam edən əməliyyat nəticəsində düşmən ağ bayraq qaldırdı. Onlarla texnika, yüzlərlə artilleriya qurğusu məhv edildi. Ermənistan ordusu silahı yerə qoymağa məcbur oldu. Azərbaycan bir daha hərbi gücünü nümayiş etdirdi.

Prezident İlham Əliyev xalqa müraciətində qeyd etdi: “Antiterror tədbirlərinin bir gün ərzində uğurla başa çatdırılması yenilməz ordumuzun malik olduğu imkanların təqdimatı oldu”. Bu, həm də siyasi mesaj idi – Azərbaycanda separatçılığa yer yoxdur. Beləliklə, 20 sentyabr 2023-də Azərbaycan öz suverenliyini tam bərpa etdi. Dövlət Bayrağımız Xankəndi, Xocalı, Xocavənd, Ağdərə və digər ərazilərdə ucaldı. 20 sentyabr Dövlət Suverenliyi Günü kimi tarixə düşdü. Azərbaycan xalqı bu tarixi nailiyyətlə yeni bir dövrə qədəm qoydu.

Toğrul ZEYNALOV

YAP Ağdam rayon təşkilatının əməkdaşı

Digər xəbərlər