PDF Oxu

Siyasət

  • 1 180

Qələbəmiz xalqımızın əbədi qürur mənbəyidir

image

Azərbaycanın dövlətçilik tarixinə qızıl hərflərlə yazılmış 20 Sentyabr tarixi, Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərinin tam suverenliyimizin bərpa olunması ilə yenidən Azərbaycanın ümumi həyatına inteqrasiya edildiyi gün kimi qeyd olunur. Bu əlamətdar tarix, Azərbaycan Ordusunun 2023-cü ilin sentyabr ayında həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində ölkənin suverenliyinin bərpası və separatizmin tamamilə aradan qaldırılması ilə yadda qaldı.

1990-cı illərin əvvəllərində Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzü nəticəsində bu ərazilər uzun illər ərzində işğal altında qalmış və Azərbaycan xalqına qarşı ağır cinayətlər törədilmişdirBu illər ərzində işğalçı siyasət nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri Azərbaycan dövlətinin real nəzarətindən kənarda qalmış, lakin heç vaxt hüquqi statusunu itirməmişdir. Azərbaycan dövləti daim bu ərazilərin azad olunmasını və orada yaşayan əhalinin təhlükəsiz şəraitdə qayıdışını qarşısına əsas hədəf qoymuşdur.
2020-ci ildə əldə edilən tarixi Zəfər nəticəsində Azərbaycan 30 illik işğala son qoyaraq, ərazi bütövlüyünü təmin etdi. 2023-cü ilin 19-20 sentyabr tarixlərində həyata keçirilən lokal xarakterli antiterror tədbirləri isə ölkə daxilində separatçılığa tamamilə son qoydu. Bu tədbirlər nəticəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycan Respublikasının suveren hüquqları bərpa olundu və üçrəngli bayrağımız həmin ərazilərdə dalğalandı.Ölkə Prezidenti cənab İlham Əliyevin dəfələrlə vurğuladığı kimi, “Azərbaycan öz ərazi bütövlüyünü təkcə döyüş meydanında deyil, həm də siyasi iradəsi və beynəlxalq hüquqa əsaslanan mövqeyi ilə təmin etmişdir.”
Bu ərazilərdə artıq Azərbaycan dövləti tərəfindən genişmiqyaslı yenidənqurma və bərpa işləri həyata keçirilir. İnfrastruktur layihələri, sosial obyektlərin bərpası, mina təmizləmə prosesi və təhlükəsiz mühitin yaradılması istiqamətində davamlı addımlar atılır. “Böyük Qayıdış” proqramı çərçivəsində yaxın illərdə bu şəhərlərə köç başlayacaq və həyat yenidən canlanacaq. Xankəndi şəhərində artıq dövlət qurumlarının fəaliyyəti təşkil edilmiş, məktəb və səhiyyə müəssisələrinin bərpası istiqamətində konkret layihələr reallaşdırılır. Eyni zamanda, Xocalı şəhərində soyqırımı qurbanlarının xatirəsinə ucaldılacaq memorial kompleksin layihəsi üzərində işlər aparılır.
20 Sentyabr təkcə ərazilərin azad olunması deyil, həm də milli birliyimizin, dövlətimizin gücünün və xalqımızın iradəsinin təntənəsidir. Bu gün Azərbaycan xalqı qalib xalq kimi öz tarixinə sahib çıxır və ədalətin gec də olsa bərpa olunmasına şahidlik edir. Bu əlamətdar günün qeyd olunması, gələcək nəsillərə həm tarixi yaddaşın ötürülməsi, həm də Vətənə olan bağlılığın gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
20 Sentyabr – Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərləri günü Azərbaycan tarixində dönüş nöqtəsi, dövlət suverenliyinin təntənəsi və xalqımızın qələbə əzminin rəmzidir. Bu gün biz yalnız torpaqlarımızı deyil, həm də milli qürurumuzu, haqq və ədalətə olan inamımızı bərpa etmişik.

Rövşən Əhmədov
YAP Ağcabədi rayon təşkilatının sədri

Digər xəbərlər