44 günlük Vətən müharibəsində Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti, xalqımızın inamı və ordumuzun gücü, qüdrəti ilə Zəfər tariximizı yazdıq. Ali Baş Komandanımızın rəhbərliyi ilə ordumuz Ermənistana böyük zərbə vurdu və əzəli torpaqlarımız işğaldan azad olundu. Bu gün işğaldan azad olunan torpaqlarımızda üçrəngli bayrağımız dalğalanır. Azərbaycanın iqtisadi gücü, dinamik inkişafı işğaldan azad olunan ərazilərimizdə abadlıq-quruculuq işlərini sürətləndirir. Vaxtilə "Qarabağ Ermənistandır", - deyən Ermənistan rəhbərliyi öz məğlubiyyətini qəbul etməyə məcbur olmuşdur və 2020-ci ilin noyabrın 10-da kapitulyasiya aktı Ermənistan tərəfindən imzalandı. 2020-ci ilin noyabrın 10-da Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin birgə imzaladığı bəyanatla, 10 noyabr 2020-ci il tarixində Qarabağ münaqişəsi zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması elan olundu. Bununla da Ermənistan-Azərbaycan Qarabağ münaqişəsinə son qoyulub. Bəyanata əsasən, Ağdam, Kəlbəcər və Laçın rayonları sülh yolu ilə Azərbaycana qaytarılıb. Dekabrın 1-i 2020-ci il tarixində strateji əhəmiyyətə malik Laçın rayonu Azərbaycana qaytarıldı. "Biz Laçını həm döyüş meydanında, həm siyasi yollarla qaytardıq", - deyə Prezident çıxışlarının birində bildirmişdir. 2022-ci il avqustun 26-da isə Laçın şəhəri, Zabux və Sus kəndləri Azərbaycanın nəzarətinə keçdi. Bu gün abadlıq-quruluq işləri uğurla davam edir.
44 günlük Vətən müharibəsində qazanılmış Zəfərdən sonra Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daimi diqqəti və nəzarəti altında işğaldan azad edilmiş ərazilərdə müasir şəhərsalma siyasətinə əsaslanan geniş tikinti-quruculuq işləri aparılır. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı" və "İşğaldan azad edilmiş ərazilərin Ümumi planı"na əsasən Şərqi Zəngəzur və Qarabağ iqtisadi rayonlarında yerləşən yaşayış məntəqələrinin Baş planları hazırlanıb.
Bu gün Azərbaycan xalqı rahat nəfəs alır. İşğal altında olan torpaqlarımız azad olunub. "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı"nın icrası nəticəsində nəzərdə tutulan hədəf göstəricilərinə uyğun olaraq 2026-cı ilədək ərazilərdə görüləcək işlər əhalinin təhlükəsizliyinin təmin olunmasına, eləcə də etibarlı, keyfiyyətli və dayanıqlı infrastrukturla təminatın həyata keçirilməsinə su, qaz, elektrik, istilik və s. infrastrukturun yenidən qurulmasına və s. yönəldilib.
LAÇIN ŞƏHƏRİNƏ DAHA 20 AİLƏ - 86 NƏFƏR KÖÇÜRÜLDÜ
Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, Laçın şəhərinə növbəti köç karvanı yola salınıb. Respublikanın müxtəlif ərazilərində yataqxana, sanatoriya, pioner düşərgəsi, yarımçıq tikililər və inzibati binalarda müvəqqəti məskunlaşmış ailələrdən ibarət növbəti köç karvanı sentyabrın 23-də Bakı şəhərinin Qaradağ rayonundan yola salınıb. Bu mərhələdə Laçın şəhərinə daha 20 ailə - 86 nəfər köçürülüb.
Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan ordusunun qazandığı Zəfər nəticəsində məcburi köçkünlərin 30 ildən sonra könüllü, təhlükəsiz və ləyaqətlə doğma yurdlarına qayıtmasına imkan yaranıb. Doğma yurda qayıdan Laçın sakinləri hərtərəfli dövlət qayğısı ilə əhatə olunublar.
