Azərbaycan tarixində 20 sentyabr mühüm və yaddaqalan tarixi günlərdən biridir. Məhz bu gün Xankəndi, Xocalı, Xocavənd və Ağdərə şəhərlərində Azərbaycanın dövlət suverenliyi bərpa olunmuşdur. 2023-cü ilin sentyabr ayının 19-20-də keçirilən lokal antiterror tədbirləri nəticəsində, Qarabağın erməni silahlı birləşmələri tərksilah edildi və Azərbaycan Respublikasının konstitusiya quruluşu bu bölgələrdə tam bərpa olundu.
Xankəndinin Azərbaycanın nəzarətinə keçməsi, həm siyasi, həm də mənəvi baxımdan Qarabağ üzərində tam suverenliyin rəmzinə çevrildi. Xocalının azad olunması Azərbaycan xalqının uzun illərdir gözlədiyi ədalətin təntənəsidir. Xocalı faciəsinin baş verdiyi bu torpaq artıq əmin-amanlıq və dirçəliş dövrünə qədəm qoyur. Bu şəhərlərin işğaldan azad olunması ilə bölgədə dayanıqlı sülh və sosial-iqtisadi inkişaf üçün zəmin yaradılmışdır.
20 sentyabr günü həm də Azərbaycanın siyasi iradəsinin, ordusunun gücünün və xalqının birliyinin bariz nümunəsidir. Bu ərazilərin bərpası, infrastrukturun qurulması və keçmiş məcburi köçkünlərin geri dönüşü istiqamətində dövlət səviyyəsində genişmiqyaslı işlər aparılır. 20 sentyabr xalqımızın milli həmrəyliyinin, Prezident–xalq–ordu birliyinin təntənəsinə çevrilmişdir.
Bu ərazilər uzun illərdir Ermənistanın işğalçı siyasəti nəticəsində nəzarətdən kənarda qalmış, orada qondarma və qeyri-legitim strukturlar formalaşdırılmışdı. Ancaq 44 günlük Vətən müharibəsi ilə başlayan zəfər yolu, 2023-cü ilin sentyabrında Azərbaycanın tam qələbəsi ilə yekunlaşdı. 20 sentyabr tarixi təkcə hərbi-siyasi uğur deyil, həm də tarixi ədalətin, milli ləyaqətin və xalqın iradəsinin təntənəsidir.
Eyni zamanda, bu gün Azərbaycan regionda sülh və sabitliyin əsas təminatçısı kimi çıxış edir. Xankəndi, Xocalı, Xocavənd və Ağdərədə dövlət suverenliyinin bərpa olunması ilə bölgədə separatizmin sonuna nöqtə qoyulmuş, Azərbaycanın beynəlxalq hüquq çərçivəsində haqlı mövqeyi tam şəkildə təsdiqlənmişdir.
Şəhər gününüz mübarək: Əziz Xankəndi, Xocalı, Xocavənd və Ağdərə!
Nazim BÜNYATOV
YAP Ağcabədi rayon təşkilatının sədr müavini