“Azərbaycanın son onilliklərdə keçdiyi tarixi yol, əldə etdiyi möhtəşəm qələbələr və həyata keçirdiyi uğurlu siyasi kurs bütövlükdə regionun gələcəyini müəyyən edən əsas amillərdən biri olmuşdur. Bu yolun ən mühüm strateji hədəflərindən biri isə Zəngəzur dəhlizinin açılması və regionun kommunikasiya xəritəsinin yenidən formalaşdırılması ilə bağlıdır. Zəngəzur dəhlizi sadəcə nəqliyyat arteriyası deyil, eyni zamanda milli zəfərin məntiqi nəticəsi, Azərbaycanın uzun illər apardığı mübarizənin təntənəsi, gələcək onilliklərdə regiona sülh, sabitlik və rifah gətirəcək unikal bir layihədir. Bu dəhlizin əhəmiyyəti təkcə Azərbaycan üçün deyil, bütövlükdə Cənubi Qafqaz, Mərkəzi Asiya, Yaxın Şərq və Avropa məkanları üçün yeni imkanlar açır və qlobal geosiyasətdə mühüm dəyişikliklərə zəmin yaradır”. Bu sözləri SİA-ya açıqlamasında YAP Yasamal rayon təşkilatının sədri Bəxtiyar Nəbiyev deyib.O bildirib ki, Zəngəzur bölgəsi tarixən Azərbaycan torpaqlarının ayrılmaz hissəsi olmuş, qədim İpək Yolunun əsas qovşaqlarından biri kimi çıxış etmişdir: “Lakin XX əsrin əvvəllərində böyük güclərin siyasi maraqları nəticəsində bu strateji ərazi Azərbaycandan qoparılaraq Ermənistana verilmiş və bununla da ölkənin əsas coğrafi bütövlüyünə ağır zərbə vurulmuşdur. Bu addım həm də türk dünyasının bir-biri ilə quru yolu vasitəsilə birləşməsini uzun illər ləngitmişdir. Buna baxmayaraq, Azərbaycan xalqı bu ədalətsizliyi heç vaxt unutmadı və dövlətçilik ideologiyasında Zəngəzur həmişə xüsusi yer tutdu. Əslində, Zəngəzur dəhlizinin bərpası həm tarixi ədalətin təntənəsi, həm də milli strateji məqsədlərin həyata keçirilməsidir.XX əsrin sonu və XXI əsrin əvvəlləri Azərbaycanın müstəqilliyini möhkəmləndirməsi, beynəlxalq aləmdə öz sözünü deməsi və xüsusilə torpaqlarımızın azadlığı uğrunda apardığı mübarizə ilə yadda qaldı. 2020-ci ilin 44 günlük Vətən müharibəsivə 2023-cü ilin sentyabr ayının 19-20-də həyata keçirilmiş lokal xarakterli antiterror əməliyyatı Azərbaycanın hərbi-siyasi gücünü bütün dünyaya göstərdi və uzun illər işğal altında olan torpaqlarımız azad olundu. Bu zəfər yalnız ərazi bütövlüyümüzün bərpası deyil, həm də regionda yeni reallıqların formalaşması demək idi. Həmin reallıqların ən mühüm nəticələrindən biri isə kommunikasiyaların açılması, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında quru əlaqəsinin bərpası, başqa sözlə, Zəngəzur dəhlizinin aktuallaşması oldu.Ulu Öndər Heydər Əliyev hələ hakimiyyətdə olduğu dövrlərdə Azərbaycanın geostrateji mövqeyini gücləndirmək üçün böyük uzaqgörənliklə addımlar atır, ölkənin gələcəyini təmin edəcək strateji layihələrə imza atırdı. Onun “Əsrin müqaviləsi” ilə Azərbaycanı qlobal enerji xəritəsinə çıxarması, müstəqilliyin ilk illərində ölkəni xaosdan xilas etməsi və milli dövlətçiliyi möhkəmləndirməsi bu gün də öz bəhrəsini verir. Ulu Öndər Heydər Əliyev hər zaman türkdilli ölkələrlə birliyin möhkəmləndirilməsini, Azərbaycanın Şərq və Qərb arasında körpü rolunu oynamasını prioritet sayırdı. Zəngəzur məsələsinə də o, həmişə xüsusi yanaşır, bunun Azərbaycanın gələcək strateji maraqları baxımından mühüm olduğunu vurğulayırdı. Onun uzaqgörən siyasəti nəticəsində Azərbaycan regionda əsas söz sahibinə çevrilmiş, elə bir siyasi irs qoymuşdur ki, bu gün Prezident İlham Əliyev həmin kursu daha da inkişaf etdirərək yeni tarixi qələbələr qazanır.Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan 2003-cü ildən etibarən sürətli inkişaf mərhələsinə qədəm qoydu. Güclü iqtisadi baza yaradıldı, enerji və nəqliyyat layihələri həyata keçirildi, ölkə beynəlxalq müstəvidə etibarlı tərəfdaş kimi tanındı. Prezident İlham Əliyevin həyata keçirdiyi uğurlu diplomatiya nəticəsində Azərbaycan həm diplomatik, həm də hərbi sahədə mövqelərini möhkəmləndirdi. 