"LAÇININ İŞĞAL ALTINA DÜŞMƏSİ AZƏRBAYCANDA ÇOX CİDDİ SİYASİ BÖHRANA SƏBƏB OLMUŞDUR"
18 may 1992-ci ildə Ermənistan Silahlı Qüvvələri Laçını işğal etdi və işğal ilə əlaqədar rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdir. Ölkəmizin ən böyük rayonlarından biri olan Laçın zəngin təbiəti, tarixi abidələri, yeraltı sərvətləri ilə zəngin olan bir diyardır. Azərbaycanın cənub-qərbində, dağlıq ərazidə yerləşən Laçın şimaldan Kəlbəcər, şərqdən Xocalı, Şuşa və Xocavənd, cənubdan Qubadlı rayonları, qərbdən isə Ermənistanla həmsərhəddir. Rayon respublikamızın təbii sərvətlərilə zəngin guşələrindəndir. Ərazisində dünyada nadir ağac növlərindən hesab olunan qırmızı dəmirağac meşələri, çox sayda mineral su bulaqları, kobalt, uran, civə, qızıl, dəmir, müxtəlif rəngli mərmər yataqları, cürbəcür dərman bitkiləri vardır. Laçın rayonunun 22 min hektarı meşə sahəsidir.
Təbii ki, işğaldan azad olunan ərazilərimiz kimi Laçın da tamamilə dağıdılıb. Dövlət başçımız Laçının işğalı ölkəmiz üçün böyük faciə idi, laçınlılar üçün böyük faciə idi, - deyərək, bunun AXC-Müsavat xəyanətkar cütlüyünün növbəti çirkin xəyanəti olduğunu qeyd etmişdi: "AXC-Müsavat cütlüyü hakimiyyətə can atırdı, istənilən yollarla hakimiyyəti zəbt etməyə çalışırdı və torpaqların Ermənistana verilməsi, satılması faktiki olaraq onların bu çirkin niyyətə çatmaları üçün bir fürsət idi. Onlar bunu belə qiymətləndirirdilər - hesab edirdilər ki, əgər Azərbaycan xalqı böyük bir sarsıntı keçirərsə, onlar üçün əlavə şanslar yaranacaq. Əfsuslar olsun ki, belə də oldu. Şuşanın, ondan sonra Laçının işğal altına düşməsi Azərbaycanda çox ciddi siyasi böhrana səbəb olmuşdur".
20 İL ƏRZİNDƏ ŞƏHƏR ƏRAZİSİ GENİŞLƏNƏRƏK 713 HEKTARA ÇATDIRILACAQ
44 günlük Vətən müharibəsində qısa bir zamanda uğurlu əməliyyatlar nəticəsində Ermənistanın 30 ilə yaxın davam edən işğalçılıq siyasətinə son qoyuldu. Prezident İlham Əliyevin 2023-cü il 31 iyul tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının işğaldan azad edilmiş əraziləri üzrə şəhər günləri təsis edildi. Sözügedən Sərəncama əsasən 26 avqust Laçın Şəhəri Günüdür. Bu gün işğaldan azad olunan ərazilərimizə, eləcə də Laçına Böyük Qayıdış başlayıb. Laçın yeni qaynar, dövrünü yaşayır. Azad Laçında abadlıq-quruculuq işləri sürətlə davam etdirilir. Yeni yollar salınır, infrastruktur qurulur, kəndlər, qəsəbələr bərpa edilir. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı İlham Əliyevin nəzarəti altındadır. Laçının Baş Planına əsasən, 20 il ərzində şəhər ərazisinin genişlənərək 713 hektara, əhali sayının isə 18 min nəfərə çatacağı proqnozlaşdırılıb. Baş planın konseptual əsasını "Təbiətlə vəhdətdə olan şəhər" yanaşması təşkil edir. Plana əsasən, Laçın şəhəri "ağıllı idarəetmə", müasir qabaqcıl təhsil və inklüziv mobillik həlləri ilə seçilən davamlı və innovativ mərkəzə çevriləcək. Baş Plan layihəsində təbii yaşıllıqlarla əhatələnmiş şəhərin tarixən mövcud olmuş təxminən 258 hektar məskunlaşma ərazisində həyətyanı sahəsi olan fərdi evlərə üstünlük verilib. Bununla yanaşı, çoxfunksiyalı zonalarda və digər yaşayış ərazilərində çoxmənzilli binaların tikilməsi təklif edilir. Laçında indiyədək bir sıra infrastruktur layihələri icra edilib. Şəhər ərazisində 7 park salınır ki, onların da artıq ikisində işlər tamamlanıb. Eyni zamanda, yollar relyefə uyğun olaraq genişləndirilib, işıqlandırma işləri görülüb. Şəhərin işıqlandırılması müasir modelə tam uyğunlaşdırılıb. Yeni yollar salınır, infrastruktur qurulur, kəndlər, qəsəbələr bərpa edilir. Planlı və sistemli şəkildə görülən bütün işlər bilavasitə dövlətimizin başçısı Prezident İlham Əliyevin nəzarəti altındadır. İşğaldan azad olunmuş ərazilərimizin inkişafını daim xüsusi diqqətdə saxlayan Prezident İlham Əliyev Laçın rayonuna səfərləri zamanı dövlətimizin başçısı "Qorçu" və "Laçın" şəhər yarımstansiyalarının, Laçın şəhərində 1 Dekabr, Heydər Əliyev, Zəfər və 28 May, Xosrov bəy Sultanov və Zəngəzur küçələrinin kəsişmələrindəki lövhələrin açılışını edib. Şəhərdə xəstəxana, İşğal və Zəfər muzeylərinin yerləşəcəyi Memorial Park, həmçinin mədəniyyət və turizm obyektləri də yaradılacaq. Laçın şəhərində əhalinin istirahətinin səmərəli təşkili istiqamətində də tədbirlər həyata keçirilir. Artıq Həkəri çayında astana və göl yaradılıb. Gölün üzərində asma körpü inşa edilib, ətrafında yaşıllıqlar salınıb, kotteclər tikilib. Laçında Kiçik Su Elektrik stansiyalarının açılışı, Laçın rayonunun sənaye zonasında mebel fabrikinin açılışı, "Hoçazfilm" yaradıcılıq studiyasının çəkiliş pavilyonunun açılışı, Laçın rayon 2 nömrəli tam orta məktəbin əsaslı təmirdən sonra açılışı, "Həkəri Balıq Təsərrüfatı"nın açılışı, "AzərEnerji" ASC-nin "Zabux" və "Qarıqışlaq" Kiçik Su Elektrik stansiyalarının (KSES) açılışları, eləcə də bir sıra məkanların təməlqoyma mərasimləri Laçında aparılan abadlıq-quruculuq işlərinin təzahürüdür. Bütün bunlarla yanaşı, dövlət başçısı tərəfindən Güləbird və Qorçu kəndlərinin Baş planı təsdiqlənib. Güləbird kəndində ümumilikdə 581 ailənin məskunlaşması planlaşdırılıb. Layihələndirilən ərazinin ümumi sahəsi 172 hektardır. Dövlət başçısının bildirdiyi kimi, Laçın rayonuna təqribən 10 minə yaxın, bəlkə də çox keçmiş köçkünü yerləşdiriləcəkdir.
Müharibədən ötən müddət ərizində görülən işlər bu ərazilərdə əzəli sakinlərin tam yaşayışının təmin edilməsinin təzahürüdür. Görülən bu və ya digər işlər göstərir ki, ədaləti bərpa edən Azərbaycan bölgədə sülh və təhlükəsizliyə əsaslanan siyasətini uğurla davam etdirərək, genişmiqyaslı quruculuq-abadlıq işlərini də uğurla davam etdirir.
Zümrüd BAYRAMOVA