2020-ci ildə qazandığımız Zəfər isə bu siyasətin məntiqi nəticəsi oldu. Qarabağın azad olunması ilə Azərbaycan öz milli qürurunu bərpa etdi, ədaləti təmin etdi və regionda söz sahibinə çevrildi. Bunun ardınca 2023-cü ildə keçirilən lokal antiterror tədbirləri ilə separatizmin qalıqları birdəfəlik məhv edildi. Beləliklə, Azərbaycanın qarşısında yeni strateji imkanlar açıldı ki, bunların başında Zəngəzur dəhlizi dayanır.Zəngəzur dəhlizi Azərbaycanın yalnız Naxçıvanla birləşməsini təmin etmir, həm də bütövlükdə türk dünyasının inteqrasiyası üçün qapı rolunu oynayır. Bu dəhliz vasitəsilə Türkiyə ilə birbaşa quru əlaqəsi yaranacaq, Mərkəzi Asiya ölkələri ilə logistika xətləri möhkəmlənəcək. Bakı-Tbilisi-Qars dəmir yolu, Şimal-Cənub və Şərq-Qərb nəqliyyat dəhlizləri ilə inteqrasiya olunacaq Zəngəzur xətti Azərbaycanın tranzit imkanlarını qat-qat artıracaq. İqtisadi cəhətdən bu, ölkəmizə böyük gəlirlər gətirəcək, siyasi baxımdan isə Azərbaycanın geosiyasi rolunu əhəmiyyətli dərəcədə yüksəldəcək.Region dövlətləri üçün də bu dəhliz mühüm əhəmiyyət kəsb edir. Türkiyə Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiyaya çıxış əldə edəcək, MərkəziAsiya respublikaları isə Avropaya daha qısa və təhlükəsiz marşrut qazanacaqlar. Çin “Bir kəmər, bir yol” təşəbbüsünü daha effektiv şəkildə həyata keçirə biləcək, Rusiya isə regionla əlaqələrini yeni xətt üzərindən qura biləcək. Bu baxımdan Zəngəzur dəhlizi qlobal maraqların kəsişdiyi bir nöqtəyə çevrilir.Azərbaycanın apardığı uğurlu siyasət nəticəsində Zəngəzur dəhlizinin beynəlxalq miqyasda dəstəklənməsi istiqamətində mühüm addımlar atılmışdır. 2025-ci ilin 8 avqustunda Vaşinqtonda Azərbaycan və Ermənistan liderləri, eləcə də şahid kimi ABŞ Prezidenti tərəfindən imzalanan Birgə Bəyannamə və paraflanan sülh sazişi təkcə Cənubi Qafqazın deyil, ümumilikdə dünyanın geosiyasi mənzərəsində ciddi dəyişikliklərə yol açıb. Görüş zamanı əldə edilən tarixi uğurlardan biri də Ermənistan ərazisindən keçərək Azərbaycanın əsas hissəsini onun Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) layihəsinin razılaşdırılmasıdır. TRIPP təşəbbüsü region ölkələrinin, o cümlədən Azərbaycanın qlobal nəqliyyat şəbəkəsinə daha sıx inteqrasiyasını nəzərdə tutur. Bu marşrut Zəngəzur dəhlizi ilə sinxronlaşdırılaraq həm enerji, həm də yükdaşımalar sahəsində yeni əməkdaşlıq perspektivləri açır. Bəyannamədə sülh, təhlükəsizlik və qarşılıqlı iqtisadi fayda prinsipləri əsas götürülür, Azərbaycan isə bu layihədə açar dövlət kimi çıxış edir. TRIPP-in reallaşması ilə Azərbaycan sadəcə regional yox, həm də qlobal miqyasda nəqliyyat-logistika mərkəzinə çevriləcək. TRIPP marşrutu eyni zamanda Azərbaycanın qazandığı zəfərlərin beynəlxalq miqyasda təsdiqi kimi də qiymətləndirilə bilər. Çünki Azərbaycan artıq təkcə öz milli maraqlarını deyil, həm də beynəlxalq sülh və rifah naminə təşəbbüslər irəli sürən, qlobal iqtisadi inteqrasiyaya töhfə verən bir aktor kimi çıxış edir. Bu isə Prezident İlham Əliyevin liderliyinin və ölkəmizin artan nüfuzunun bariz göstəricisidir. Bütün bu proseslər bir daha sübut edir ki, Azərbaycan Ulu Öndər Heydər Əliyevin müəyyən etdiyi strateji kursa sadiq qalaraq, Prezident İlham Əliyevin qətiyyətli siyasəti ilə regionun lider dövlətinə çevrilmişdir. Zəngəzur dəhlizi bu uğurlu yolun ən mühüm strateji nailiyyətlərindən biri olacaq. Bu dəhliz açıldıqdan sonra Azərbaycan yalnız iqtisadi baxımdan deyil, həm də siyasi, mədəni və ideoloji cəhətdən türk dünyasının təbii lideri mövqeyini daha da gücləndirəcək.Beləliklə, Zəngəzur dəhlizi Azərbaycanın milli maraqlarının təntənəsi, regionun inteqrasiyasının açarı və qlobal geosiyasətdə yeni balansın əsas elementidir. Bu dəhliz həm də Ulu Öndər Heydər Əliyev siyasi irsinin, Prezident İlham Əliyevin uğurlu fəaliyyətinin məntiqi nəticəsi olaraq tarixə düşəcək. Azərbaycanın qazandığı zəfərlər və imzalanmış beynəlxalq bəyannamələr bir daha göstərir ki, gələcək onilliklərdə ölkəmiz yalnız regionun deyil, dünyanın ən mühüm nəqliyyat və enerji mərkəzlərindən birinə çevriləcək. Zəngəzur dəhlizi isə bu möhtəşəm gələcəyin qızıl açarıdır”.
Müəllif: Səbinə Hüseynli